Bu gün Ümumdünya Əhali Günüdür

İyulun 11-i Ümumdünya Əhali Günüdür. Bu gün 1989-cu ildə BMT-nin Əhali Fondu tərəfindən təsis olunub. Məqsəd dünya əhalisinin problemlərinə ictimaiyyətin diqqətini yönəltmək və ümumi inkişafa nail olmaqdır. Azərtac xəbər verir ki, ölkəmizdə əhalinin problemləri daim diqqət mərkəzindədir. Bu sahədə dövlət siyasətinin əsas məqsədi demoqrafik proseslərdə yaranmış neqativ meyilləri aradan qaldırmaqla ölkənin inkişaf strategiyasına uyğun olaraq əhalinin kəmiyyət-keyfiyyət artımını təmin etməkdir. Prezident İlham Əliyevin 2006-cı il 25 iyul tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramı” təsdiq edilib. Həmin proqram çərçivəsində dövlət başçısının 2007-ci il 19 mart tarixli Fərmanına əsasən Dövlət Miqrasiya Xidməti yaradılıb. Eyni zamanda, 2006-cı il dekabrın 28-də “İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı” təsdiq edilib. İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 33,6 min nəfər və ya 0,3 faiz artaraq 9 milyon 739,2 min nəfərə çatıb. Əhalinin sıxlığı bir kvadratkilometrə 112 nəfər olub. Ölkə əhalisinin 53,1 faizi şəhərlərdə, 46,9 faizi kəndlərdə yaşayır. Hazırda hər 1000 kişiyə 1007 qadın düşür. Qeyd edək ki, 2016-cı ilin axırında Yer kürəsi əhalisinin sayı təxminən 7,3 milyard nəfər təşkil edəcək. Bir il ərzində dünya əhalisinin sayı 78 milyon, yaxud 1,08 faiz artıb. Dünyanın ən çox əhalisi olan ölkəsi Çindir. Çində 1,367 milyard insan yaşayır. İkinci yerdə isə 1,252 milyard nəfərlə Hindistan qərarlaşıb. ABŞ, İndoneziya, Braziliya, Pakistan, Nigeriya, Banqladeş əhalisinin sayına görə növbəti pillələrdə yer alıblar. Rusiya 142,423 milyon nəfərlə 9-cu yeri tutur. Yaponiya isə sırada 10-cu yerdədir.xeber100.com

