Rəşid Behbudov – 100

28 Sentyabr 2016 11:52

Xəbər 2565 dəfə oxunub

Sentyabrın 27-də Tbilisidəki İvane Saracişvili adına Dövlət Konservatoriyasının akt zalında dünya şöhrətli müğənni Tbilisi şəhərinin fəxri vətəndaşı Rəşid Behbudovun 100 illik yubileyinə həsr olunmuş yubiley tədbiri keçirilib. Konservatoriyanın foyesində R.Behbudovun həyat və fəaliyyətinə həsr olunan foto sərgi açılmışdı. Şota Rustaveli adına Dövlət Teatr və Kino İnstitutu rektoru Georgi Dolidze tədbiri açdıqdan sonra Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Mixail Georqadze, Azərbaycanın bu ölkədəki səfirliyinin humanitar və mədəniyyət məsələlər üzrə müşaviri Samirə Ağayeva, məşhur opera müğənnisi Nani Breqvadze, Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva və başqaları çıxış edərək R.Behbudovun həyat və yaradıcılığından söz açıblar. Səhnədə quraşdırılmış ekranda R.Behbudovun “Arşın mal alan” musiqili komediyasından gürcü dilində parçalar nümayiş etdirilib.xeber100.com

Əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb

Oktyabrın 25-də Bakı Dövlət Universitetində (BDU) bu təhsil ocağı ilə Azərbaycan Milli Kitabxanası arasında əməkdaşlıq haqqında anlaşma memorandumunun imzalanıb və BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsində Milli Kitabxananın xüsusi auditoriyasının açılışı keçirilib. Memorandumu BDU-nun rektoru Elçin Babayev, Milli Kitabxananın direktoru Kərim Tahirov imzalayıblar. Sənəddə BDU ilə Milli Kitabxana arasında müasir kitabxana texnologiyaları, rəqəmsal xidmətlər və süni intellekt texnologiyaları sahəsində birgə layihələrin hazırlanması, innovativ tədqiqat laboratoriyaları və tədris məkanlarının yaradılması, gənclərin və təhsilalanların elmi-mədəni inkişafını dəstəkləyən layihələrin həyata keçirilməsi, eləcə də rəqəmsal informasiya resurslarının inteqrasiyası, elektron resurs mübadiləsinin təşkili, rəqəmsal kitabxana xidmətlərinin birləşdirilməsi və genişləndirilməsi, Milli Kitabxananın elektron arxivlərinə BDU-nun təhsilalan və tədqiqatçılarının çıxışının təmin edilməsi nəzərdə tutulur. Mərasimdə çıxış edən mədəniyyət naziri Adil Kərimli BDU-da Milli Kitabxananın xüsusi auditoriyasının açılmasının elm, təhsil və mədəniyyət ictimaiyyəti üçün önəmli hadisə olduğunu deyib. Bildirilib ki, Ümummilli lider Heydər Əliyev Bakı Dövlət Universitetini Azərbaycan xalqının milli sərvəti kimi qiymətləndirib. Azərbaycan Milli Kitabxanası da ölkə mədəniyyətinin əsas mərkəzlərindən biridir: “BDU-da yüksəkixtisaslı kadrların yetişdirilməsi işinə daim dəstək göstərməyə hazırıq. Mədəniyyət sahəsində elm və təhsilin inkişafı prioritetlərimizdən biridir. Bu auditoriyadan universitetin professor-müəllim heyəti, tələbə və tədqiqatçıları faydalanacaq”. BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, universitetdə müasir dövrün çağırışlarına cavab verən yeni texnologiyaların tətbiqinə xüsusi önəm verilir, əmək bazarının tələblərinə uyğun yeni ixtisas və ixtisaslaşmalar açılır. Qeyd edək ki, açılış mərasimində Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İsgəndərov, Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, ziyalılar və alimlər iştirak ediblər.xeber100.com

