Dünya Səhiyyə Təşkilatının məlumatına əsasən…

Dünya Səhiyyə Təşkilatı (DST) psixi pozulma hallarının müalicəsinə vəsait əsirgəməməyə çağırır. Dünyada hər on insandan birinin psixi yardıma ehtiyacı var, amma bu yardım hər kəsə nəsib olmur. Yoxsul ölkələrdə bu sahədə mütəxəssislər çatışmır. Azərtac DST-nin saytına istinadla xəbər verir ki, bu barədə məlumat DST-nin yeni psixi sağlamlığın qorunması atlasında yer alıb. Atlasda dünyanın 177 ölkəsindən daxil olan informasiya təqdim edilib.DST-dən bildiriblər ki, bir sıra ölkələr psixi və nevroloji pozulmaların profilaktikası və müalicəsində nəzərəçarpacaq inkişafa nail olublar. Ancaq bir çox ölkələrdə mütəxəssislər və ixtisaslaşdırılmış müəssisələr əməlli-başlı çatışmır. Gəlir səviyyəsi aşağı olan bəzi ölkələrdə hər 100 min sakinin payına iki psixiatr düşdüyü halda, varlı ölkələrdə həmin rəqəm 70-ə bərabərdir.Bununla belə, bəzi ölkələrdə psixi sağlamlıq sahəsində milli siyasət insan haqlarının müdafiəsi sahəsində əsas beynəlxalq konvensiyalara əsaslanmır. İnsanlar çox vaxt yerlərdə kömək ala bilmədikləri üçün iri psixiatriya xəstəxanalarına müraciət edirlər. Əslində ixtisaslaşdırılmış psixiatriya müalicəxanalarında çarpayıların sayı ümumi profilli xəstəxanaların psixiatriya bölmələrindəkindən altı dəfə çoxdur.DST ekspertləri bütün ölkələri depressiya, şizofreniya və epilepsiya, habelə digər psixi pozulmalardan əziyyət çəkən insanları lazımi qulluq, psixososial dəstək və dərman müalicəsi ilə təmin etməyə çağırır.DST-nin psixi sağlamlıq departamentinin direktoru Şexan Saksena deyib: “Atlasda təqdim olunan sonuncu araşdırmalar təsdiq edir ki, hazırda psixi sağlamlığın qorunmasına ayrılan vəsait yetərli deyildir”. O xəbərdarlıq edib ki, bu sahədəki proqramlara ayrılan maliyyə vəsaiti təcili surətdə artırılmasa, bəşəriyyət daha əvvəl görünməmiş problemlərlə, o cümlədən sosial və iqtisadi problemlərlə üzləşəcək.Yoxsul və ortabab ölkələr büdcədən psixi sağlamlığa adambaşına təqribən 1 dollar, varlı ölkələr 80 dollar ayırırlar. Ekspertlər əmindirlər ki, psixi xəstəliklərin, o cümlədən depressiya və stressin müalicəsinə yönəldilən hər bir dollar dörd dollar gəlir gətirəcək, çünki insanlar sağlam olduqları üçün işləyə biləcəklər.DST-nin məlumatına görə, hər il təqribən 800 min adam intihar edir. Varlı ölkələrin yalnız üçdəbir hissəsi, yoxsul ölkələrin isə 10 faizi intihar hallarının qarşısının alınmasına dair strategiya işləyib hazırlayıb.xeber100.com  

İyun 7, 2018 3:07

Dünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə…

Dünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 1988-ci ildən etibarən mayın 31-i Dünya Tütünsüz Günü kimi qeyd edilir. Həmin günün əsas hədəfi ictimaiyyətin diqqətini bu problemə yönəldərək tütünün orqanizmə vurduğu zərər barəsində ictimaiyyəti maarifləndirməkdən ibarətdir.Azərtac xəbər verir ki, dünya ictimaiyyəti qarşısına XXI əsrdə tütünçəkməyə son qoyulmasına nail olmaq vəzifəsi qoyulmuşdu, lakin təəssüf ki, hələ də bu mümkün olmayıb. Tütünlə mübarizə davam edir. Dünya Tütünsüz Günün başlıca hədəflərindən biri indiki və gələcək nəsilləri nəinki fəlakətli nəticələrdən, həmçinin tütündən istifadə və tütün tüstüsünün təsiri ilə əlaqədar sosial, ekoloji və iqtisadi fəlakətlərdən qorumaqdır. Tütündən istifadə edilməsi ölüm hallarının artmasına və Dünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyanın yaşlı sakinləri arasında hər on nəfərdən birinin ölümünə səbəb olur. Yenə də həmin mənbənin məlumatına əsasən, tütün çəkilməsi 25-dən artıq xəstəliyi, o cümlədən ürək-damar, ağciyər və onkoloji xəstəliklərin yaranmasına səbəb olur. Hər il “tütün epidemiyası”ndan altı milyona yaxın, tütün tüstüsündən isə 600 min insan vəfat edir. Hesablamalara görə belə davam etsə, 2030-cu ildə bu pis vərdiş səbəbindən vəfat edənlərin sayı 8 milyona çatacaq.Ölkəmiz 2005-ci ildən tütünlə mübarizə üzrə konvensiyaya qoşulub və ötən ilin axırlarında Milli Məclisdə tütündən istifadə edilməsini məhdudlaşdıran qanun qəbul olunub. Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkəmizdə kişilərin 35,5 faizi siqaret çəkir. Müstəqil araşdırma və sorğu təşkilatlarının apardığı tədqiqatlara görə, 18-49 yaş arasında olanların 50 faizi bu zərərli vərdişin aludəçisidir. Yenə də həmin mənbələrin apardığı araşdırmalara görə, qadın və uşaqların 41 faizi passiv siqaret çəkməyə məruz qalır. 13-15 yaşlı məktəblilər arasında aparılan sorğu göstərib ki, onların 10,8 faizi siqaretin dadından xəbərdardır.Müxtəlif ölkələrin sakinləri arasında aparılan sorğulara əsasən bəlli olub ki, tütündən istifadə edənlərin üçdə ikisi siqaretin zərərli təsirindən xəbərsizdir. Hazırda həmin asılılıqdan xilas olmağın müxtəlif üsullarla müalicəsi var və istənilən yaşda ondan imtina etmək mümkündür.xeber100.com

