Vokalçıların V beynəlxalq müsabiqəsi keçiriləcək

23 Yanvar 2018 15:16

Xəbər 916 dəfə oxunub

Oktyabrın 19-20-də Moskvada Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun təşkilatçılığı ilə Vokalçıların Müslüm Maqomayev adına V beynəlxalq müsabiqəsi keçiriləcək.Azərtac Fondun rəsmi saytına istinadla xəbər verir ki, müsabiqənin I turu (seçim) “Vegas City Hall”, II turu (final) “Crocus City Hall” səhnəsində təşkil olunacaq.Bu müsabiqə qabiliyyət, istedad və sənətkarlığını həm klassik, həm də estrada repertuarında göstərmək imkanı olan vokalçıların yaradıcılığına baxışdır. Müsabiqədə təşkilat komitəsinə ərizə, müvafiq sənəd və videomaterial təqdim etmiş 20-35 yaş arasında olan xüsusi musiqi təhsilinə malik ifaçılar, yaxud ali musiqi məktəblərinin və kolleclərinin tələbələri iştirak edə bilərlər. İlkin dinləmə və baxışın yekunlarına əsasən təşkilat komitəsi tərəfindən 15-dək ifaçı seçilərək müsabiqəyə dəvət alacaq.Münsiflər heyətinə aparıcı opera solistləri, populyar musiqi ulduzları, dirijorlar, musiqili teatrların rejissorları, beynəlxalq prodüser şirkətlərinin nümayəndələri dəvət olunurlar. İki turda keçiriləcək müsabiqə Rusiya və digər dövlətlərin KİV-ləri tərəfindən işıqlandırılacaq. Bu turlar simfonik orkestrin müşayiəti ilə aparılacaq. Bütün ifalarda canlı səs və musiqi tələb olunur, hər hansı fonoqram yolverilməzdir.Final mərhələsi böyük şou prinsipi əsasında keçiriləcək.Müsabiqənin əsasnaməsinə əsasən, I, II və III yerlər üçün müvafiq olaraq qızıl, gümüş, bürünc medallar, eləcə də 25 min, 15 min, 10 min ABŞ dolları və laureat adları nəzərdə tutulur.xeber100.com

 

Romada keçirilən “Muzeylərdə Musiqi 2025” təşəbbüsü çərçivəsində

İtaliyanın paytaxtı Romada keçirilən “Muzeylərdə Musiqi 2025” (Musei in Musica 2025) təşəbbüsü çərçivəsində Azərbaycan milli musiqisi şəhər ictimaiyyətinə təqdim olunub. Azərbaycanın İtaliyadakı səfirliyinin nəzdində fəaliyyət göstərən Mədəniyyət Mərkəzi bu il İtaliyanın “Zetema Mədəniyyət Layihəsi” tərəfindən tədbirə xüsusi qonaq qismində dəvət olunub və “Sehrli gecə: Azərbaycan balabanının nəfəsi” adlı xüsusi konsert proqramı Romanın Trastevere rayonunda yerləşən Roma Muzeyində təşkil edilib. Tədbirin açılışını Mədəniyyət Mərkəzinin direktor müavini Gülnar Tağızadə edib, qədim nəfəsli musiqi aləti olan balabanın tarixi, səsi və mədəni əhəmiyyəti barədə auditoriyaya məlumat verib, ifaçılar təqdim olunub. Daha sonra Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov konsert iştirakçılarını salamlayaraq, tədbirin təşkilatçılarına, o cümlədən Roma Bələdiyyəsi, Roma Muzeylər Şəbəkəsi və Zetema Mədəniyyət Layihəsinə təşəkkürünü bildirib. Səfir qədim “Balaban sənətkarlığı və ifaçılıq sənəti”nin 2023-cü ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edildiyini xatırladıb. Azərbaycan musiqisinin zəngin kökləri, onun beynəlxalq mədəni dialoqda oynadığı rol və İtaliya ictimaiyyətinin bu musiqiyə göstərdiyi böyük marağın mədəni əməkdaşlıq baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulanıb.xeber100.com

