AŞPA-nın Türkiyə ilə bağlı mövqeyi tənqid olunub

İyunun 22-də Avropa Şurası Parlament Assambleyasının səhər sessiyasında Türkiyə ilə bağlı məruzə ətrafında müzakirələr aparılıb. Müzakirələr zamanı Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxış edərək Türkiyədəki vəziyyətdən danışıb. O, Türkiyədə demokratik təsisatların funksiyasından bəhs edən məruzənin əsas məqamlarına toxunaraq verilən tövsiyələrə, qiymətləndirməyə və digər məsələlərə görə məruzəçiyə təşəkkür edib. Səməd Seyidov bu gün mövcud vəziyyət çərçivəsində Türkiyənin mümkün olan bütün imkanlardan istifadə edərək əlindən gələni etdiyini bildirib. O, Türkiyənin təkcə Suriya və regionun digər ölkələrindən gələn qaçqın və miqrantlara 10 milyard dollar xərclədiyini vurğulayıb. Nümayəndə heyətinin rəhbəri müxtəlif şəhərlərində və bölgələrində terror aktları, partlayışlar ilə üzləşən Türkiyədəki bu mürəkkəb vəziyyətin heç bir Avropa ölkəsində olmadığını, olsa belə həmin ölkələrdə demokratik təsisatların fəaliyyətini bu gün Türkiyədəki səviyyədə təmin etməyin mümkün olmayacağını diqqətə çatdırıb. Səməd Seyidov deyib ki, məruzədə Türkiyəyə yenidən monitorinq prosedurları tətbiq etməyin lazım olduğu bildirilir. Bu gün Türkiyəyə sanksiya tətbiq etmək yox, ona kömək etmək lazımdır. Türkiyənin terrorizmə qarşı apardığı mübarizə təkcə özü üçün deyil, həmçinin Avropa üçündür. Ölkənin bu vəziyyətini nəzərə almalıyıq.xeber100.com

İyun 22, 2016 3:09

Azərbaycan Silahlı Qüvvələri – 98

Birləşmiş Krallıqdakı səfirliyimizin və hərbi attaşelik aparatının təşkilatçılığı ilə Londonda Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 98-ci ildönümünə həsr olunan rəsmi qəbul təşkil edilib. Qəbulda Böyük Britaniyanın Müdafiə Nazirliyinin rəsmiləri, parlamentin üzvləri, bir sıra dövlətlərin səfirləri və hərbi attaşeləri, Azərbaycanın İngiltərədəki diasporunun nümayəndələri də daxil olmaqla, 200-dən artıq qonaq iştirak edib. Əvvəlcə azərbaycanlı opera sənətçisi Selcan Nəsiblinin ifasında Azərbaycanın və Birləşmiş Krallığın dövlət himnləri səsləndirilib. Tədbiri giriş sözü ilə açan Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə Silahlı Qüvvələrin yaranma tarixindən, müstəqilliyin bərpa olunmasından sonrakı ilk dövrlərdə çətin ordu quruculuğundan danışıb. O, hazırda Azərbaycanın ərazi bütövlüyünü tam təmin etməyə qadir güclü ordumuzun olduğunu bildirib. Azərbaycanın bir çox müharibələrdən keçərək bu günlərə gəldiyini qeyd edən səfir Vətənimizin müdafiəsi uğrunda həlak olan qəhrəman oğul və qızlarımızın, zabit və əsgərlərimizin xatirəsinin hər zaman yad ediləcəyini vurğulayıb. Britaniya ilə Azərbaycan arasındakı hərbi əməkdaşlıq haqqında məlumat verən səfir bu əməkdaşlığın tarixinin qədim olduğunu, hətta 1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin vaxtına qədər uzandığını qeyd edib. Diqqətə çatdırılıb ki, tarixdə “Dunsterforce” adı ilə tanınan hərbi bölmənin Cənubi Qafqazda, o cümlədən Bakıda apardığı hərbi əməliyyatların həm Azərbaycan, həm də Britaniya tarixində xüsusi yeri var. Ölkələrimiz arasındakı hərbi əməkdaşlığın bu gün də yüksələn xətlə inkişaf etdiyi və gələcəkdə də uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini və Azərbaycan Silahlı Qüvvələrinin 80 faizinin bu gün səngərlərdə olduğunu qeyd edib. Diplomat deyib: “Bu gün işğal vəziyyəti regionda təhlükəsizliyi ciddi təhdid edir. Buna baxmayaraq Azərbaycan ordusu öz məramını göstərərək dünyadakı sülhə və Avratlantik məkandakı sabitliyə öz töhfəsini verib və buna davam edir”. Tədbirdə çıxış edən Birləşmiş Krallığın Müdafiə Nazirliyinin Beynəlxalq Strategiya üzrə baş direktoru Nick Gurr təmsil etdiyi nazirlik adından Azərbaycan tərəfinə təbriklərini çatdırıb, uğurlu ikitərəfli hərbi əməkdaşlıq haqqında danışıb. O, britaniyalı və azərbaycanlı hərbiçilərin birgə təlimlərdə iştirak etdiyini nümunə olaraq qeyd edib. Bundan başqa, dəniz təhlükəsizliyi və digər sahələrdə də əməkdaşlığımızın gələcəkdə daha da inkişaf etdirilməsinin planlaşdırıldığı bildirilib. Azərbaycanda keçirilən beynəlxalq yarışlara toxunan Britaniya rəsmisi ölkəmizin birinci Avropa Oyunları, Formula-1 Avropa Qran-prisi kimi mötəbər yarışlara uğurla ev sahibliyi etdiyini söyləyib. O, Azərbaycana səfəri zamanı ölkənin uğurlu inkişaf strategiyasının şahidi olduğunu vurğulayıb. Təhlükəsizlik və müdafiə məsələlərinin bütün dünya üçün vacib olduğunu qeyd edən Müdafiə Nazirliyinin rəsmisi Birləşmiş Krallığın Azərbaycanın NATO, BMT və başqa beynəlxalq təşkilatlar ilə bu sahədəki əməkdaşlığını yüksək qiymətləndirdiyini diqqətə çatdırıb. Tədbirdə Silahlı Qüvvələrimizlə bağlı videoçarxlar nümayiş etdirilib, rəsmi hissədən sonra ziyafət təşkil olunub.xeber100.com

