Əmək və əhalinin məşğulluğu sahəsində əməkdaşlığa dair saziş imzalanıb

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun başçılıq etdiyi nümayəndə heyəti Tacikistan Respublikasında səfərdədir. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildiriblər ki, səfər əmək bazarının tənzimlənməsi, aktiv əmək bazarı siyasəti, insan resurslarının planlaşdırılması və inkişafı, əməyin mühafizəsi, əlilliyi olan şəxslərin peşə reabilitasiyası və digər sahələrdə Azərbaycanda əldə olunmuş təcrübənin öyrənilməsi, müsbət təcrübə üzrə qarşılıqlı məlumat mübadilələrinin aparılması, ikitərəfli əlaqələrin inkişafı ilə bağlı Tacikistan Respublikası Əmək, Miqrasiya və Əhalinin Məşğulluğu Nazirliyinin müraciətinə əsasən həyata keçirilir. Azərbaycan nümayəndə heyəti ilə görüşdə Tacikistan Respublikasının əmək, miqrasiya və məşğulluq naziri xanım Sumanqul Taqoyzoda ölkəsinin Azərbaycanla bütün sahələrdə olduğu kimi, əmək və məşğulluq sahəsində də əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayıb. O, bu görüşün iki ölkənin əməkdaşlıq əlaqələrinin genişləndirilməsində əhəmiyyətli olacağını bildirib. S.Müslümov Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində ölkəmizin malik olduğu sosial-iqtisadi inkişaf dinamikası barədə məlumat verib. Nazir bildirib ki, son 12 ildə 3,4 dəfə iqtisadi artıma nail olan, qeyri-neft sektorunun artaraq ÜDM-də payının 70 faizi ötdüyü respublikada 1,5 milyondan çox iş yeri açılıb, işsizlik səviyyəsi 5 faizə enib. Bu müsbət proseslər ölkədə orta aylıq əməkhaqqının 5,6 dəfədən çox, əhalinin gəlirlərinin 7 dəfə artması, yoxsulluğun qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağı, yəni 5 faizə qədər azalması ilə müşahidə olunub: “Yeni qlobal çağırışlara uyğun olaraq, ölkədə yeni postenerji dövrü üçün qeyri-neft sektoru üzərində davamlı iqtisadi inkişafın təmin olunmasına yönələn islahatlar eyni zamanda sosial rifah amilinə, əhalinin gəlirlərindəki sabit artım tempinin qorunub saxlanmasına yönəlib. Təsadüfi deyil ki, son vaxtlarda milli iqtisadiyyata artan mənfi xarici iqtisadi təsirlərə rəğmən, cari ilin yanvar-aprel aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 7,8 faiz artıb. Əhalinin gəlirlərində isə bu ilin yanvar-may aylarında 8,3 faiz artım qeydə alınıb”. Ölkəmizin sosial təminat sistemindən bəhs edən S.Müslümov bu sistemin respublika əhalisinin 23 faizini əhatə etdiyini, habelə son illərdə bir sıra yeni sosial təminat növlərinin də formalaşdığını, ümumən sosial ödənişlərin mütəmadi olaraq artırıldığını konkret göstəricilər əsasında diqqətə çatdırıb. O, aktiv məşğulluq proqramları, gənclərin əmək bazarına çıxışının dəstəklənməsi üçün icra olunan layihələr, inklüziv əmək bazarının yaradılması, sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiyası, BƏT-in layiqli əmək konsepsiyasının reallaşdırılması, bu sahədə yeni Ölkə Proqramının hazırlanması, əhalinin özünəməşğulluq imkanlarının artırılması yönündə görülən işlər barədə məlumat verib. Nazir ölkəmizdə demoqrafik artım tempinin davam etdiyini, təkcə bu ilin yanvar-aprel aylarında əhalinin sayının 33,6 min nəfər və ya cari ilin əvvəli ilə müqayisədə 0,3 faiz artaraq may ayının 1-i vəziyyətinə 9739,2 min nəfərə çatdığını qeyd edib. O, sürətlə artan insan resurslarının iqtisadiyyata cəlb olunması və məşğulluğunun təmin edilməsi məqsədilə respublikanın yeni uzunmüddətli Məşğulluq Konsepsiyasının hazırlandığını diqqətə çatdırıb. S.Müslümov son illərdə əmək