İyul 11, 2016 11:36

Beynəlxalq “Yay hüquq məktəbi”nin açılış mərasimi keçirilib

İyulun 7-da Bakıda Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə beynəlxalq “Yay hüquq məktəbi”nin açılış mərasimi keçirilib. Azərtac xəbər verir ki, iyulun 12-dək davam edəcək “Yay hüquq məktəbi” Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının və beynəlxalq hüquq mərkəzinin dəstəyi ilə təşkil olunur. Mərasimdə ELSA beynəlxalq təşkilatının Azərbaycan nümayəndəliyinin prezidenti Faiq Ömərov, Prezident yanında Gənclər Fondunun sədri Fərhad Hacıyev, Komissiyanın nümayəndəsi Kamal Cəfərov çıxış edərək tədbirin əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıblar. F.Hacıyev iştirakçılara rəhbərlik etdiyi qurum və ölkəmizdə həyata keçirilən uğurlu dövlət gənclər siyasəti haqqında məlumat verib. Fondun dəstəklədiyi təşkil olunan layihələrdən danışan F.Hacıyev qeyd edib ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində hazırda Azərbaycanda istedadlı, vətənpərvər və intellektual gənclər yetişir, onlar ölkəmizin inkişafında və təbliğində fəal rol oynayırlar. “ASAN xidmət”in əməkdaşı Elnur Hümbətov Azərbaycanın brendi olaraq tanınan “ASAN xidmət” mərkəzlərinin yaradılması və onların əhaliyə keyfiyyətli xidmətlər göstərilməsinə yönəlmiş fəaliyyətinin əsas istiqamətləri barədə məlumat verib. Tədbirdə, həmçinin qeyd olunub ki, “Yay hüquq məktəbi” Azərbaycan ilə yanaşı, Avropanın 30 ölkəsindən 75 gənc hüquqşünas tələbənin iştirakı ilə keçirilir. Yay məktəbində azərbaycanlı mütəxəssislər tərəfindən beynəlxalq hüquq normaları ilə bağlı müxtəlif seminarlar tədris ediləcək, son zamanlar ölkəmizdə biznes mühitinin təkmilləşdirilməsi, eləcə də məhkəmə-hüquq islahatları ilə bağlı həyata keçirilən tədbirlər müzakirə olunacaq. Həmçinin iştirakçıların Milli Məclisə, Ali Məhkəməyə və “ASAN xidmət” mərkəzinə tanışlıq səfərləri nəzərdə tutulur. Eyni zamanda, Azərbaycanın tarixi və mədəniyyəti ilə tanışlıq məqsədilə iştirakçıların Heydər Əliyev Mərkəzinə, YARAT Müasir İncəsənət Məkanına, Xalça Muzeyinə, Qız qalasına ziyarətləri təşkil ediləcək. Qeyd olunub ki, beynəlxalq “Yay hüquq məktəbi”nin təşkili azərbaycanlı və xarici hüquqşünas tələbələr arasında fikir mübadiləsinə və yeni əməkdaşlıq imkanlarının yaradılmasına şərait yaradacaq. Həmçinin azərbaycanlı tələbələrin Avropa ölkələrində oxşar tədbirlərdə iştirakını təmin edəcək. Həmçinin diqqətə çatdırılıb ki, ELSA beynəlxalq təşkilatının Azərbaycan nümayəndəliyinin fəaliyyəti nəticəsində ölkəmizdə bir neçə uğurlu beynəlxalq və yerli layihələr həyata keçirilib. Təşkilatın dəstəyi ilə azərbaycanlı hüquqşünas tələbələr xaricdə təcrübə keçiblər. Avropanın 42 ölkəsində fəaliyyət göstərən ELSA beynəlxalq təşkilatı 230 universitetdə təhsil alan 40 mindən çox hüquqşünas tələbəni və gənc hüquqşünası sıralarında birləşdirir. Təşkilatın məqsədi Avropada gənc hüquqşünas tələbələr arasında təhsil-mübadilə imkanlarının genişləndirilməsinə, cəmiyyətin inkişafında onların fəal iştirakının təşviq edilməsinə, nəzəri biliklərinin praktiki tətbiqinə nail olmaqdır. Azərbaycan 2010-cu ildə ELSA beynəlxalq təşkilatına üzv olub. Ölkəmiz hazırda bu qurumun ən fəal üzvlərindən biridir.xeber100.com