İyun 21, 2016 12:51

Məcburi köçkünlərin hüquqlarına dair müzakirələr aparılıb

İyunun 17-də BMT İnsan Hüquqları Şurasının 32-ci sessiyası zamanı Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi tərəfindən “Silahlı münaqişələr zamanı məcburi köçkünlərin hüquqları” adlı paralel tədbir keçirilib. Nümayəndəlikdən Azərtac-a verilən məlumata görə, daimi nümayəndə Vaqif Sadıqovun sədrlik etdiyi tədbirdə BMT-nin məcburi köçkünlərin hüquqları üzrə xüsusi məruzəçisi Çaloka Bəyani, Norveç Qaçqınlar Şurasının Daxili Köçürülmələr üzrə Monitorinq Mərkəzinin direktoru Aleksandra Bilak, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının hüquqi məsələlər üzrə baş mütəxəssisi Aleksandr Tayler, Beynəlxalq Miqrasiya Təşkilatının əməliyyatlar və fövqəladə hallar departamentinin şöbə müdiri Luis Hofman, miqrasiya məsələləri üzrə hüquqi eksperti Fanni Dufvenmark panelçi qismində iştirak ediblər. Açılış nitqində səfir V.Sadıqov dünyadakı müxtəlif münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün məcburi köçkünlər məsələsinin əhəmiyyətini diqqətə çatdırıb. O, həmçinin tədbirin “18 iyun - Azərbaycanda İnsan Hüquqları Günü” ərəfəsində keçirildiyini vurğulayıb. Tədbirdə çıxış edən nümayəndələr silahlı münaqişələr nəticəsində yaranmış məcburi köçürülmə problemi, məcburi köçkünlərin hüquqlarının müdafiəsinin hüquqi çərçivəsi, onların pozulmuş hüquqları, problemlərin qarşısının alınmasında BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, Beynəlxalq Miqrasiya Təşkilatı və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının rolundan söhbət açıblar. BMT-nin xüsusi məruzəçisi Ç.Bəyani 2014-cü ildə Azərbaycan Respublikasına rəsmi səfərindən bəhs edib, Dağlıq Qarabağ münaqişəsi nəticəsində yüz minlərlə azərbaycanlının məcburi köçkün vəziyyətinə düşdüyünü bildirib. Ç.Bəyani məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, o cümlədən onların mənzil, təhsil, səhiyyə, sosial və digər sahələrdə olan ehtiyaclarının ödənilməsi məqsədilə Azərbaycan Respublikası Hökuməti tərəfindən aparılan işləri yüksək qiymətləndirib və altı illik fəaliyyəti ərzində heç bir ölkədə belə bir qayğı ilə rastlaşmadığını qeyd edib. A.Bilak və A.Tayler də çıxışlarında azərbaycanlı məcburi köçkünlərin hökumətdən böyük dəstək aldığını ifadə edərək hökumətin bu sahədəki səylərini yüksək qiymətləndiriblər. Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində Beynəlxalq Miqrasiya Təşkilatının gördüyü işlərdən danışan L.Hofman və F.Dufvenmark qurumun dünya üzrə 22 milyondan çox ehtiyacı olan insana yardım etdiyini bildirib, eyni zamanda, dünyada məcburi köçkünlərin sayının və onların ehtiyaclarının getdikcə daha da artdığını diqqətə çatdırıblar. Tədbir daha sonra panelçi və iştirakçılar arasında açıq müzakirələrlə davam edib. Müzakirələr zamanı Suriya, Yəmən, Şri-Lanka, Ukrayna, Gürcüstan, eləcə də Ermənistan-Azərbaycan münaqişəsinə toxunulmuş və münaqişə nəticəsində yaranmış məcburi köçkün problemlərindən bəhs olunub. Tədbirdə çoxsaylı dövlətlərin, beynəlxalq hökumətlərarası və qeyri-hökumətlərarası təşkilatların, eləcə də akademik dairələrin nümayəndələri iştirak ediblər.xeber100.com

