XI Azərbaycan beynəlxalq təhsil sərgisinin açılışı olub

Oktyabrın 6-da Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin dəstəyi, “Caspian Event Organisers” (“CEO”) şirkətinin təşkilatçılığı ilə keçirilən XI Azərbaycan beynəlxalq təhsil sərgisinin (“Education 2017”) açılışı olub. Açılış mərasimində ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri, müxtəlif təhsil xidmətləri göstərən qurumların nümayəndələri iştirak ediblər.Azərtac xəbər verir ki, tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov Azərbaycan beynəlxalq təhsil sərgisinin keçirilməsinin artıq ənənə halı aldığını bildirib. Vurğulanıb ki, “İnsan kapitalı sərvətimizdir” devizi altında təşkil edilən sərgidə son illər Təhsil Nazirliyi tərəfindən həyata keçirilən yeni layihələr və mövcud təhsil imkanları təqdim olunur. 2017-2018-ci tədris ilinin “Təhsildə keyfiyyət ili” elan edildiyini xatırladan M.Cabbarov bu hədəfin təhsil sahəsində keyfiyyət dəyişikliklərinə nail olmaq, cəmiyyət üçün layiqli vətəndaş, XXI əsrin tələblərinə cavab verən və çevik düşünmə qabiliyyətinə malik insan yetişdirmək məqsədi daşıdığını bildirib.Sərgidə Azərbaycanın 17 ali təhsil müəssisəsinin stendləri yer alıb. Almaniya, Avstriya, Belarus, İtaliya, Latviya, Litva, Macarıstan, Rusiya, Rumıniya, Sinqapur, Slovakiya və digər ölkələr universitet, kollec, ümumi təhsil müəssisələri və təhsil mərkəzlərini təqdim edirlər.Ümumilikdə sərgi çərçivəsində bakalavriat, magistratura, o cümlədən xarici dil kursları, təcrübə və treninqlər üzrə proqramlar təqdim edilir. Buraya gələnlər aparıcı ali təhsil müəssisələrinin nümayəndələri ilə birbaşa ünsiyyət quraraq qəbul prosesi, təhsil haqqı və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab almaq imkanı əldə edirlər. Sərgidə 9-11-ci sinif şagirdləri, tələbələr, valideynlər, təhsil sahəsinin peşəkarları iştirak edirlər.xeber100.com  

Oktyabr 6, 2017 2:36