Musiqili Teatr “Amerikalı kürəkən”ı təqdim edir…

Azərbaycan Dövlət Musiqili Teatrı aprelin 29-da Ramiz Mirişli və Marat Haqverdiyevin "Amerikalı kürəkən" iki hissəli musiqili komediyasını təqdim edəcək.  Teatrdan verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru  İlham Namiq Kamaldır. İ.N.Kamal bildirib ki, bu əsərin ən böyük özəlliklərindən biri də günümüzlə səsləşməsi, aktuallığıdır: "Söz yox ki, hər bir valideyn övladının xoşbəxtliyini istəyir. Amma burada bir incə məqam var: bəzilərinə elə gəlir ki, xoşbəxtlik təkcə qır-qızılda, var-dövlətdə, imtiyaz sahibi olmaqdadır. Əlbəttə ki, bu, çox yanlış bir fikirdir. Və bizim əsərin qəhrəmanı olan ana - Tünzalə xanım da bu cür yanlış düşüncədə olan insanlardandır. O, qızını varlı, malı-dövləti başından aşan birisinə ərə vermək istəyir. Qızı Reyhan isə başqa birisini - ingilis dili müəllimi olan Kamranı sevir. Reyhan anasının onun kasıb bir müəllimlə evlənməsinə heç cür razı olmayacağını görüb Kamranla birgə Tünzalə xanım üçün oyun qururlar. Elə əsl məzhəkə də bundan sonra başlayır. Yeri gəlmişkən, qeyd edim ki, Tünzalə obrazını tanınmış müğənnimiz, əməkdar artist Almaz xanım Ələsgərli ifa edir".Qeyd edək ki, Almaz Ələsgərli Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyorluğu fakültəsini bitirib. İlk dəfə 1985-ci ildə - tələbə ikən məhz Musiqili Teatrda səhnəyə çıxıb və Emin Sabitoğlu və Xalidə Hasilovanın "Nəğməli könül" əsərində baş qəhrəmanı - Könül obrazını canlandırıb. Sonra uzun müddət teatrdan uzaq düşən A.Ələsgərli əsasən müğənnilik fəaliyyəti ilə məşğul olub. Bu yaxınlarda yenidən teatrda işləmək arzusu ilə Azərbaycan Dövlət Musiqili Teatrına müraciət edib. Artıq o, Musiqili Teatrın aktrisasıdır. "Amerikalı kürəkən" iki hissəli musiqili komediyasının quruluşçu-dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Nabat Səmədova, quruluşçu-baletmeysterləri Leyla və Zakir Ağayevlər, şeirlərin müəllifi xalq şairi Fikrət Qoca, xormeysteri əməkdar artist Vaqif Məstanov, dirijoru Fəxrəddin Atayev, konsertmeysteri Nərminə Əbdürəhmanova, rejissor assistenti isə Tamilla Aslanovadır. Tamaşada rolları xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, əməkdar artistlər Novruz Qartal, Almaz Ələsgərli, Əkbər Əlizadə, aktyorlar Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Səməd Xasıyev, Pərviz Məmmədov, Gültac Əlili, Ağaxan Şərifov, Ruslan Mürsəlov, Gülnarə Əzizova, Gülçöhrə Abdullayeva, Nigar Qarayeva və Gülnarə Kərimbəyova ifa edirlər.xeber100.com    

Aprel 18, 2016 12:50

106-cı mövsüm…

Azərbaycan Dövlət Musiqili Teatrı 106-cı teatr mövsümünün sonuna qədər olan müddət üçün repertuar planını açıqlayıb. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, Bədii Şuranın üzvləri aprel, may, iyun, iyul ayları üçün Musiqili Teatrın repertuar və iş planını təsdiqləyib. Bu müddət ərzində teatrın repertuarında olan təqribən 20 tamaşa 70 dəfədən çox nümayiş etdiriləcək. Tamaşaçıların böyük maraq və sevə-sevə izlədiyi tamaşalar - “O olmasın, bu olsun” (Ü. Hacıbəyli), “Ər və arvad” (Ü. Hacıbəyli), “Qızıl toy” (O. Kazimi, R. Heydər), “Baladadaşın toy hamamı” (Elçin), “Mən dəyərəm min cavana” (F. Sücəddinov, T. Vəliyeva), “www-ferzeli-kef.com” (E. Sabitoğlu, C. Məmmədov), “Qısqanc ürəklər” (R. Mirişli, M. Haqverdiyev), “Kimdir müqəssir?” (Ə. Haqverdiyev), “Talelər qovuşanda” (R. Hacıyev, E. Ocaqov, F. Zöhrabov), “Amerikalı kürəkən” (R. Mirişli, M. Haqverdiyev) və başqa səhnə əsərləri təqdim ediləcək. Habelə rusdilli və balaca tamaşaçılar “Qafqazlı qardaşqızı” (R. Hacıyev), “Skapenin kələkləri” (J.B. Molyer), “Fransız sayağı qarnir” (M. Kamoletti), “Düyməcik” (H.K. Anderson), “Qızıl cücə” (V. Ulanovski, V. Orlov), “Yağış göbələyinin macərası” (R. Şəfəq, V. Zimin), “Qırmızıpapaq” (E. Sabitoğlu, Y. Şvarts), “Dəcəl çəpişlər” (O. Zülfüqarov, R. Heydər), “Bir dayan canavar” (R. Ağayeva, A. Xayt, A. Kurlyanski) və başqa tamaşaları izləyə biləcəklər.  

Mart 29, 2016 2:40

Azərbaycan teatrı 2009-2019-cu illərdə

Xəbər100. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının icrası, Azərbaycan teatrının dünya mədəniyyətinə inteqrasiyası, milli teatr sənətinin inkişafının, teatr sənətinin bütün janrları və peşə istiqamətləri üzrə gənclərin dəstəklənməsi, kadr hazırlığı, əlavə təhsil sisteminin təkmilləşdirilməsi və istedadlı gənclərin xarici dövlətlərdə məqsədli təhsilinə şərait yaradılması üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yeni layihənin icrasına başlanılacaq. Nazirlikdən  bildirilib ki, Rusiyanın dünyaca məşhur Yevgeni Vaxtanqov adına Dövlət Akademik Teatrı nəzdində Boris Şukin adına Teatr İnstitutunda Azərbaycan Respublikası üçün məxsusi hədəf kursularına tələbə qəbulu keçiriləcək. Bu barədə tərəflər arasında müqavilə imzalanıb. Kursun rəhbəri Rusiyanın Əməkdar İncəsənət Xadimi, professor Mixayıl Borisovdur. Qəbul əsasən iki ixtisas istiqaməti üzrə müəyyənləşdirilib: Dram teatrı və kino artisti – qəbul sayı 15 nəfər (təhsil müddəti - 4 il); Teatr rejissorluğu – qəbul sayı 5 nəfər (təhsil müddəti – 5 il). İnstituta qəbul 2016-cı ilin iyul ayında Moskvadan dəvət olunmuş peşəkar şəxslərdən ibarət xüsusi imtahan komissiyası tərəfindən həyata keçiriləcək. Qəbul olunan şəxslərin illik təhsil haqqı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ödəniləcək. Qəbulla bağlı ətraflı məlumat üçün Azərbaycan Teatr Xadimləri İttifaqına müraciət etmək olar.  

Fevral 12, 2016 1:46