I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib

İyunun 4-də Dövlət İmtahan Mərkəzi I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirib. İmtahan 18 şəhər və rayonda təşkil olunub. İmtahan keçirilən şəhər və rayonlarda 118 imtahan binası, 2130 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 118 ümumi imtahan rəhbəri, 353 imtahan rəhbəri, 2667 nəzarətçi – müəllim, 366 buraxılış rejimi əməkdaşı, 118 bina nümayəndəsi cəlb edilib. İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Üç nəfərdə mobil telefon, 1 nəfərdə “ağıllı” saat aşkarlandığı, 1 nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub. İmtahandan xaric olunanların nəticələri ləğv olunur və onlar yay qəbul imtahanlarına da buraxılmırlar. İmtahanda 29 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb. İmtahanda istifadə olunmuş qapalı və kodlaşdırıla bilən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları yaxın saatlarda Mərkəzin teleqram kanalına, digər sosial şəbəkə hesablarına və saytına yerləşdiriləcək. Bu gün saat 15:00-da DİM-in yutub kanalı vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən həm IV, həm də I ixtisas qrupu üzrə imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. Abituriyentlər suallarını şərhlərdə yaza bilərlər. İyunun 5-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq. İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.xeber100.com

İyun 4, 2023 3:05

IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilir. Həmçinin bu gün I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni üzrə də imtahan keçirilir. Bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, imtahan saat 11:00-da başlayıb. İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Qazax, Cəlilabad və Xaçmazda təşkil edilib. İmtahan keçirilən şəhər və rayonlarda 62 imtahan binası, 1111 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 62 ümumi imtahan rəhbəri, 183 imtahan rəhbəri, 1387 nəzarətçi–müəllim, 189 buraxılış rejimi əməkdaşı, 62 bina nümayəndəsi cəlb edilib. İmtahanda 14683 (IV qrup 5576, I qrup – informatika 9107) abituriyentin iştirakı nəzərdə tutulur. Abituriyentlərdən 12942 (IV qrup 4774, I qrup – informatika 8168) nəfər Azərbaycan, 1741 (IV qrup 802, I qrup – informatika 939) nəfər isə rus bölməsinin məzunudur. İmtahan verənlərin 7108 nəfəri oğlan, 7575 nəfəri isə qızdır. 13206 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 1297 nəfər əvvəlki illərin məzunudur. 25 nəfər ali təhsil müəssisələrinin, 155 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 93 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1971-ci ildən, ən gənci isə 2007-ci ildəndir. İmtahanda 18 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.xeber100.com

İyun 3, 2023 6:54

Dövlət İmtahan Mərkəzi: Ali məktəblərə qəbul üçün qeydiyyat başa çatır

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu başa çatır bildirilib ki, abituriyentlər bu gün saat 23:59-dək DİM-in müvafiq internet səhifəsinə daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçib qeydiyyatdan keçməlidirlər. Dövlət İmtahan Mərkəzindən bildirilib ki, abituriyentlər bu gün saat 23:59-dək DİM-in müvafiq internet səhifəsinə daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçib qeydiyyatdan keçməlidirlər. Bu il tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə buraxılış imtahanı vermiş, lakin martın 1-15-də ərizə qəbulunda iştirak etməmiş cari ilin məzunlarının müraciətləri nəzərə alınaraq onların da I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçməsinə imkan yaradılır. Bundan əlavə, keçən il buraxılış imtahanı (qəbul imtahanının birinci mərhələsi) vermiş, lakin martın 1-15-də ərizə qəbulunda iştirak etməmiş əvvəlki illərin məzunları da I, II, III və IV qruplardan hər hansı birini seçib imtahanın ikinci mərhələsində iştirak edə bilərlər. Bu halda imtahanın birinci mərhələsinin nəticəsi kimi həmin abituriyentlərin keçən il topladıqları bal nəzərə alınacaq.xeber100.com

May 5, 2023 3:19

Dövlət İmtahan Mərkəzi 9 illik təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirir

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) Bakı şəhərinin Xəzər, Nizami, Pirallahı rayonlarında, Naxçıvan MR-də, Mingəçevir, Naftalan, Sumqayıt (II hissə), Şirvan, Yevlax şəhərlərində, Abşeron (II hissə), Ağstafa, Balakən, Bərdə, Cəlilabad (II hissə), Goranboy, Göyçay (II hissə), Xaçmaz (II hissə), İsmayıllı, Qax, Qazax, Quba (II hissə), Lerik, Masallı (II hissə), Salyan, Şamaxı, Tərtər, Ucar, Zaqatala rayonlarında, Bakı şəhərinin xüsusi ümumtəhsil müəssisələrində, eləcə də tədrisi ingilis, fransız və gürcü dillərində aparılan ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirir. DİM-dən bildirilib ki, bugünkü imtahanda 48 min 65 şagirdin iştirakı nəzərdə tutulur. İmtahan saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur. Bugünkü imtahanda 15 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Həmçinin eşitmə əngəlli şagirdlər üçün onların dinləmə ilə bağlı qüsurları nəzərə alınaraq xüsusi test kitabçaları hazırlanıb. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb. İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 208 imtahan binası, 3664 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 600 imtahan rəhbəri və ümumi rəhbər, 4533 nəzarətçi-müəllim, 669 buraxılış rejimi əməkdaşı (mühafizə), 208 bina nümayəndəsi cəlb edilib.xeber100.com

Aprel 30, 2023 3:05

Azərbaycan Dövlət Neft Akademiyasında törədilmiş terror aktının növbəti ildönümüdür

Aprelin 30-u Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində) törədilmiş terror aktının növbəti ildönümüdür. Terror hadisəsindən 14 il ötür. 2009-cu il aprelin 30-u saat 9:30 radələrində Azərbaycan Dövlət Neft Akademiyasının ikinci korpusuna daxil olan terrorçunun birinci mərtəbədən altıncı mərtəbəyədək qarşısına çıxanlara “Makarov” tipli tapançadan atəş açması nəticəsində təhsil müəssisəsinin müəllim və tələbələri amansızcasına qətlə yetiriliblər. Terror aktı nəticəsində 12 nəfər həlak olub, 13 nəfər ağır yaralanıb. Hadisə yerinə dərhal polisin xüsusi təyinatlı nizami hissəsinin, ərazi polis və prokurorluq orqanlarının məsul əməkdaşları gəliblər. Polis tərəfindən zərərsizləşdiriləcəyini görən silahlı cinayətkar özünü öldürüb. Cinayəti törətmiş şəxsin üstündən 1980-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğluna məxsus şəxsiyyət vəsiqəsi, “Makarov” tipli tapança, habelə hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 patrondaş, 2 tapança sandıqçası aşkar edilərək götürülüb. Cinayət işi üzrə təqsirli bilinən dörd nəfər də layiqli cəzalarını alıb. 2009-cu il mayın 1-də Prezident İlham Əliyev “Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş faciəli hadisə nəticəsində həlak olanların ailələrinə və ağır xəsarət alanlara birdəfəlik maddi yardım göstərilməsi barədə” Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən, həlak olanların ailələrinin hər birinə 30 min, ağır xəsarət alanların hər birinə isə 15 min manat məbləğində birdəfəlik maddi yardım edilib. Faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi üçün bir sıra tədbirlər həyata keçirilib. Universitetin terror aktının törədildiyi ikinci tədris korpusunun foyesində faciə qurbanlarının xatirəsinə həsr olunmuş barelyef açılıb. Hadisədən bəhs edən və universitetin istehsalı olan “Bir sal yadına” sənədli filmi yaradılıb. Eyni zamanda, ADNSU-da hər il terror aktının ildönümü müxtəlif tədbirlərlə qeyd olunur. Dünyanın hər hansı bir ölkəsində törədilən terror bütün bəşəriyyət üçün, insanlığa qarşı böyük bəladır. Ona görə də dünya birliyi terrorizmə qarşı qətiyyətlə mübarizə aparmalıdır. Sağlam düşüncə naminə bu gün geniş təbliğat, maarifləndirmə tədbirləri həyata keçirilməlidir.xeber100.com

Aprel 30, 2023 3:02