Oktyabr 26, 2024 16:57

Mədəniyyət naziri ADMİU-nun kollektivilə görüşüb

Mədəniyyət naziri Adil Kərimli oktyabrın 25-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) olub, kollektivlə görüşüb. Ali təhsil ocağı haqqında söz açan nazir universitetin zəngin ənənələrinin olduğunu, məzunlarının mədəniyyətimizin inkişafına mühüm töhfələr verdiklərini deyib. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyevin liderliyində ölkəmizdə bütün sahələr kimi, mədəniyyətin də inkişafına xüsusi diqqət yetirilir. Müvafiq sahə üzrə pedaqoji kollektivin əməyi qiymətləndirilir, müxtəlif təltif və mükafatlara layiq görülürlər. Mədəniyyət Nazirliyi tərəfindən kadr hazırlığına böyük əhəmiyyət verilir və bu sahədə Elm və Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq mövcuddur. Çünki mədəniyyət sahəsində keyfiyyətin yüksəldilməsi bilavasitə kadr hazırlığı ilə bağlıdır. Bu istiqamətdə inkişafa nail olmaq üçün gənclərin maraqları, seçdikləri ixtisaslar haqqında fikirlərinin nədən ibarət olduğunu öyrənmək vacibdir. Çağımızda sürətli innovativ yeniliklərə şahid olsaq da, süni intellekt inkişaf etsə də, mədəniyyət sahəsi sırf insan amilinə, istedadlı, bacarıqlı və ixtisaslı kadrlara bağlıdır. ADMİU-nun rektoru Ceyran Mahmudova kollektivlə görüşdüyü üçün nazirə təşəkkürünü bildirib. Rektor kadr hazırlığının çox vacib məsələ olduğunu söyləyib, təhsil ocağı ilə ARKA arasında əməkdaşlıqla bağlı müqavilənin imzalandığını deyib. Vurğulanıb ki, bu müqavilə nəticəsində 12 film layihəsi üzrə işlərə başlanılıb. Mədəniyyət Nazirliyi tərəfindən aktyorlara təyinatın verilməsi təklifinə münasibət bildirən nazir hər il ADMİU-nun Teatr sənəti fakültəsindən 60-a yaxın tələbənin məzun olduğunu deyib: "Həmin məzunların müvafiq teatrlarda yerləşdirilməsinə çalışmalıyıq. Bu prosesdə özəl teatrların da təşviq edilməsi vacibdir". Gənclərin kino sahəsinə marağının artırılması ilə bağlı danışan Adil Kərimli bildirib ki, ölkəmizdə kino istehsalının genişləndirilməsi istiqamətində addımlar atılır, tələbə filmlərinə də dəstək verilir.Görüş zamanı səsləndirilən təkliflərdən biri də ADMİU tələbələrinin teatrlara ödənişsiz girişi işi ilə bağlı olub. Nazir qeyd edib ki, bu istiqamətdə müəyyən işlər görülür.xeber100.com

Oktyabr 26, 2024 16:52

“Baku Steel Art 2024” adlı beynəlxalq metal simpoziumu təşkil ediləcək

Sentyabrın 17-dən 30-dək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 ərəfəsində “Baku Steel Company” QSC (BSC) və “QGallery” birlikdə “Baku Steel Art 2024” adlı beynəlxalq metal simpoziumunu təşkil edəcəklər. “QGallery”dən bildirilib ki, simpoziumun təşkilində məqsəd incəsənət və metallurgiyanın ekoloji dəyişikliklər və davamlı inkişafın katalizatoru kimi çıxış edə biləcəyini nümayiş etdirməkdir. Bu beynəlxalq layihə qlobal ekoloji çağırışlar kontekstində incəsənət və sənayenin qarşılıqlı əlaqəsinə yeni baxış təklif edir. Sözügedən unikal tədbir, dünyanın hər yerindən yaradıcılığında bu materialın lütfünü və gücünü təcəssüm etdirən sənətkarların və rəssamların əlamətdar toplantısı olacaqdır. Simpozium iştirakçıları öz heyrətamiz əsərlərini nümayiş etdirməklə yanaşı, təcrübələrini bölüşəcək, fikir mübadiləsi aparacaq, bir-birlərini yeni bədii axtarışlara ruhlandıracaqlar. Yaradıcılığın sehri tarixi ənənələrin müasir tendensiyalarla harmonik şəkildə qarışdığı şəhərin tam ürəyində canlanacaq. “Baku Steel Art 2024” mədəniyyətlər və üslublar arasında dialoq üçün platforma olacaq, metalla işləmə sənətində yaradıcılıq və müasir yanaşmalar üçün üfüqlər açacaq. Bu, hər bir metal elementinin və parıltısının insan təxəyyülünün sonsuz imkanlarından danışacağı ekspressiv incəsənətin parlaq dünyasına qərq olmaq şansıdır. Metallurgiya məhsullarının yaradılması prosesini müşahidə edərək, qaynaq zamanı yanıb-sönən hər bir qığılcımda gizlənən sirri hiss edirik. Metal ustaları kimyagərlər kimidir, onlar soyuq xammalı canlandırır, bununla da, təəccübləndirə və hətta ruha toxuna bilən obyektlərə çevirirlər. Məhz bu sənətkarlıq və texnologiyanın tandemi birlikdə sənət üçün yeni məkan yaradır, burada polad elementlər təkcə konstruktiv əsas deyil, həm də emosional mesajın daşıyıcısına çevrilir. “Baku Steel Art” rəssamları təkcə metaldan istifadə etməyəcəklər, ondan hekayələr düzəldəcəklər. Hər bir quraşdırma diqqətli işin nəticəsidir - poladın gücü ilə insan hisslərinin kövrəkliyi arasında analoqdur. Klassik əsərlərdə olduğu kimi, burada gözəllik anlayışının zamana tab gətirə bilən, insan qavrayış və heyranlığının dəyişkənliyi ilə yoğrulmuş daimiliyi üzə çıxacaq. “Baku Steel Art 2024” sərgisində 7 ölkədən (Azərbaycan, Gürcüstan, Türkiyə, Rumıniya, İsrail, Bolqarıstan, Hindistan) rəssamlar iştirak edəcək.xeber100.com