May 31, 2018 3:16

Milli Məclisin səhiyyə komitəsinin iclası keçirilib

Mayın 3-də Milli Məclisin səhiyyə komitəsinin iclası keçirilib.Azərtac xəbər verir ki, komitənin sədri Əhliman Əmiraslanov gündəliyi təqdim edib. Bildirib ki, gündəliyə iki məsələ daxildir.İclasda əvvəlcə “Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə olunub. Əhliman Əmiraslanov qanun layihəsi barədə məlumat verib. Qeyd edilib ki, təklif olunan dəyişikliklər texniki xarakterlidir. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanunda edilməsi nəzərdə tutulan dəyişikliklər “Məktəbəqədər təhsil haqqında” Qanuna uyğunlaşdırma məqsədi daşıyır. Dəyişikliyə görə, dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar təhsil müəssisələrində, digər idarə və müəssisələrdə uşaqların və yeniyetmələrin təhsili və tərbiyəsi, istehsalat təcrübəsi şərtlərini, onların iaşəsi, sanitariya-məişət təminatı, əmək və istirahət şəraiti üzrə sanitariya qanunvericiliyinin tələblərini tənzimləyən sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl olunmasını təmin etməlidirlər.Sonra deputatlar “Dərman vasitələri haqqında” Qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsinə baxıblar. Qeyd olunub ki, dəyişikliyə əsasən dərman vasitələrinin istifadəsinə dair təlimatlarda istehsalçı tərəfindən bəyan edilməmiş məlumatlar, habelə dərman vasitəsinin keyfiyyətli, effektiv və təhlükəsiz olmadığına dair əsaslandırılmış faktlar müəyyən edildikdə müvafiq icra hakimiyyəti orqanı bu dərman vasitələrinin dövlət qeydiyyatına alınmasını və bu Qanunun müvafiq maddəsində nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmayan dərman vasitələrinin isə ölkədə tətbiqini qadağan etmək hüququna malikdir. Dövlət qeydiyyatı məqsədilə dərman vasitələrinin və həmin dərman vasitəsinin istehsalında istifadə edilən dərman maddəsinin (dərman substansiyasının) nümunələrini ölkə ərazisinə qanunvericiliklə müəyyən edilmiş miqdarda müvafiq icra hakimiyyəti orqanı, istehsal və topdansatış əczaçılıq fəaliyyəti ilə məşğul olan müəssisələr, xarici istehsalçının Azərbaycan Respublikasındakı yerli nümayəndəliyi və ya yerli nümayəndəliyi olmadığı halda xarici istehsalçının müvəkkil etdiyi şəxs idxal edə bilər. Dərman vasitəsinin effektivliyi və təhlükəsizliyi üzərində dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə mülkiyyət və təşkilati hüquqi formasından asılı olmayaraq bütün müalicə-profilaktika müəssisələri, dərman vasitələrinin qeydiyyat vəsiqəsinin sahibi və ya onun müvəkkil etdiyi şəxs dərman vasitələrinin təhlükəsiz şəkildə istifadəsinin təmin edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara uyğun olaraq farmakonəzarət üzrə işləri həyata keçirir və bu sahə üçün məsul şəxs təyin edir. Bioloji fəallığa malik qida əlavələrinin əmtəə adı və əmtəə nişanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınmış dərman vasitəsinin əmtəə adı və əmtəə nişanı ilə eyni ola bilməz.Deputatlar qanun layihələri barədə fikir və təkliflərini səsləndiriblər.xeber100.com

May 3, 2018 2:44