münasibətlərinin elektron qeydiyyatı, habelə sosial təminat, tibbi-sosial ekspertiza və reabilitasiya sistemlərinin elektron texnologiyalar üzərində qurulması, bu sahələrdə xidmətlərin şəffaflaşdırılması yönündə aparılan islahatlar barədə də məlumat verib: “Bu islahatlar beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir. Artıq BMT tərəfindən Azərbaycanın əmək və sosial müdafiə sahəsində avtomatlaşdırılmış sistemlərinin Cənub-Cənub Əməkdaşlığı müstəvisində digər ölkələrdə də tətbiqinin təşviq olunmasına başlanılıb. Bu məqsədlə həmin avtomatlaşdırılmış sistemlər qabaqcıl təcrübə nümunələri kimi BMT-nin “Ərəb ölkələri, Avropa və MDB regionlarında Cənub-Cənub Əməkdaşlığı çərçivəsində Əməkdaşlıq Mexanizmləri və Həllər” adlı portalında yerləşdirilib”. S.Müslümov dünyada miqrasiya proseslərinin genişləndiyi, habelə Azərbaycana işçi miqrant axınının artdığı şəraitdə ölkədə miqrasiya siyasətinin təkmilləşdirilməsindən bəhs edib. Tacikistanla müvafiq iş sahələrində təcrübə mübadilələrinin aparılması üçün lazımi işlərin görüləcəyini qeyd edən S.Müslümov bununla bağlı ikitərəfli əməkdaşlığın genişləndirilməsinin məqsədəuyğun olduğunu qeyd edib. S.Taqoyzoda Azərbaycanda əmək və əhalinin məşğulluğu, o cümlədən gənclərin, əlilliyi olan şəxslərin əmək bazarına çıxışının dəstəklənməsi yönündə görülən işlərin, eləcə də əmək və sosial müdafiə sisteminin müasir innovativ yanaşmalar əsasında qurulması üçün aparılan islahatların onlarda böyük maraq doğurduğunu bildirib. O, Azərbaycanın bu sahələrdə təcrübənin öyrənilməsinə, habelə ikitərəfli təcrübə və məlumat mübadilələrinin reallaşdırılmasına xüsusi diqqət yetirəcəklərini vurğulayıb. Hər iki nazirliyin nümayəndə heyətləri gələcək əməkdaşlıq istiqamətlərini, bu istiqamətlərdə görüləcək işləri müzakirə ediblər. Görüşün yekunu olaraq S.Müslümov və S.Taqoyzoda tərəfindən “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Tacikistan Respublikası Əmək, Miqrasiya və Əhalinin Məşğulluğu Nazirliyi arasında əmək və əhalinin məşğulluğu sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb. Sazişdə tərəflər arasında əmək bazarının tənzimlənməsi və əhalinin məşğulluğu probleminin həlli, əhalinin müxtəlif qruplarının məşğulluğu da daxil olmaqla insan resurslarının planlaşdırılması və inkişafı, əmək bazarının məlumat sistemləri, aktiv əmək bazarı siyasəti, əməyin mühafizəsi sahələrində əməkdaşlığın həyata keçirilməsi əksini tapıb. Sənəddə əlilliyi olan şəxslərin peşə reabilitasiyası və işlə təmin edilməsi, işsiz vətəndaşların peşə hazırlığı və yenidən hazırlığı sisteminin inkişafı, beynəlxalq təşkilatların, maraqlı dövlət orqanlarının iştirakı ilə əmək və əhalinin məşğulluğu sahəsində birgə layihələrin hazırlanması və icrası, digər əməkdaşlıq istiqamətləri də əhatə olunub. Əməkdaşlıq formaları kimi Sazişdə tərəflər arasında müvafiq qanunvericilik, normativ sənədlərin və analitik-informasiya materiallarının mübadiləsi, kadrların texniki-peşə hazırlığı və yenidən hazırlığı sahəsində təcrübə mübadiləsi, ekspertlər arasında məsləhətləşmələrin aparılması, hər iki dövlətin ərazisində keçirilən beynəlxalq tədbirlərdə ekspert və mütəxəssislərin qarşılıqlı iştirakı, tərəflərin mütəxəssislərinin ixtisaslarının artırılması və təcrübə mübadiləsi məqsədilə ixtisasartırma, həmçinin təlim səfərlərinin təşkili və s. əksini tapıb. Sazişdə yer alan müddəaların icrası məqsədilə tərəflərin birgə İşçi Qrupu yaratmaları da nəzərdə tutulub.xeber100.com