Sentyabr 13, 2024 20:35

“XXI əsrin mədəniyyəti. Suverenlik və ya qloballaşma?”

Azərbaycan çoxmillətli dövlət kimi zəngin və rəngarəng mədəni irsə malikdir. Bunu Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Sankt-Peterburq Beynəlxalq Birləşmiş Mədəniyyətlər Forumunun nümayəndə heyətləri rəhbərlərinin görüşündə çıxışı zamanı deyib. Nazir qeyd edib: “Ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi dövlət siyasəti dini və etnik mənsubiyyətindən asılı olmayaraq bütün mədəni dəyərlərin qorunub saxlanmasına və təbliğinə yönəlib. Hər bir mədəni irs obyekti dövlət tərəfindən qorunur və beynəlxalq aləmdə fəal şəkildə təbliğ olunur”. A.Kərimli qlobal iqlim dəyişikliyi şəraitində sıx beynəlxalq əməkdaşlığa və mədəniyyət sahəsində innovativ həllərdən istifadəyə təcili ehtiyac olduğunu vurğulayıb. O, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konfransı Tərəfləri Konfransının Bakıda keçiriləcək 29-cu sessiyası (COP29) çərçivəsində təşkil ediləcək mədəniyyət nazirlərinin görüşündə iqlim dəyişikliyinin mədəni irsə təsiri mövzusunun diqqət mərkəzində olacağını da diqqətə çatdırıb. Mədəniyyət naziri tədbirdə iştirak edənləri bu konfransda iştirak etməyə dəvət edib. Rusiya Federasiyasının mədəniyyət naziri Olqa Lyubimova çıxışında xarici ölkələrlə mədəniyyət mübadiləsi festivallarının qorunub saxlanmasının və təbliğinin vacibliyini qeyd edib. O, həmçinin bildirib ki, ən yüksək səviyyədə dəstəklənən mübadilə - Mədəniyyət illərinin elan edilməsi yaxşı təcrübədir. Rusiya Federasiyasının şimal paytaxtında keçirilən Sankt-Peterburq Beynəlxalq Birləşmiş Mədəniyyətlər Forumunda 80 ölkədən nümayəndələr iştirak edirlər. Bu il Forumun əsas mövzusu “XXI əsrin mədəniyyəti. Suverenlik və ya qloballaşma?” olub.

Sentyabr 13, 2024 20:31

Azərbaycan, BƏƏ və Braziliyanın mədəniyyət nazirləri Sankt-Peterburqda görüşüblər

Sentyabrın 12-də COP28 Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), COP29 Azərbaycan və COP30 Braziliya sədrliklərinin mədəniyyət nazirləri Rusiyanın Sankt-Peterburq şəhərində üçtərəfli görüş keçiriblər. Mədəniyyət Nazirliyindən bildirilib ki, əsas məqsəd COP29 çərçivəsində keçiriləcək mədəniyyət nazirlərinin İkinci Yüksək Səviyyəli Görüşünün proqram və formatını müəyyən etmək olub. Görüşdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, BƏƏ-nin mədəniyyət naziri Səlim bin Xalid əl-Qassimi və Braziliyanın mədəniyyət naziri Marqaret Menezes iştirak ediblər. Şarm Əl-Şeyxdə keçirilmiş COP27 tədbirindən bəri beynəlxalq gündəlikdə mədəniyyətin iqlim fəaliyyətindəki rolu aktuallıq qazanmağa başlayıb. Qeyd edək ki, ötən il Dubayda keçirilən COP28 tədbiri zamanı BƏƏ və Braziliya sədrlikləri ilə "Mədəniyyətə Əsaslanan İqlim Fəaliyyəti üzrə Əmirliklər Bəyannaməsi" qəbul olunub. Bu çərçivədə 30-dan çox nazir və hökumət nümayəndəsini, həmçinin beynəlxalq təşkilatların rəhbər və nümayəndələrini bir araya gətirərək, mədəniyyətin transformativ iqlim fəaliyyətindəki rolunu əhatə edən mədəniyyət nazirlərinin Birinci Yüksək Səviyyəli görüşü keçirilib. Azərbaycan da öz növbəsində bu məsələni hər zaman xüsusi diqqətdə saxlayıb və qlobal səviyyədə müzakirə olunması istiqamətində davamlı işlər aparmaqdadır. Mayın 1-dən 3-dək keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu zamanı dünyanın aparıcı iqlim və irs üzrə ekspertlərinin iştirakı ilə baş tutmuş xüsusi plenar sessiyanı buna nümunə kimi göstərmək olar. Hər iki nazir Azərbaycan tərəfinə bu məsələləri daim diqqətdə saxladığına və beynəlxalq müstəvidə təbliğ etdiyinə görə təşəkkürlərini bildirib. COP29 tədbirinin hazırlıq işləri ilə də tanış olan Braziliya və BƏƏ-nın mədəniyyət nazirləri hazırlıq işlərini yüksək qiymətləndirib, Bakıda keçiriləcək COP29-un ən yaddaqalan tədbir olacağına əmin olduqlarını ifadə ediblər. Eyni zamanda, görüş zamanı nazirlər COP29 çərçivəsində keçirilməsi nəzərdə tutulan əlavə tədbir, təşəbbüs, o cümlədən konsert və şou poqramlar barədə də fikir mübadiləsi aparıblar.xeber100.com

