XVIII Beynəlxalq konqresi öz işinə başlayıb

Sentyabrın 11-də Azərbaycan Tibb Universitetində (ATU) Cərrah və Qastroenteroloqların Beynəlxalq Avrasiya Elmi Cəmiyyətinin XVIII Beynəlxalq konqresi öz işinə başlayıb. Tədbir Azərbaycan Cərrah və Qastroenteroloqlar Cəmiyyətinin mərhum sədri, akademik Böyükkişi Ağayevin əziz xatirəsinə həsr olunub.Azərtac xəbər verir ki, Cərrah və Qastroenteroloqların Beynəlxalq Avrasiya Elmi Cəmiyyətinə üzv olan 25 ölkədən 160 elm xadimi və tibb mütəxəssisinin, eləcə də ölkəmizin tibb ictimaiyyətinin nümayəndələrinin iştirak etdikləri tədbirdə səhiyyə nazirinin müavini Elsevər Ağayev Səhiyyə naziri Oqtay Şirəliyevin konqres iştirakçılarına təbrik məktubunu oxuyub. Nazir müavini çıxışında son 15 ildə Azərbaycanın səhiyyə sahəsində qazandığı uğurlardan danışıb.Tədbirdə çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli bildirib ki, bir çox beynəlxalq əhəmiyyətli tədbirlərin ölkəmizdə keçirilməsi artıq ənənə halını alıb. Bu, Azərbaycanın bütün sahələrdə, o cümlədən səhiyyədə əldə etdiyi uğurlarla bağlıdır. Diqqətə çatdırılıb ki, sentyabrın 14-dək davam edəcək bu beynəlxalq tədbirdə cərrahiyyə və qastroenterologiya sahələrində yeniliklərlə bağlı məruzələr dinləniləcək və müzakirələr aparılacaq. Bu isə ölkələr arasında elmin qarşılıqlı tanınmasında və əlaqələrin qurulmasında böyük əhəmiyyət daşıyır.Konqresdə Cərrah və Qastroenteroloqların Beynəlxalq Avrasiya Elmi Cəmiyyətinin sədri, Ankara Universitetinin rektoru, professor Hasan Özkan çıxış edərək dost və qardaş Azərbaycana xüsusi önəm verdiklərini diqqətə çatdırıb. Qeyd edib ki, Cərrah və Qastroenteroloqların Beynəlxalq Avrasiya Elmi Cəmiyyətinin indiyədək 17 konqresi keçirilib. Bu beynəlxalq tədbirlərin 7-nə Azərbaycan ev sahibliyi edib.H.Özkan məlumat verib ki, rəhbərlik etdiyi cəmiyyətin əsası 1996-cı ildə Antalyada Avropa və Asiyanın türkdilli dövlətlərindən olan alimlərinin milli konqresindəki görüşü zamanı qoyulub. Cərrah və qastroenteroloqların ilk konqresi 1997-ci ildə Bakıda keçirilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dəstəyi ilə keçirilən həmin konqresdə 5 ölkədən 35-ə yaxın alim iştirak edib.Sonra Cərrah və Qastroenteroloqların Beynəlxalq Avrasiya Elmi Cəmiyyətinin XVIII Beynəlxalq konqresi işini sessiyalarda davam etdirib.Sessiyalarda cərrahiyə və qastroenterologiya sahəsindəki son vəziyyət, mövcud problemlər və yeniliklər barədə müzakirələr aparılıb.xeber100.com

