Dövlət İmtahan Mərkəzinin məlumatı

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mayın 26-da dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər (idarəetmə) vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək.DİM-dən Azərtac-a bildirilib ki, imtahan kompüter vasitəsilə Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək. İmtahana qeydiyyat aprelin 25-dən mayın 25-dək aparılıb. Bu müddət ərzində 53 namizəd qeydiyyatdan keçib. İmtahan saat 10-da başlayacaq və üç saat davam edəcək. Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi"ni gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq yarandıqda namizəd imtahana buraxılmayacaq.Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. İnzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikata malik olan şəxs nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməyəcək.xeber100.com

May 25, 2018 2:49

Elm və təhsil komitəsinin növbəti iclası keçirilib

Mayın 24-də Milli Məclisin elm və təhsil komitəsinin növbəti iclası keçirilib.Azərtac xəbər verir ki, əvvəlcə komitə sədri İsa Həbibbəyli gündəlikdəki məsələlər haqqında məlumat verib. Bildirib ki, Əmək Məcəlləsində edilən dəyişikliklər əsasən redaktə xarakterlidir. Qeyd edilib ki, Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə həmin işçilər “Təhsil haqqında” Qanunda nəzərdə tutulmuş qaydada sertifikasiyaya cəlb ediləcəklər. Bu dəyişikliyin vacibliyini qeyd edən İsa Həbibbəyli deyib ki, sertifikasiya təhsilin keyfiyyətini artırmaq üçün məqbul bir prosedurdur.Diqqətə çatdırılıb ki, hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikasiyası keçirilmir. İlk dəfə işə qəbul olunanlar beş il müddətində, eləcə də azı üç dəfə sertifikasiyadan keçmiş şəxslər sertifikasiyaya cəlb edilməyəcəklər.“Təhsil haqqında” Qanunda edilməsi nəzərdə tutulan dəyişikliklər “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulmuş hədəflərə nail olunması və müasir təhsil sisteminin formalaşdırılması istiqamətində normativ-hüquqi bazanın təkmilləşdirilməsi məqsədi daşıyır.Sənədə edilən dəyişikliyə görə vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin istəyi nəzərə alınaraq, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və ya müvafiq icra hakimiyyəti orqanı ilə razılaşmaya uyğun olaraq təhsil müəssisələrində tədris müvafiq dövlət təhsil standartları əsasında digər dillərdə də aparıla bilər. Tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində Azərbaycan dili, ədəbiyyatı, tarixi və coğrafiyası tədris olunmalıdır.“Təhsil haqqında” Qanunun 26.5-ci maddəsinə edilən dəyişikliyə görə, beynəlxalq fənn olimpiadalarının qalibləri istənilən ixtisaslar üzrə, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunacaqlar. Bu olimpiadaların, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.Qanuna edilən digər dəyişikliyə görə, xüsusi proqram əsasında təhsilverən təhsil müəssisələri istisna olmaqla, ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan təhsilalanlar həmin təhsil müəssisəsinə ilk növbədə qəbul olunurlar. Ümumi təhsil müəssisələrinə uşaqların qəbulu, sinifdən-sinfə keçirilməsi və yerdəyişməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.Bildirilib ki, ali tibb təhsili təhsil proqramlarına və dövlət ali tibb təhsil standartlarına uyğun olaraq, əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrində aparılır, məzunlara müvafiq olaraq həkim və həkim-mütəxəssis ali peşə-ixtisas dərəcələri verilir.Təhsil naziri Ceyhun Bayramov deyib ki, Əmək Məcəlləsinə edilən dəyişikliklərin əsas məqsədi sertifikasiya ilə bağlı müddəaların əlavə edilməsindən ibarətdir. 2014-cü ildən etibarən bu istiqamətdə ilkin addımlar atılıb. Həmin ildən etibarən Təhsil Nazirliyi tərəfindən ümumtəhsil sistemində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi prosesinə başlanılıb. Qanunvericilikdə sertifikasiya sisteminin təsdiq edilməsi işin keyfiyyətinə müsbət təsir edəcək.Nazir “Təhsil haqqında” Qanunda ediləcək dəyişikliklər barədə də fikirlərini bildirib. O qeyd edib ki, Bakıda və digər böyük şəhər məktəblərində sıxlıq mövcuddur. Paytaxt orta məktəblərində sıxlıq 10 faiz təşkil edir. Belə ki, şəhərdə birinci sinfə qəbul üçün müraciət edənlərin sayı digər yerlərdən çox olur. Təbii ki, müraciətlərin hamısını qəbul etmək mümkün deyil. Qanunda edilən dəyişikliyə görə, ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan təhsilalanlar həmin məktəblərə ilk növbədə qəbul olunacaqlar.Sonra deputatlar qanun layihələri barədə təklif və rəylərini bildiriblər.Müzakirə edilən qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.İclasda, həmçinin “Ümumi təhsil haqqında” Qanunun hazırlanması məqsədilə işçi qrupunun tərkibi təsdiq edilib.xeber100.com