Dekabr 2, 2025 12:54

Xalq artisti Amaliya Pənahovanın yubileyinə həsr olunmuş filmin təqdimatı olub

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət televiziyası və "EMEDIA GROUP" Media təşkilatının birgə təşkilatçılığı ilə Milli teatr və kino tarixinin əfsanəsi, Xalq artisti, Dövlət mükafatı laureatı, “Şərəf”, “Şöhrət” ordenli, Bakı Bələdiyyə Teatrının yaradıcısı Amaliya Pənahovanın 80 illik yubileyinə həsr olunmuş "Unuda Bilmirəm. Amaliya Pənahova" bədii sənədli filminin təqdimatı keçirildi. Nizami Kino Mərkəzində baş tutan təqdimat mərasimində rəsmi qonaqlar, mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri, tanınmış sənət adamları və digərləri iştirak edirdilər. Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini Günay Əfəndiyeva, deputatlar, Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri İntiqam Babayev, eləcə də Azərbaycanın tanınmış mədəniyyət xadimləri - Azərbaycan Dövlət Film Fondunun direktoru Cəmil Quliyev, Bakı Bələdiyyə Teatrının baş rejissoru Mərahim Fərzəlibəyov, Əməkdar incəsənət xadimləri - İlham Rəhimli, Baba Vəziroğlu, Xalq artistləri-Rafiq Əzimov, Həmidə Ömərova, Nurəddin Mehdixanlı, İlham Namiq Kamal, Bəsti Cəfərova, Əli Nur və başqaları sənədli filmi izləyən qonaqlar sırasında idilər. Təqdimatda Cəmil Quliyev, Nurəddin Mehdixanlı, Həmidə Ömərova və ekran əsərinin ideya müəllifi Elşən Əliyev, ssenari müəllifi Ülviyyə Heydərova, rejissor Şəlalə Hüseynova Amaliya Pənahovanın yaradıclığını əhatə edən təhlil xarakterli fikirlərlə çıxış edərək sənətkar haqqında öz ürək sözlərini bildirdilər. Filmin yaradıcı heyəti də təqdimatda çıxış edərək Amaliya Pənahova kimi geniş yaradıcılığa malik bir aktrisa haqqında film çəkməyin necə böyük məsuliyyət hissi olduğunu xüsusilə vurğuladılar. Daha sonra filmin nümayişi başladı. Azərbaycan Televiziyasının Kinoproqramlar redaksiyasında istehsal olunan filmdə Xalq artistinin yaradıclığını əhatə edən məqamlar, 50 ildən çox olan zəngin yaradıcılıq yolu diqqətə çəkilib, aktrisanın səhnəyə gəlişindən tutmuş ömrünün son günlərinə qədər olan fəaliyyəti - Bakı Bələdiyyə Teatrını yaratması, özünün quruluş verdiyi tamaşalar, rejissor kimi gördüyü işlər, ümumiyyətlə isə mədəniyyət xadimi, ictimai xadim kimi gördüyü işlərdən bəhs olunub. Bundan başqa, filmdə Xalq yazıçısı Anar, Xalq artisti Rasim Balayev, akademik Rafael Hüseynov, Əməkdar incəsənət xadimi Məryəm Əlizadə, Xalq artisti Hacı İsmayılov, Xalq artisti Mərahim Fərzəlibəyov da sənətkarla bağlı xatirələrini bölüşüblər. Filmdəki bədii səhnələr aktrisanın sənətdə ilk addımını atdığı və yaradıcılığının 30 ilini həsr etdiyi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çəkilib. Onu da xüsusilə qeyd edək ki, "Unuda bilmirəm. Amaliya Pənahova" bədii-sənədli filmi tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı. Sanki tarix bir qədər geri çəkildi, tamaşaçı auditoriyası Azərbaycanın sevimli aktrisasının növbəti premyerasına gəlmişdi və həyəcanla onun səhnəyə çıxmasını gözləyirdilər. Belə bir həyəcanla çoxları ayaqüstə ekranı izləyirdi. Nəinki tamaşaçı salonunda boş yer tapmaq, hətta ayaqüstdə duraraq filmi izləyənlər sırasında yer tapmaq çətin idi. Sağılığında anşlaqla keçən tamaşaları ilə tarix yazan aktrisa, vəfatından sonra da eyni hissi tamaşaçısına yaşadırdı. Yəqin ki, son illərdə Nizami Kino Mərkəzincə belə bir təqdimat müşahidə olunmamışdı, bunu az qala hamı etiraf edirdi. Çünki bütün pərəstişkarları əfsanəvi aktrisa Amaliya Pənahovanın işığına yığışmışdılar. Film bitdi, ancaq alqış sədaları uzun müddət davam etdi... Qeyd edək ki, "Unuda bilmirəm. Amaliya Pənahova" bədii-sənədli ekran əsərinin ideya müəllifi Elşən Əliyev, layihə rəhbəri Elnur Məmmədov, ssenari müəllifi Ülviyyə Heydərova, rejissoru Şəlalə Hüseynova, təsvir rejissorları Elxan Novruzov, Bəhram Cəbrayılovdu. Filmdə Bakı Bələdiyyə Teatrının aktyorları Ülviyyə Rza və Toğrul Rza iştirak edir.xeber100.com  