Sentyabr 13, 2024 20:29

Bəstəkar İmruzə Hüseynovanın yaradıcılıq axşamı keçiriləcək

Sentyabrın 18-də Yaşıl Teatrda bəstəkar İmruzə Hüseynovanın “Mübarəkdir Zəfərim” adlı yaradıcılıq axşamı keçiriləcək. Konsert, eyniadlı unikal mahnı ilə açılacaq və tamaşaçılara böyük Zəfərə həsr olunmuş ilhamverici kliplər təqdim olunacaq. Konsertdə Azərbaycan səhnəsinin tanınmış sənətçiləri çıxış edəcəklər. İlk olaraq Təranə Vəlizadə səhnəyə çıxacaq. Konsert daha sonra digər məşhur ifaçıların çıxışları ilə davam edəcək. O cümlədən, Flora Kərimova və Nadir Qafarzadə duet ifasında “Darıxmışam sənin üçün”, Lalə Məmmədova və Rəşad İlyasov duet ifasında “Romanıq ikimiz də” mahnılarını səsləndirəcəklər. Bundan başqa, Lalə Məmmədova solo ifasında “İstəmirəm vüsalını”, Rəşad İlyasov solo ifasında “Son dəfə”, Nisə Qasımova solo ifasında “Eynəklər”, Firəngiz Allahverdiyeva solo ifasında “Ata”, Samir Piriyev solo ifasında “Yuxu”, Nərmin Kərimbəyova solo ifasında “Başqasını sev”, Cavan Zeynallı solo ifasında “Bəxtimsən, taleyimsən”, Arif Nəbiyev solo ifasında “Qısqanmasan”, Şölə Səfərəliyeva solo ifasında “İgidlər diyarı”, Təranə Vəlizadə solo ifasında “Əbəsdi” və “Unuda bilmirəm”, Ceyhun Bakinskiy solo ifasında “Bakı”, Elxan Qaraxanoğlu solo ifasında “Eşq nəğməsi” və s. mahnılar ifa ediləcək.xeber100.com

Sentyabr 11, 2024 13:04

Qırğızıstanın və Özbəkistanın Azərbaycandakı səfirləri Bakı Bələdiyyə Teatrının yeni mövsümündə iştirak etdi