İyun 19, 2016 6:18

Hərbi hissələrin iştirakı ilə operativ-taktiki təlimlər keçiriləcək

Silahlı Qüvvələrin 2016-cı il üçün hazırlıq planına uyğun olaraq, iyunun 19-dan 24-dək qoşunların idarəetmə orqanları, eləcə də birlik, birləşmə və hərbi hissələrin iştirakı ilə operativ-taktiki təlimlər keçiriləcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, təlimlərə 25 min nəfərədək şəxsi heyət, 300-dən çox tank və zirehli döyüş maşını, 100-dən artıq raket və artilleriya qurğusu, 40-dək hərbi aviasiya və 30-dan çox hava hücumundan müdafiə sistemləri, Hərbi Dəniz Qüvvələrinin gəmi birləşməsi və Xüsusi Təyinatlı Qüvvələrin bölmələri cəlb olunacaq. Cəbhəboyu zonada və Naxçıvan Muxtar Respublikasında yerləşən poliqonlar, eləcə də Xəzər dənizinin Azərbaycan sektoru təlimlərin keçiriləcəyi ərazisi kimi müəyyən edilib. Təlimlərin əsas məqsədi birlik və birləşmə komandanlıqlarının, qoşunların və döyüş sistemlərinin idarə edilməsi vərdişlərinin təkmilləşdirilməsi, eləcə də ağır şəraitdə aparılan müasir ümumqoşun döyüşünün hərbi elementlərinin qarşılıqlı fəaliyyəti və döyüş uzlaşmasının səviyyəsinin artırılmasıdır. Bu təlimlərin əsas xüsusiyyəti güclü müdafiəyə malik şərti düşmən nəzərə alınmaqla əməliyyatların silahlanmada olan yeni texnoloji vasitələrin və silahların geniş tətbiqi ilə keçirilməsidir. Təlimlər zamanı qoşunların yüksək döyüşə hazırolma səviyyəsinə gətirilmə qabiliyyəti, onların yenidən qruplaşması üzrə tədbirlərin keçirilməsi, həmçinin döyüş və maddi-texniki təminat məsələləri yoxlanılacaq. Hərbi təlimlərin mərhələlərindən birində döyüş atışları yerinə yetiriləcək.xeber100.com