Sentyabr 11, 2019 10:33

Bu gün Beynəlxalq Oftalmoloq Günü kimi qeyd olunur

2004-cü ildən avqustun 8-i Beynəlxalq Oftalmologiya Günü və ya Beynəlxalq Oftalmoloq Günü kimi qeyd olunur.Azərtac xəbər verir ki, həmin günün qeyd edilməsi göz cərrahiyyəsi sahəsində çox böyük uğurlara imza atmış böyük rus oftalmoloqu Svyatoslav Fyodorovun doğum günü ilə əlaqədardır.Professor, mikrocərrah-oftalmoloq Rusiya Tibb Elmləri Akademiyasının akademiki Svyatoslav Fyodorov elmi və təcrübi fəaliyyəti əlaqələndirərək göz xəstəliklərinin müalicəsinə bir sıra yeniliklər gətirməklə bu sahədə uğurlar qazanıb. 1994-cü ildə onu XX əsrin görkəmli oftalmoloqu elan ediblər.Beynəlxalq Oftalmologiya Gününün təsis edilməsi ideyası isə Sankt-Peterburq şəhər Tibb Palatasının prezidenti Tamaz Mçelidzeyə məxsusdur. O, həmin gün rus və xarici ölkə oftalmoloqlarına göz xəstələrinə təmənnasız məsləhətlər vermək, göz nurunu itirənlər və ya görmə qabiliyyəti zəif olanların müalicəsi üçün əməliyyatlar aparmaq barədə müraciət edib. Belə bir tədbirin keçirilməsi məşhur göz cərrahı S.Fyodorovun başladığı xeyriyyə işinin davam etdirilməsi və xatirəsinin yad olunması məqsədi daşıyır. Onun təşəbbüsünə təkcə Rusiyada deyil, Yunanıstan, İtaliya, Çexiya, ABŞ və digər ölkələrdə də tərəfdar çıxıblar.Görmə elə duyğu orqanıdır ki, onun itməsi insan üçün əsl faciədir. Görmə qabiliyyətinin pisləşməsi insanın sosial imkanlarını əhəmiyyətli dərəcədə azaldır, ona fiziki və psixoloji problemlər yaradır. Oftalmoloqlar məhz sağlamlığın bu vacib məsələlərinin həlli ilə məşğul olurlar, hərçənd ki, göz xəstəliklərindən əziyyət çəkənlər heç də az deyil.Müasir oftalmoloji diaqnostika üsulları göz xəstəliklərini erkən mərhələlərdə aşkar etməyə, səmərəli müalicə və profilaktika aparmağa imkan verir, lakin mütəxəssislər onun profilaktikası ilə məşğul olmağı daha vacib hesab edirlər.Həkim və mütəxəssislər zərərli vərdişlərdən uzaq olmağı, gözləri Günəşin ultrabənövşəyi şüalarından qorumaq üçün keyfiyyətli gün eynəklərindən istifadə etməyi, qanda şəkərin, təzyiq və xolesterinin səviyyəsini nəzarətdə saxlamağı, A vitamini, Omeqa-3 və antioksidantlarla zəngin məhsullarla qidalanmağı məsləhət görürlər. Həkimlər xüsusilə uşaqların 3D formatında çəkilmiş filmlərə baxmağını məsləhət görmürlər.xeber100.com

Avqust 8, 2019 2:43

Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında təlim keçirilib

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında həkimlər üçün pediatrik xəstələrdə və yenidoğulmuşlarda ağciyərlərin mexaniki ventilyasiyanın tətbiqinə dair təlim keçirilib.ATU-nun mətbuat xidmətindən Azərtac-a verilən məlumata görə, Ankara Universitetinin professoru Ömer Erdeve azərbaycanlı həmkarları ilə davamlı olaraq əməkdaşlıq etdiklərini bildirib. O, bir ay əvvəl başladıqları təlimə yenidən tələbat yarandığını və ona görə də kursu davam etdirmək qərarına gəldiklərini söyləyib.Sonra təlim kursuna başlanılıb və türkiyəli mütəxəssislər - dosent Emel Okulu “Tənəffüz fiziologiyası”, “Qeyri-invaziv ventilyasiya”, professor Tanıl Kendirli isə “Uşaqlarda kəskin tənəffüz çatışmazlığı və müalicə” mövzusunda maraqlı məruzələrlə çıxış ediblər. İnteraktivliyi ilə seçilən təlim kursunda iştirakçıların sualları da ətraflı cavablandırılıb.Həkim-nevroloq, davamlı tibbi təhsil üzrə layihə rəhbəri Mərziyyə Məmmədova bildirib ki, ATU-nun Tədris Cərrahiyyə Klinikası, Elmi Tədqiqat Pediatriya İnstitutu, Ankara Universiteti və "Uptodate İn Medicine" şirkəti ilə birgə təşkil edilən təlim Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunub və iştirak edən həkimin hər birinə 16 kredit balı veriləcək.xeber100.com  