10 sentyabr Bakı Bələdiyyə Teatrı 32-ci mövsümü görkəmli qırğız yazıçısı, ictimai-siyasi xadim Cingiz Aytmatovun ”Ana tarla” tamaşası ilə acıq elan etdi. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında nümayiş olunan tamaşada Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov, Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov nümayəndə heyəti ilə, “Dədə Qorqud” Milli Fondunun yaradıcısı və prezidenti, ictimai xadim Eldar İsmayılov, yazıçı, filoloq Akif Əli, millət vəkili Günay Əfəndiyeva, tanınmış ictimai, mədəniyyət və incəsənət xadimləri, eləcə də bir çox qonaqlar iştirak edirdilər. Öncə canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra söz Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanova verildi. M.Mamıtkanov dəvətə görə öz təşəkkürünü bildirdi və iki ölkə arasında olan əməkdaşlıqdan bəhs etdi. Səfirin çıxışından sonra “Ana tarla” tamaşasının aktyorları səhnədə göründü. Səhnə müharibə dəhşətlərinin həyəcanını hiss etdirməyə başladı. Qeyd edək ki, Bakı Bələdiyyə Teatrının Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü ilə səhnələşdirdiyi “Ana tarla” tamaşası Azərbaycanın siyasi və dövlət xadimi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi çərçivəsində hazırlanmışdı. “Ana tarla” povesti, doğma yurda və torpağa sadiq olan sadə insanlar haqqındadır. Əsərdə dövrün əsas bəlası kimi II Dünya Müharibəsi və bu müharibənin timsalında insanların yarımçıq qalmış taleləri, məhv olmuş arzu və istəkləri, eyni zamanda insanlığa, gələcəyə olan ümidləri göstərilir. Ç.Aytmatov əsərdə ilk dəfə şərti formadan istifadə etmiş, əsərdəki hadisələri Tolqanay ananın torpaqla söhbəti şəklində göstərmişdir və tamaşadada rejissor Mərahim Fərzəlibəyov da yazıçının təxəyyül məhsulunu eynilə səhnəyə gətirməyə nail olub. Tamaşanı səhnələşdirən və quruluşçu rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssam Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, plastik səhnələri quruluşu Əməkldar artist Bəhruz Vaqifoğlu, musiqi hissə müdiri Əməkdar mədəniyyət işçisi Nazim Əbidov, işıqçı rəssam Tərla Ələsgərli, kostyum sexinin müdiri Leyla Əkbərova, dizayn işləri üzrə tərtibatçı Elnur Ehtiramoğludur. Əsərin tərcüməsi Teymur Elçinə aiddir. Tamaşada iştirak edirlər: Tolqanay – Hüsniyyə Mürvətova (Əməkdar artist) Suvankul – Rəşad Kəsəmənli Qasım – Tural Əhməd Masılbek – Namiq Cavadov Caynaq – Elçin Muradov Aliman – Ülviyyə Rza Usanbay – İsmayıl Atakişiyev 1-ci sünbül – Zülfiyyə Məmmədova 2-ci sünbül – Günel Həmidova 3-cü sünbül – Aynur Abbasova 4-cü sünbül – Arzu Ağayeva Aişə - Səmayə Sadıqova(Əməkdar artist) Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında nümayiş olunan tamaşa Mədəniyyət kanalında canlı yayınlandı.xeber100.com  

Sentyabr 11, 2024 12:19

“Azərbaycan mədəniyyəti və ədəbiyyatı həftəliyi” keçiriləcək

Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov qardaş ölkənin Konya bölgəsi üzrə Mədəniyyət və Turizm müdiri Mehmet Yündenlə görüşüb. Mərkəzdən verilən məlumata əsasən, görüşdə dövlətlərimiz arasında bütün sahələrdə yüksək səviyyəli əlaqələr qeyd olunub, mədəniyyət üzrə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Toplantıda müzakirə edilən məsələlər arasında eyni tarixə malik mədəniyyətimizin beşiyi olan Konya şəhəri ilə Azərbaycanın bölgələri arasında əməkdaşlıq, “Qardaşlaşmış şəhərlər”ə dair müqavilənin imzalanması, Konyada Azərbaycan mədəniyyətinə dair tanıtım layihələrinin reallaşdırılması, cari ilin payız aylarında “Azərbaycan mədəniyyəti və ədəbiyyatı həftəliyi” tədbirlərinin təşkili, Konya Selcuq Universitetində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyi münasibətilə beynəlxalq konfransın təşkili, miniatür müsabiqəsi və sərgisinin keçirilməsi, eləcə də digər birgə layihələr, o cümlədən bu istiqamətdə görüləcək fəaliyyətlər yer alıb. Mərkəzinin direktoru Samir Abbasov Konyada Mövlana Muzeyinin müdiri Naci Bakırcı ilə də görüşüb. Görüşdə Konyada Mövlana Muzeyinin Azərbaycan muzeyləri ilə əməkdaşlığı, muzeyin əlyazmalara dair kitabxanasında saxlanılan Azərbaycana dair qiymətli əsərlər müzakirə olunub, gələcəkdə bu unikal əlyazmalara dair araşdırmaların aparılması, onların kataloqunun hazırlanması razılaşdırılıb. Tərəflər cari ilin payız aylarında Konyada keçiriləcək “Azərbaycan mədəniyyəti və ədəbiyyatı həftəliyi” tədbirləri çərçivəsində sözügedən qədim və nadir əlyazmaların muzeydə sərgisinin açılmasına dair razılıq əldə ediblər. Sonra Mövlana Muzey Kompleksinə baxış keçirilib. Naci Bakırcı Samir Abbasova muzey kompleksində aparılmış yenidənqurma işi haqqında məlumat verib, Türkiyənin qabaqcıl restavrasiya sahəsində təcrübəsinin Azərbaycanla bölüşülməsi və bu sahədə əməkdaşlıq müzakirə olunub. Naci Bakırcı ildə 4 milyondan artıq turistin Mövlana Muzey Kompleksini ziyarət etdiyini vurğulayaraq, burada görülən işlər və guşələri təqdim edib. Ziyarət zamanı Mövlana Muzeyinin qədim və nadir nüsxəsi sayılan, daimi sərgidə nümayiş etdirilən dahi Azərbaycan şairi Məhəmməd Füzulinin Osmanlı dövrünə aid xüsusi işləmələrlə hazırlanmış “Hədiqətüs-süəda” əsərinə baxış keçirilib. Görüşdə eləcə də gələcək birgə əməkdaşlıq məsələləri müzakirə olunub.xeber100.com