İyul 8, 2016 8:47

“Gənclər siyasətində fəal iştirakçılıq”…

İyulun 5-də Gəncədə “Gənclər siyasətində fəal iştirakçılıq” mövzusunda beynəlxalq gənclər forumu işə başlayıb. Azərtac xəbər verir ki, forum Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının (ADTGT) təşəbbüsü, Prezident yanında Gənclər Fondunun maliyyə yardımı, Gənclər və İdman Nazirliyinin, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Gəncə-2016 Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində təşkil olunub. Beş gün davam edəcək forumda dövlət və hökumət rəsmiləri, Rumıniyanın və Gürcüstanın Azərbaycandakı səfirləri, Avropanın 13 ölkəsindən fəal gənclər, “Gəncə-2016 Avropa Gənclər Paytaxtı”nın könüllüləri və QHT rəhbərləri iştirak edirlər. ADTGT-nin sədri Asif Əsgərli tədbirin açılışında çıxış edərək forumun təşkilinə dəstək verdiyinə görə aidiyyəti qurumlara minnətdarlığını bildirib. Vurğulayıb ki, forumun işində 26 əcnəbi gənc lider iştirak edir. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev forum iştirakçılarını Nizami yurdunda görməkdən məmnunluğunu bildirib. Qeyd edib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Gəncənin “Avropa Gənclər Paytaxtı” seçilməsi haqqında iştirakçılara ətraflı məlumat verən E.Rzayev vurğulayıb ki, layihə çərçivəsində çoxsaylı yerli və beynəlxalq tədbirlər həyata keçirilir. Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev Azərbaycanın gənclər sahəsində qazandığı uğurların, müxtəlif ölkələr və beynəlxalq təşkilatlarla qurulan əlaqələrin, irimiqyaslı tədbirlərin təşkili sahəsində topladığı zəngin təcrübənin son illər respublikamızın region, qitə və dünya səviyyəli forumlara, konfranslara, zirvə toplantılarına və idman yarışlarına yüksək səviyyədə ev sahibliyi etməsinə imkan verdiyini bildirib. V.Quliyev “Gənclər siyasətində fəal iştirakçılıq” mövzusunda beynəlxalq gənclər forumunun iştirakçılar arasında geniş təcrübə mübadiləsinin aparılması baxımından əhəmiyyətli və yaddaqalan olacağına əminliyini ifadə edib. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev iştirakçılara rəhbərlik etdiyi qurum haqqında məlumat verib. Fondun dəstəklədiyi layihələrdən danışan F.Hacıyev diqqətə çatdırıb ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində hazırda istedadlı gənclərimiz yetişir, ölkəmizin inkişafında və təbliğində fəal rol oynayırlar. Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çiobanu ölkələrimiz arasındakı dostluq münasibətlərindən danışıb. Rumıniyanın Azərbaycanın müstəqilliyini Türkiyədən sonra tanıyan ikinci dövlət olduğunu deyən diplomat Gəncədə baş verən dəyişikliklərin göz oxşadığını bildirib. Qonaq deyib ki, bütün bunlar ölkədə baş verən sürətli inkişafın nəticəsində əldə olunub. Sonra əcnəbi iştirakçılar çıxış edərək forum haqqında fikirlərini bölüşüblər. Açılış mərasimindən sonra qonaqlar şəhərin tarixi-mədəni abidələri, görməli yerləri ilə tanış olublar. Forum işini iyulun 9-dək davam etdirəcək.xeber100.com

İyul 6, 2016 3:19

“Ağ ölümdən gənclərimizi qoruyaq” adlı layihənin icrasına başlanılıb

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Gənclərin narkomaniyaya qarşı mübarizədə “Ağ ölümdən gənclərimizi qoruyaq” şüarı altında birləşməsi” layihəsinin icrasına başlayıb. TUMİB-dən Azərtac-a bildiriblər ki, layihə çərçivəsində ilk tədbir Suraxanı rayonundakı Gənclər evində keçirilib. “Ağ ölümdən gənclərimizi qoruyaq!” adlı videoçarxın nümayişindən sonra İctimai Birliyin sədri Çingiz Bayramov layihə barədə məlumat verib. Qeyd edib ki, layihənin məqsədi yeniyetmə və gənclər arasında narkomaniyanın yayılmasının qarşısını maarifləndirmə işi aparmaqla almaqdır. Layihə Bakı ilə yanaşı, həm də Tovuz, Qazax, Ağcabədi, Şirvan və Biləsuvar rayonlarını əhatə edir. Narkomaniyanı “əsrin bəlası” adlandıran TUMİB sədri yeniyetmə və gənclərimizi zərərli vərdişlərdən çəkinməyə çağırıb. Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşı Nazim Fətullayev, rayon gənclər və idman idarəsinin rəisi Amil Bağırov, TUMİB idarə heyətinin üzvü Cabir Dövlətzadə, mətbuat xidmətinin rəhbəri Səbinə Novruzzadə, layihələr departamentinin rəhbəri Rada Hüseynova narkomaniyaya qarşı mübarizədə vətəndaş cəmiyyəti institutlarının səylərini müsbət qiymətləndirərək qarşılıqlı əməkdaşlığın önəmini qeyd ediblər.xeber100.com

