Mayın 1-dən 6-dək Nizami Kino Mərkəzində IV Britaniya film bahar festivalında Britaniya kinematoqrafiyasının uğur qazanmış ən yaxşı ekran əsərləri tamaşaçılara təqdim ediləcək.Azərtac xəbər verir ki, festival “British Council Azerbaijan”ın ölkəmizdə fəaliyyətinin 25-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər çərçivəsində təşkil olunur.“British Council Azerbaijan”, Böyük Britaniyanın ölkəmizdəki səfirliyi və Nizami Kino Mərkəzinin birgə əməkdaşlığı ilə reallaşacaq festival çərçivəsində bir-birindən maraqlı və fərqli 8 film - “Nəfəs al”, “Dafna”, “Korluq haqqında qeydlər”, “Devid Boui”, “Tutqun işıqlar şəhəri”, “İngiltərə mənimdir”, “Baxıcı” və “Əyri ev” nümayiş olunacaq.“British Council Azerbaijan”ın direktoru Elizabet Uayt IV Britaniya film bahar festivalı ilə bağlı fikirlərini bölüşüb. O deyib: “Builki festival üçün maraqlı filmlər seçilib. Ümid edirəm ki, Bakı tamaşaçıları bu möhtəşəm filmləri izləmək fürsətini qaçırmazlar. Biz Britaniya filmlərini və film rejissorlarını Azərbaycan tamaşaçılarına təqdim etmək, innovasiyalar, fərqlilik və mükəmməllik yaratmaq və yaradıcılıq mübadiləsi üçün imkanlar axtarmaq istəyirik”.Böyük Britaniyanın ölkəmizdəki səfiri Karol Krofts isə bildirib: “Birləşmiş Krallığın film sənayesi ötən ildə tamaşaçıların həyəcanla izlədiyi dramlar, blokbasterlər və komediyalarla yadda qalıb. Bu il Britaniya filminin tamaşaçı auditoriyasının artması ilə də əlamətdardır”.Festival çərçivəsində, həmçinin seminar da təşkil ediləcək.xeber100.com