İyul 10, 2024 10:37

İlyas Əfəndiyevin 110 illiyi münasibətilə “Xan qızı” tamaşasının nümayişi oldu

İyunun 3-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Teatr Xadimləri İttifaqının təşkilatçılığı iləBakı Bələdiyyə Teatrının səhnələşdirdiyi “Xan qızı” tamaşasının nümayişi oldu. “Aktyorlar Evi”ndə nümayiş olunan tamaşa Xalq yazıçısı, dramaturq İlyas Əfəndiyevin 110 illiyinə, eyni zamanda teatr və kino aktrisa, Xalq artisti Amaliya Pənahovanın əziz xatirəsinə həsr edilmişdir. Təqdimatda ölkənin tanınmış mədəniyyət və incəsənət xadimləri, eləcə də İlyas Əfəndiyevin ailəsi iştirak edirdilər. Tamaşadan öncə  Azərbaycan Dövlət Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov səhnəyə çıxaraq tədbirin məqsədini açıqladı və İlyas Əfəndiyevin geniş şaxəli yaradıcılığından bəhs etdi. Sonra söz teatrşünas, professor Məryəm Əlizadəyə verildi. M.Əlizadə Xalq yazıçısının yaradıcılığı ilə Xalq artisti Amaliya Pənahovanın birgə ərsəyə gətirdiyi tamaşaları əhatə edən geniş çıxış etməklə yanaşı, sonda çıxışını Bakı Bələdiyyə Teatrının fəaliyyətini əks etdirən fikirlərlə yekunlaşdırdı. Daha sonra söz BBT-nin baş rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyova verildi. M.Fərzəlibəyov İlyas Əfəndiyevin əsərlərilə Azərbaycan nəsrinin inkişafını yeni mərhələyə yüksəltməsindən, XX əsr ədəbiyyatımızın klassiki, ədəbi-tənqidi-ictimai fikrimizin inkişafında əvəzsiz xidmətlərinin və Azərbaycan dramaturgiyasının inkişafında böyük xidmətlər göstərmiş görkəmli sənətkarlar sırasında özünəməxsus yerə sahib olmasından bəhs etdi. Qeyd edək ki, İlyas Əfəndiyevin dram əsərlərinin əksəriyyətinin böyük uğurla tamaşaya qoyulması Azərbaycan teatr sənətinin inkişafında mühüm rol oynamışdır ki, bu da onun adını Azərbaycan tarixinə görkəmli yazıçı, lirik – psixoloji üsluba üstünlük verən dramaturq kimi yazmışdır. İ.Əfəndiyev Sovet dövrü Azərbaycan ədəbiyyatının ən böyük milli ruha sahib yazıçısı hesab olunan, öz əsərlərində vətənpərvər duyğunu, tapdanan haqlarımızı, Azadlıq yolunda olan mübarizə ruhunu qələmə alan, mövcud rejimdən qorxmayan, cəsarətli yazıçılarımızdan biri olub. Onun əsərləri ədəbi aləmə, teatr mühitinə  yeniliklər gətirib. Yazıçının “Xurşidbanu Natəvan” pyesi tarixi mövzuda yazılan, müasir həyatımızla səsləşən ən qiymətlı əsərlərdən biri hesab olunur. Əsərdə olduğu kimi, tamaşada da dramatik konflikt ən çox Natəvanın taleyi üzərində qurulub. M.Fərzəlibəyovun 1981-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram teatrının səhnəsində hazırladığı eyniadlı tamaşada Azərbaycan teatr tarixində Xurşidbanu Natəvan obrazını ilk dəfə olaraq Amaliya Pənahovanın bənzərsiz və özünəməxsus şəkildə yaratması onu sadəcə bir şairə kimi deyil, eyni zamanda böyük bir şəxsiyyət, özünün siyasi görüşləri olan, dövrünün çatışmazlıqları ilə mübarizə apara bilən bir azərbaycanlı qadını kimi canlandırması geniş tamaşaçı auditoriyasının yaddaşında silinməz izlər buraxmaqla yanaşı, eyni zamanda teatr tarixinə qızıl hərflərlə yazılmışdır. Həmin illərdə aktrisa Şuşa şəhərində keçirilən Natəvan poeziya günlərində iştirak etmiş və xalqın yaddaşında bu günə qədər də Xurşidbanu Natəvan obrazında canlanır. Tamaşanın yeni quruluşunun müəllifi və rejissoru görkəmli teatr rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyovdur. Yeni quruluşda Natəvanın həyatından dramatik səhnələr yer alıb. Onun 1872-ci ildən rəhbərliyilə sarayında davam etdirilən, otuzdan çox üzvü olan “Məclisi-üns, şəxsi həyatı yer alıb. Eyni zamanda tamaşada şairənin şerlərinə də geniş yer verilib. Tamaşanın sonunda ekranda görkəmli aktrisa Amaliya Pənahovanın 1981-ci ildə yaratdığı tamaşadan monoloqu təqdim olundu. Aktrisanın həyəcan dolu səsiylə vətənpərvər ruhu əks etdirən monoloqu tamaşaçı salonunu alqış sədalarına bürüdü. “Xan qızı” tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı. Tamaşadan sonra səhnə əsərinin rejissoru Mərahim Fərzəlibəyov və Xürşidbanu Natəvan obrazını özünə xas şəkildə oynayaraq tamaşaçı alqışını qazanan Ülviyyə Rza Teatr Xadimləri İttifaqının Fəxri fərmanına layiq görüldülər. Eləcə də tamaşanın bütün heyətinə gül buketləri təqdim olundu. Sonda xatirə şəkilləri çəkildi. xeber100.com