İyul 6, 2016 3:09

Naftalan aeroportunun təmiri 2017-ci ildə başlayacaq

Azərbaycanda sayca yeddinci beynəlxalq hava limanı olacaq Naftalan aeroportunun təmiri 2017-ci ildə başlayacaq. Bunu Naftalanın mədəniyyət və turizm şöbəsinin direktoru Zöhrab Adıgözəlov bildirib. Onun sözlərinə görə, aerport fəaliyyətini bərpa etdikdən sonra beynəlxalq hava limanı statusu alacaq. Bundan öncə bu hava limanı vasitəsilə təyyarələr Bakı-Naftalan istiqamətində “Yak-40” təyyarələri uçurdu, indi isə xarici istiqamətlərdə uçuşlarda mümkün olacaq. “Bəzən bir gün ərzində aeroport beş reys qəbul edirdi, tədricən onların sayı gündə iki və bir reys qədər azalıb. Ona görə də uçuşların dayandırılması barədə qərar qəbul olundu”, – Adıgözəlov bildirib. Yeni aeroportun tikintisi dövlət vəsaiti hesabına həyata keçiriləcək. Şöbənin direktoru işlərinin başa çatması müddətini və hava limanının istismara verilməsi tarixi, həmçini xərcləri açıqlamağa çətinlik çəkib: “Hava limanının fəaliyyəti 1994-cü ildə dayandırılıb və o vaxtdan Gəncədə və Bakıda hava limanları üzərindən uçuşlara bilet almaq üçün kassa funksiyasını yerinə yetirir. Lakin aviareyslərin bərpası, o cümlədən turistlərin sayının artmasına səbəb olacaq”. Onun sözlərinə görə, 1988-ci ilədək illik Naftalan şəhərinə turist axınını təxminən 80-84 min nəfər təşkil edirdisə, 2015-ci ildə isə onların sayı 20 minə çatıb, o cümlədən 4800 xarici ölkələrdən. 2016-cu ilin beş ayı ərzində turistlərin ümumi sayı beş min (1200 nəfərlik artım) , o cümlədən 900 xarici turist olub: “Hələ sovet dövründə Naftalandan turizmdən gələn gəlirlər Krımın, Yaltanın inkişafı üçün göndərilirdi, Naftalanda isə hərbçilər, ana və uşaq üçün sanatoriya tikilib. Şəhərin 2030-ci ilə qədər nəzərdə tutulmuş yeni baş planına əsasən, Naftalanda yeni “Kəpəz” sanatoriyası istifadəyə verilib və hazırda burada doqquz sanatoriya fəaliyyət göstərir. Və onların hamısı müalicə sanatoriyalarıdır. Qiymətlər burada münasibdir və üçdəfəlik qida və müalicəvi prosedurlar nəzərə alsaq, bu gündə adambaşına 30 manatdan başlayır və qiymət, xidmətlər paketi üzrə asılı olaraq artır”. Onun sözlərinə görə, Naftalanda xeyli sayda beş manata günlük ev icarəyə götürən var ki, sanatoriyaya müalicəyə gəlir və bu onlara daha ucuz başa gəlir. Onların müalicə xərcləri 12 gün ərzində 120-180 manat arası ola bilər. Naftalan İcra hakimiyyətinin sektorunun rəhbəri Ülfət Əliyev Trend-ə bildirib ki, şəhərin baş planına uyğun olaraq, hələ fin evlərinin tikintisi nəzərdə tutulur ki, burada sanatoriyaya müalicə üçün gələnlər qala bilərlər: “Bu, şəhərin qonaqlarına mədəniyyət və mətbəxi ilə tanış olmağa, eləcə də təbiətlə ləzzət almağa imkan verəcək, hansı ki müalicəvidir, xüsusilə mart-aprel aylarında bronxial astma xəstələri üçün”.xeber100.com

İyul 4, 2016 1:58