İyun 21, 2016 12:25

“Sosial işçi” modelinin tətbiqi işləri aparılır

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Avropa İttifaqının “Sosial xidmətin inkişafı” adlı tvinninq layihəsinin əsas hədəflərindən biri də nazirliyin sosial xidmət işçilərinin peşəkarlıq səviyyələrinin qabaqcıl beynəlxalq təcrübəyə uyğun “sosial işçi” modeli əsasında təkmilləşdirilməsidir. Bu məqsədlə layihə çərçivəsində pilot rayonlar üzrə sosial xidmət işçiləri üçün təşkil olunan silsilə təlimlər artıq yekunlaşıb. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildiriblər ki, bununla əlaqədar keçirilən tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq əmək və sosial müdafiə sisteminin təkmilləşdirilməsi üçün aparılan işlərin sosial xidmətlər sahəsini də əhatə etdiyini vurğulayıb. Nazir bildirib ki, “Sosial xidmətin inkişafı” tvinninq layihəsi çərçivəsində və Avstriyanın müvafiq dövlət qurumları ilə əməkdaşlıq müstəvisində sosial xidmətlər sisteminin mütərəqqi dünya praktikasına uyğunlaşdırılması üçün müvafiq işlər görülür: “Hazırda Nazirliyin rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzlərinin sosial xidmət işçiləri tərəfindən yalnız tənha ahıl və əlil şəxslərə səyyar formada xidmətlər göstərilir. Lakin qarşıda duran məqsəd əhalinin digər həssas kateqoriyalarının ilkin sosial xidmətlərə əlçatanlığının da təmin edilməsidir. Ona görə də ölkəmizdə beynəlxalq və mütərəqqi standartlara uyğun yeni “sosial işçi” modelinin tətbiqi işləri aparılır”. S.Müslümov bildirib ki, bu modeldə həm sosial işin əhatə etdiyi şəxslərin kateqoriyaları, həm də bu işin funksional miqyası xeyli genişlənir: “Belə ki, sosial işin əhatə dairəsinə sosial müdafiəyə ehtiyacı olan insanlar, o cümlədən əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud uşaqlar, sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayan şəxslər, ahıllar, aztəminatlı ailələr, məişət zorakılığına məruz qalmış şəxslər, insan alverinin qurbanı olan şəxslər, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər və b. daxildir. “Sosial işçi” modeli həmin insanlara ilkin sosial xidmətlər göstərilməklə problemlərinin həlli istiqamətində dəqiq qərar qəbul edilməsini, sosial xidmətlərə əlçatanlığının təmin olunmasını, onların cəmiyyətə inteqrasiyasını, həmçinin sosial-psixoloji ehtiyaclarının müəyyənləşdirilməsini və s. nəzərdə tutur”. Nazir bu modelin tətbiqi üçün ilkin olaraq 4 pilot ərazinin (Bakı şəhərinin Xəzər rayonu, Gəncə şəhəri, Lənkəran və Xaçmaz rayonları) seçildiyini qeyd edib: “Bununla əlaqədar, həmin ərazilərdə çalışan əməkdaşlara qabaqcıl beynəlxalq təcrübənin öyrədilməsi, onların öz iş sahələrində nəzəri və təcrübi biliklərinin artırılması məqsədlə “Sosial xidmətin inkişafı” adlı tvinninq layihəsi çərçivəsində cari ilin aprel-iyun aylarında silsilə təlimlər təşkil olunub. Bu təlimlərə rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzlərinin sosial xidmət işçiləri, Nazirliyin Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin, Nazirliyin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin, ayrı-ayrı ali təhsil müəssisələrinin, müvafiq sahə üzrə QHT-lərin nümayəndələri cəlb olunub. Təlimlər “Təlim metodları və sistemli yanaşma”, “Məişət zorakılığı”, “Ahıllar”, “Cəza çəkməkdən azad edilmiş şəxslər”, “Ailələr və uşaqlar” mövzularında keçirilib. Artıq başa çatan həmin təlimlər hesab edirəm ki, iştirakçıların müvafiq sahədə qabaqcıl beynəlxalq təcrübəni öyrənmələrində əhəmiyyətli rol oynayıb”. S.Müslümov bu istiqamətdə aparılan işlərin respublikanın bütün bölgələri üzrə sosial xidmət işçilərini əhatə edəcəyini də diqqətə çatdırıb. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard ötən dövrdə müvafiq iş sahələrində əldə olunan əməkdaşlıq təcrübəsinin hazırda sosial xidmətlər sahəsində də uğurla davam etməsindən məmnunluğunu bildirib. O, “Sosial xidmətin inkişafı” adlı tvinninq layihəsinin ölkəmizdə sosial xidmətlər sisteminin mütərəqqi dünya təcrübəsinə əsasən təkmilləşdirilməsinə fəal dəstək verəcəyinə əminliyini bildirib. M.Mard yekunlaşan təlimlərin bu sahədə insan resurslarının inkişafına, sosial xidmət işçilərinin bilik və peşəkarlıq səviyyələrinin yüksəldilməsinə yönəldiyini diqqətə çatdırıb. Daha sonra təlimlərin iştirakçılarına sertifikatlar təqdim edilib.xeber100.com

İyun 14, 2016 12:27