İyun 4, 2024 14:04

Görkəmli diktor Yusif Muxtarovun anım günüdür

Bakı Bələdiyyə Teatrının yaradıcılarından biri, Azərbaycan Radiosunun diktoru, Xalq artisti Yusif Muxtarovun anım günüdür. Bakı Bələdiyyə Teatrının inkişafında və bu sənət ocağının xarici ölkələrdə Azərbaycanın teatr mədəniyyətini layiqincə təmsil etməsində əvəzsiz xidmətləri olmuş Yusif Muxtarov 1964-1994-cü illərdə Azərbaycan Dövlət Radio və Televiziya şirkətində - diktor, ictimat-siyasi verilişlər redaksiyasının baş redaktoru, diktor şöbəsinin bədii rəhbəri vəzifələrində çalışıb. 30 il ərzində onun səsində lentə alınan 350-dən artıq ədəbi-bədii veriliş radionun Qızıl fonduna daхil olub. Klassik şeirimizin təbliğatçılarından biri kimi Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, İmadəddin Nəsiminin şeirlərini natiqlik məharətilə söyləməyi sevirdi. “Radionun öz dili, öz ahəngi var. Hər şeydən əvvəl, radioda orfoqrafiya qanunlarına ciddi riayət olunmalıdır. Səsin çalarları, ahəngi, tembiri müəyyən qaydada olmalıdır. Məzmun aydınlığı, forma gözəlliyi, tələffüz qaydaları təqdimatda əsas götürülməlidir” deyən Y.Muxtarov Azərbaycan dilində mindən artıq film səsləndirilib. YUNESKO-nun iki qızıl diskində onun səsi yazılaraq qorunur. Bəşəriyyət dillərinin gələcək nəslə çatdırılması və mühafizəsi məqsədilə hazırlanan bu disklərdə Azərbaycan dili onun səsində təqdim olunur. Rejissor Fikrət Əliyevin 1974-cü ildə quruluş verdiyi “Baladadaşın ilk məhəbbəti” filmində Murad, 1980-ci ildə yazıçı Bayram Bayramovun ssenarisi əsasanda Ziyafət Abbasovun çəkdiyi “Onun bəlalı sevgisi”ndə iclas iştirakçısı, 1990-cı ildə yazıçı Natiq Rəsulzadənin “İntihar edənin qeydləri” povestinin motivləri əsasında rejissor Əbdül Mahmudbəyovun quruluş verdiyi “Gecə qatarında qətl” filmində Paxan obrazlarını oynayan sənətkar, hər üç filmdə bir-birindən fərqli xarakter yaradıb. Kinodakı əsas fəaliyyəti onlarla filmlərin Azərbaycan dilində səslənməsində misilsiz хidmətləri ilə bağlı olan Y.Muxtarov, həmin filmlərə öz səs ahəngiylə yanaşmış, peşə sevgisinə daima sədaqətli olmuşdur. O, həm də pedaqoji fəaliyyətlə məşğul olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti olub, tələbələrə səhnə danışığı fənnindən də dərs deyib, incəsənət sahəsində gələcək kadrların hazırlanmasında da böyük zəhmət çəkib. Y.Muxtarov geniş səs diapozonuna malik bir sənətkar olması ilə yanaşı, eyni zamanda sevib-seçdiyi sənətlə bağlı maraqlı, orijinal düşüncələrə də malik idi. Harada çalışmasından asılı olmayaraq efir onun üçün öz müqəddəsliyini qoruyub saxlayırdı. Mikrofon önündə öz səsi ilə sanki portret yaradırdı. Dinləyiciləri onun oxuduğu mətnlərin təkcə məzmun və mahiyyətini deyil, həm də təqdimat estetikasını yüksək qiymətlədirirdi. Sadəcə diktorluq və aktyorluq qabiliyyəti ilə deyil, həm də zəngin mənəvi xarakteri ilə seçilirdi. 1992-ci ildə Azərbaycanın siyasi və dövlət xadimi, Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə görkəmli aktrisa, Xalq artisti Amaliya Pənahova ilə birgə Bakı Bələdiyyə teatrını yaratmış və ömrünün sonuna kimi Bakı Bələdiyyə Teatrının sərəncamçı direktoru olub, bu sənət ocağının yaranmasında, fəaliyyətində və inkişafında böyük rol oynamışdır. Teatrın Azərbaycan Ordusu qarşısında müntəzəm və davamlı çıxışlarının təşkilinə görə 2005-ci ildə Teatr Xadimləri İttifaqının təsis etdiyi “Qızıl Dərviş” mükafatına layiq görülüb. 1999-cu ildə Türkiyənin İstanbul Hərbi-Hava Akademiyasının qızıl medalı, 2003-cü ildə isə Tehranda keçirilən Beynəlxalq teatr festivalının qızıl medalı ilə təltif edilib.xeber100.com