İyul 27, 2019 5:41

Dünya Səhiyyə Təşkilatı xəbərdarlıq edib

Avropa regionunda ağciyər xərçənginin 90 faizinin qarşısını əhalinin siqaretçəkmə vərdişindən qurtulması ilə almaq mümkündür. Azərtac xəbər verir ki, bu xəbərdarlığı Dünya Səhiyyə Təşkilatı (DST) edib. Təşkilatın Avropa bürosunun ekspertləri regionun bütün əhalisini bu zərərli vərdişdən imtina etməyə çağırıblar.DST mütəmadi olaraq bu sahədə tədbirlər həyata keçirir. Mayın 31-də Dünya Tütünsüz Günü qeyd olunur, lakin təşkilat bu mübarizə tədbirlərini ilboyu davam etdirir.Budapeştdə bu məqsədlə “Üç sağlam nəsil” şüarı altında bütün yaşlardan olan insanlar üçün tədbirlər, o cümlədən rəqslər və idman məşğələləri təşkil edilir. Yaxınlıqda qoyulmuş mobil klinikada isə arzu edən hər kəs tibbi müayinədən keçə bilər. Aşqabadda isə DST-nin dəstəyi ilə tütünün zərəri haqqında informasiyaların yayıldığı interaktiv aksiyalar təşkil olunub, Tbilisidə keçirilən mükafatlandırma mərasimində bu sahədə xidmətləri olan həkimlər və səhiyyə sisteminin digər əməkdaşlarına mükafatlar təqdim edilib. Tütünlə mübarizəyə həsr olunmuş ən parlaq tədbirlərdən biri Kiyevdə keçirilib. “Dünyada sərbəst nəfəs al, tütünsüz nəfəs al” şüarı altında təşkil olunan bu tədbir zamanı küçələrdə kütləvi yoqa məşğələləri aparılıb və onlar yerli KİV-də geniş şəkildə işıqlandırılıb.Bu il Dünya Tütünsüz Günü passiv siqaretçəkməyə həsr olunub. DST-nin məlumatına görə, tütün tüstüsündə 4 mindən çox kimyəvi maddə var və onların ən azı 250-si zərərli, 50-si isə kanserogendir. Siqaret çəkənlərin yanından duran insanlar da tüstünün təsirinə və ciddi sağlamlıq riskinə məruz qalırlar. Passiv siqaretçəkmə ürək-damar, nəfəs yolları və ağciyər xərçəngi xəstəliklərinə səbəb ola bilər.xeber100.com

İyul 17, 2019 11:31

Bakı Konqres Mərkəzində beynəlxalq konfrans öz işinə başlayıb

İyunun 27-də Bakı Konqres Mərkəzində “Delta hepatiti” adlı ikigünlük beynəlxalq konfrans öz işinə başlayıb.Azərtac xəbər verir ki, konfrans Azərbaycan Qastroenteroloqlar və Hepatoloqlar İctimai Birliyi tərəfindən təşkil olunub və ilk dəfədir ki, Asiya-Sakit Okean Qaraciyər Tədqiqatları Assosiasiyasının platformasında qurulub.Azərbaycan Qastroenteroloqlar və Hepatoloqlar İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Gülnarə Ağayeva KİV nümayəndələrinə müsahibəsində bildirib ki, tədbirin mövzusu çox nadir, lakin son illər ərzində çox təhlükəli sayılan qaraciyər virusudur: “Beynəlxalq konfransın işində 30-dan artıq ölkədən ümumilikdə 500-dən çox iştirakçı var. Konfransın devizi "Qələbə üçün birləşək" adlanır. Nadir sayılan D hepatitinin çox ağır fəsadları olur. Problemin vacibliyi ondan ibarətdir ki, bu xəstəlik uzun illər heç bir simptomu olmadan inkişaf edir və çox qısa vaxt ərzində qaraciyərin sirrozu ilə nəticələnir. Mövzunun vacibliyini nəzərə alaraq tədbiri həyata keçirmək üçün iki il öncə Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etdik və dəstək aldıq. Bu, Mehriban xanımın hər zaman olduğu kimi əhalinin sağlamlığına, tibb elminin inkişafına qayğısının təzahürüdür. Məqsədimiz öz həkimlərimizi maarifləndirək, yeni informasiyaları Bakıda və regionlarda da yayaq, insanlara kömək edək. Bunun da nəticəsində həkimlərimiz daha da ixtisaslaşacaq. Konfrans çərçivəsində bu xəstəliyin sosial problemləri də müzakirə olunacaq. Bu sahədə ən təcrübəli mütəxəssislər, professorlar Masao Omata (Yaponiya), Anna Lok, Robert Giş, Cefri Glen (hamısı ABŞ-dan), Sayed Hamid (Pakistan), Abdulkadır Dokmeci, Deniz Balci, Cihan Yurdaydın (hamısı Türkiyədən) və başqaları konfransda çıxış edib, müzakirələr aparacaqlar”.Konfrans məruzələrin dinlənilməsi ilə davam edib.xeber100.com

İyun 27, 2019 4:51