Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatı…

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “İş yerinə dair arayış” e-xidmətindən istifadə sayı ötən ayla müqayisədə iyul ayında 36 faiz artaraq 21 min 808-ə çatıb. Bu barədə Azərtac-a ƏƏSMN-in ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Məlumatda bildirilir ki, “İş yerinə dair arayış” e-xidməti istifadəçiyə real vaxt rejimində öz iş yeri haqqında onun istəyinə uyğun olaraq ümumi təyinatlı, yaxud konkret bir quruma təqdim etmək üçün əmək haqqı göstərilməklə və ya göstərilmədən e-arayış əldə etmək imkanı verir. Portal tərəfindən avtomatik olaraq formalaşdırılan iş yerinə dair arayışı müvafiq təşkilata elektron şəkildə göndərmək, yaxud çap şəklində təqdim etmək mümkündür. Arayışda işçi və işəgötürənə aid məlumatlar, əmək müqaviləsinin bağlandığı tarix və s. əksini tapır. Bu e-xidmətdən istifadə nəticəsində istifadəçinin həmin arayışın alınması üçün işlədiyi müəssisənin aidiyyəti şəxslərinə müraciət etməsinə, bunun üçün vaxt və zəhmət çəkməsinə artıq ehtiyac qalmır. Eyni zamanda, arayışın təqdim edildiyi qurum arayışdakı ştrix-kod vasitəsilə və portaldakı müvafiq xidmətdən istifadə edərək bu sənəddə əksini tapan məlumatların həqiqiliyini yoxlaya bilir. “İş yerinə dair arayış” elektron xidməti 2014-cü ilin dekabr ayından əhalinin istifadəsindədir. Həmin vaxtdan avqustun 1-dək vətəndaşlar bu e-xidmətdən ümumilikdə 336 min 35 dəfə faydalanıblar.xeber100.com

Avqust 8, 2016 10:55

Metropolitendə təcrübə kursları başlayıb

“Bakı Metropoliteni” QSC-nin təlim-tədris mərkəzində ölkənin ali təhsil müəssisələrinin savadlı, bacarıqlı və hazırlıqlı tələbələrindən ibarət SABAH qrupu iştirakçılarının metropolitendə təcrübə kurslarına başlanılıb. QSC-nin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, məqsəd tələbələrin fərdi və peşəkar inkişafına dəstək olmaq, həmçinin akademik və iş mühitləri arasında əlaqələri möhkəmlətmək üçün “Bakı Metropoliteni” QSC-nin müvafiq struktur bölmələrində onların yiyələnəcəkləri ixtisaslar üzrə təcrübə toplamasıdır. Layihəyə uyğun olaraq, metropolitenin müvafiq struktur bölmələrində Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetinin SABAH qrupuna daxil olan tələbələrinə ixtisasları üzrə müvafiq sahələrdə təcrübə toplaması üçün bütün şərait yaradılıb. Təcrübə bir ay müddətində davam edəcək. Kursun sonunda iştirakçılara “Bakı Metropoliteni” QSC-də təcrübə keçmələrinə dair xasiyyətnamə təqdim olunacaq ki, bu da metropolitendə çalışmaq arzusunda olan gənclərə verilən növbəti dəstəkdir. Ümumiyyətlə, “Bakı Metropoliteni” QSC artıq iki ildir ki, ölkənin aparıcı ali təhsil ocaqları ilə qarşılıqlı razılaşma əsasında əhəmiyyətli tədbirlər həyata keçirir. Hazırda “Bakı Metropoliteni” QSC ilə Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında qarşılıqlı əməkdaşlıq müqavilələri mövcuddur.xeber100.com

Avqust 4, 2016 2:04