May 24, 2018 9:59

Dövlət İmtahan Mərkəzinin məlumatı

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 22-də 11 dövlət orqanında inzibati vəzifələrin A və B növü üzrə 27 vakant vəzifənin tutulması üçün ümumi müsahibə elan edib.DİM-dən Azərtac-a bildiriblər ki, ümumi müsahibəyə çıxarılan vəzifələrdən altısı A növü - inzibati rəhbər vəzifələr üzrə (Energetika Nazirliyi – altı vəzifə), 21-i isə B növü – inzibati icraçı vəzifələr üzrə olmaqla (Energetika Nazirliyi – bir vəzifə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi – bir vəzifə, Şirvan Apellyasiya Məhkəməsi – üç vəzifə, Əmlak Məsələləri Dövlət Komitəsi – iki vəzifə, Hesablama Palatası – bir vəzifə, Maliyyə Nazirliyi – dörd vəzifə, Şabran Rayon Məhkəməsi – iki vəzifə, Lənkəran Ağır Cinayətlər Məhkəməsi – iki vəzifə, Təhsil Nazirliyi – üç vəzifə, Şirvan Apellyasiya Məhkəməsi – bir vəzifə, Kəlbəcər Rayon Məhkəməsi – bir vəzifə) mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatlarında, tabeliyində olan qurumlarda, yerli təşkilatlarında və rayon məhkəmələrindədir.Ümumi müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifələr inzibati vəzifələrin dördüncü təsnifatına uyğun olan Energetika Nazirliyi insan resursları və dövlət qulluğu şöbəsi, kadr siyasəti sektoru şöbə müdirinin müavini-sektor müdiri, beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, beynəlxalq əməkdaşlıq şöbəsi, dövlətlərarası əməkdaşlıq sektoru şöbə müdirinin müavini-sektor müdiri, strateji proqramlar və islahatlar şöbəsi-şöbə müdirinin müavini, inzibati vəzifələrin beşinci təsnifatına uyğun olan Energetika Nazirliyi insan resursları və dövlət qulluğu şöbəsi, dövlət qulluğu sektorunun müdiri, Çağrı Mərkəzi sektorunun müdiri vəzifələridir.Ümumi müsahibədə iştirak etmək istəyən namizəd buradan “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə DİM-in internet portalına məlumatları daxil etməlidir. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiqləməli və mayın 22-dən iyunun 22-si saat 18:00-dək (30 gün müddətində) mərkəzin portalı vasitəsilə müsahibədə iştirak üçün müraciət etməlidir.xeber100.com

May 22, 2018 1:24

İqtisad Universitetinin təşkilatçılığı ilə “Startap günləri” keçiriləcək

Mayın 25-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Startap Azərbaycan” Təşkilat Komitəsi və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) birgə təşkilatçılığı ilə “Startap günləri” keçiriləcək.UNEC-dən Azərtac-a bildirilib ki, tədbir Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində Yüksək Texnologiyalar Parkı və İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun dəstəyi ilə reallaşacaq.“Startap günləri”nin keçirilməsinin məqsədi yeni startapların yaradılmasına və internet biznesin inkişafına təkan verməkdir. Eyni zamanda, milli startap infrastrukturunu inkişaf etdirmək və tələbələrə bu istiqamətdə metodik dəstək göstərmək layihənin prioritetləri sırasındadır.İki gün davam edəcək tədbirlər çərçivəsində startapların təqdim edilməsi, layihələrin ilkin versiyalarının və prototiplərinin hazırlanması mövzusunda təlimlər keçiriləcək. Eyni zamanda, tələbələrə yerli startap sahibləri, tanınmış ekspert və nüfuzlu informasiya texnologiyaları şirkətlərinin rəhbərləri ilə görüşmək imkanı yaradılacaq.“Startap günləri”ndə gənclərin biznes ideyalarının və yeni internet layihələrinin ilkin variantlarının müsabiqəsi təşkil olunacaq. Tələbələr innovativ biznes ideyalar ətrafında komandalar formalaşdıraraq, mentor və ekspertlərin köməyi ilə yeni startap layihələrinin ilkin variantlarını hazırlayacaqlar. Yekunda öz layihələrini təqdim etməklə yarışmaya qatılan tələbələrin ideyalarını peşəkar münsiflər heyəti qiymətləndirəcək.Qaliblərə qiymətli hədiyyələr, diplom və sertifikatlar təqdim olunacaq.xeber100.com

May 21, 2018 1:05