İyun 17, 2016 12:48

“18 İyun – Azərbaycan Respublikasında İnsan Hüquqları Günü”…

İyunun 16-da Milli Məclisin insan hüquqları komitəsi “18 İyun - Azərbaycan Respublikasında İnsan Hüquqları Günü” mövzusunda dinləmələr təşkil edib. Dinləmələrdə çıxış edən Milli Məclis sədrinin müavini, insan hüquqları komitəsinin sədri Bahar Muradova bildirib ki, Azərbaycan bu gün həm dünyanın, həm də regionun inkişaf etmiş ölkələrindən birinə çevrilməklə yanaşı, insan hüquq və azadlıqlarını tam şəkildə təmin edib. Ölkəmizin bugünkü uğurları ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra insan hüquq və azadlıqlarının təmin edilməsini fəaliyyətinin əsas prinsipi elan edib. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu siyasətin davamı kimi Prezident İlham Əliyev iyunun 18-nin Azərbaycanda İnsan Hüquqları Günü kimi qeyd edilməsi ilə bağlı Sərəncam imzalayıb. Azərbaycan bu sahədə demokratik dövlətlərin uzun illər əldə etdiyi uğurları qısa müddətdə qazanıb. Bahar Muradova Azərbaycan dövlətinin siyasətinin mərkəzində insan amilinin dayandığını vurğulayıb. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dinləmələrdə “İnsan hüquq və azadlıqlarının təmin olunması Azərbaycan dövlətinin ali məqsədidir” mövzusunda çıxış edib. Əli Həsənov ulu öndər Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanda xaosun aradan qaldırılmasından, sabitliyin bərpa edilməsindən danışıb. Bildirib ki, bu dövrdən başlayaraq beynəlxalq sənədlərdə insan hüquqları ilə bağlı prinsiplər nəzərə alınmaqla qanunlar qəbul edilib. Bu sahədə əsas qanunumuz Konstitusiyadır. Konstitusiyada insan hüquq və azadlıqlarının təminatı, sosial, mədəni və digər hüquqlar, söz, fikir azadlıqları təsbit olunub. 1998-ci il iyunun 18-də İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının qəbul edilməsi də mühüm addım idi. Proqramda Ombudsman İnstitutunun yaradılması və digər məsələlər əksini tapıb. Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı Sərəncamla həmin gün Azərbaycanda İnsan Hüquqları Günü kimi elan edilib. 2006-cı və 2011-ci illərdə insan hüquqları ilə bağlı növbəti dövlət proqramları qəbul edilib. 2020-ci ilə qədər dövrü əhatə edən İnkişaf Konsepsiyasında da insan hüquqlarının təmin edilməsi ilə bağlı mühüm məsələlər əksini tapıb. Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycanda çoxlu sayda partiya, QHT, mətbuat orqanı fəaliyyət göstərir. Hər il dövlət büdcəsindən partiyaların maliyyələşməsinə 2,5 milyon manat vəsait ayrılır. Venesiya Komissiyası siyasi partiyalarla bağlı qanunvericiliyə maliyyələşmə sahəsində edilən dəyişikliyi müsbət qiymətləndirib. Vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı qəbul edilən qanun və qərarlardan söz açan Əli Həsənov qeyd edib ki, ölkədəki QHT-lərin əksəriyyəti insan hüquq və azadlıqları sahəsində ixtisaslaşıb. 2008-ci ildə fəaliyyətə başlayan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT-lərə ciddi dəstək verir. Gənclər Fondu gənclər təşkilatlarının, gənclərin layihələrinə dəstək göstərir. Azərbaycanda ümumilikdə 15 dövlət orqanı QHT-nin layihələrinə dəstək verir, vəsait ayırır. Keçən ildən etibarən icra orqanları yanında İctimai Şuralar yaradılmasına başlanılıb. Bu qurumlarda QHT-lər, fəal jurnalistlər təmsil olunur. Diqqətə çatdırılıb ki, Konstitusiyada KİV üzərində senzuranın yolverilməzliyi təsbit olunub. 1999-cu ilin dekabrında “Kütləvi informasiya vasitələri haqqında” Qanun qəbul olunub, növbəti illərdə qanunun Avropa Konvensiyasına uyğunlaşdırılması istiqamətində dəyişikliklər edilib. Hazırda Azərbaycanda qəzet və jurnal nəşr etmək çox asandır. Təsis sənədlərini Ədliyyə Nazirliyinə təqdim etməklə yeddi gün sonra nəşrə başlamaq olar. Əli Həsənov vurğulayıb ki, Prezident İlham Əliyev ölkəmizdə KİV-lərin inkişafına və onların problemlərinin həllinə xüsusi diqqət yetirir. Azərbaycanda azad plüralist media fəaliyyət göstərir. KİV-in sayına görə Azərbaycan qabaqcıl ölkələrdən biridir. Azərbaycanda 5 mindən artıq KİV fəaliyyət göstərir. Prezidentin köməkçisi Azərbaycanda internet azadlığından da danışıb. Qeyd edib ki, ölkəmizdə internet resursları da sürətlə inkişaf edir, əhalinin 75 faizindən çoxu internetdən istifadə edir.xeber100.com

İyun 16, 2016 11:46