Aprel 25, 2024 21:46

“Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edilib

Mədəniyyət Nazirliyi tabeliyindəki kitabxanaların kitabxana fondlarını yeni nəşrlərlə zənginləşdirmək məqsədilə “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir. Müsabiqənin təşkilində şəffaflığı, səmərəliliyi və obyektivliyi təmin etmək məqsədilə müsabiqəni Nazirlik tərəfindən yaradılan Nəşr Planının Tərtibi və Nəşriyyat Məhsullarının Satın Alınması üzrə Komissiya həyata keçirəcəkdir. Nazirlikdən bildirilib ki, iştirakçılar tərəfindən nəşrlər iyunun 8-dək Komissiyaya təqdim olunmalıdır. Müsabiqə üçün müəyyən olunmuş müddət başa çatdıqdan sonra təqdim olunan nəşrlər qəbul edilmir. Buraxılış məlumatında qiyməti göstərilməyən nəşrlərin dəyəri onun texniki göstəricilərinə, poliqrafik keyfiyyətinə görə mövcud bazar şərtləri əsasında müəyyənləşdiriləcəkdir. Məzmun və poliqrafik baxımdan qüsurlu, ümumi tirajı 300-dən aşağı (iki və daha çox cildli olduqda hər cildin tirajı 300-dən aşağı) olan nəşrlərin satın alınmasına yol verilmir. Müsabiqəyə xarici dillərdə (əsasən ingilis, rus, türk, alman, ərəb) olan nəşrlər də təqdim oluna bilər. Müsabiqədə Azərbaycan Respublikasının ərazisində olan və ya fəaliyyət göstərən nəşriyyatlar, nəşriyyat işi ilə məşğul olan poliqrafiya müəssisələri, digər hüquqi şəxslər və müəlliflər (müəlliflik hüququ sahibləri) iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək istəyən müəlliflər (müəlliflik hüququ sahibləri) vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə sahib olmalı və ya müəllifi (müəlliflik hüququ sahibi) olduqları nəşrləri çap olunduğu nəşriyyatlar vasitəsilə təqdim etməlidirlər. İştirakçılar tərəfindən Komissiyaya ünvanlanmış müraciət və müraciətdə satın alınması göstərilən nəşrlərdən 1 nüsxə Azərbaycan Milli Kitabxanasına təqdim edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 2019-cu il tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Kitabxanaların çap məhsullarının pulsuz məcburi nüsxələri ilə təchizatı Qaydası”na müvafiq olaraq məcburi nüsxələri Milli Kitabxanaya təqdim olunmayan nəşrlərin müsabiqədə iştirakına yol verilmir.xeber100.com  

Aprel 18, 2024 15:03