Noyabr 15, 2025 10:58

Beynəlxalq İncəsənət Festivalının açılış mərasimi keçirilib

Azərbaycan Dövlət Akademik Filarmoniyasında Bakı Beynəlxalq İncəsənət Festivalının (BIAF) açılış mərasimi keçirilib. Festival klassikanı və müasirliyi, dünya bəstəkarlarının şah əsərlərini və Azərbaycanın mədəni irsini birləşdirərək ənənə ilə yeniliyin, Şərqlə Qərbin dialoqu üçün məkan yaradır. Festivalın fəxri səfiri, ssenarist və dramaturq İsmayıl İman jurnalistlərə açıqlamasında qeyd edib ki, festival 3 həftə davam edəcək və Bakının aparıcı səhnələrində məşhur rejissorlar, xoreoqraflar və teatr truppaları çıxışlar edəcəklər. Özbəkistanlı pianoçu Behzod Abduraimovun sözlərinə görə, belə festivallar dünyanın müxtəlif ölkələrindən gələn sənətçilərlə bir arada olmaq üçün gözəl fürsətdir. O, festivalın əhəmiyyəti barədə danışarkən deyib: “Burada keçirdiyimiz iki məşq yaxşı mənada çox tez keçdi, çünki hər şey rahat şəkildə reallaşdı. Azərbaycan bəstəkarlarının əsərlərini dinləmək və müzakirə etməkdə çox maraqlıyam. Uzun müddətdir ki, Azərbaycana səfərimi səbirsizliklə gözləyirdim. Təəssüratlarım çox xoşdur”. Açılış mərasimində pianoçu Behzod Abduraimov Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Akademik Simfonik Orkestrinin müşayiəti ilə çıxış edib. Proqramına Dmitri Şostakoviçin əsərləri, Qara Qarayevin “Don Kixot” süitası və Pyotr Çaykovskinin monumental konserti daxildir. Bakı Beynəlxalq İncəsənət Festivalı noyabrın 16-dək davam edəcək.xeber100.com

Noyabr 1, 2025 20:17

RAFİQ İBRAHİMOVUN 70 İİLİK YUBİLEYİDİR

1994-cü ildən ömrünü, yaradıcılığını Bakı Bələdiyyə Teatrına həsr edən, teatrın sənəsində bir-birindən maraqlı obrazlar yaradan, BBT-nin veteran aktyoru, Əməkdar artist Rafiq İbrahimovun doğulduğu gündür,  70 yaşı tamam olur. Rafiq İbrahimov 2 noyabr 1955-ci ildə anadan olub. 1974-1978-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram, kino aktyorluğu fakültəsində təhsil alıb. Tələbəlik illərində görkəmli şair Səməd Vurğunun "Fərhad və Şirin" mənzum dramından parçalarda Şapur obrazını yaradaraq sevimli müəllimi Adil İsgəndərovdan ilk "əla" qiymətini alıb. Sonralar Şekspirin "On ikinci gecə" və S. S. Axundovun "Eşq və intiqam" əsərləri əsasında hazırlanmış diplom tamaşasında Antoniyu və Şahbaz bəy rollarının ifası ilə uğur qazanıb. Təhsilini bitirdiyi ildən Tədris teatrında çalışıb. Sonralar fəaliyyətinə  Sumqayıt Dövlət Dram Teatrında davam edib. cHəmion illərdə müxtəlif səpkili tamaşalarda baş rollarda 20-yə yaxın yadda qalan obrazlar yaradıb. Aktyor bir müddət Azərbayan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə də məşğul olub, səhnə danışığı fənnini tədris edib. 1994-cü ildən etibarən isə bütün yaradıcılığını Bakı Bələdiyyə Teatrına həsr edib, teatrın sənəsində bir-birindən maraqlı obrazlar yaradıb. BBT-NİN səhnələşdirdiyi Nəriman Nərimanovun "Nadir şah" faciəsində Səlim xan, R.İçərişəhərlinin "Vətənə igidlər gərəkdir" pyesində Fikrət, S.Rəşidinin "Mənim Ərdəbilim" əsərində Həşim ağa, O.Altunbayın "Tomris"ində Bagudar, F.Məmmədovun "Anasının gül balası"nda Şahmar, A.Məmmədovun "Dəli Domrul"nda Dədə Qorqud, N.Nərimanovun "Nadir şah"nda Səlimağa, N.Rəfibəylinin "Məhsətisində"- Şah, Əmir Pəhləvanın "İnsan və İblis"ndə İblis, A.Babayevin "Oğul"nda Cani, C.Cabbarlının "Dönüş"ndə Zaman, C.Məmmədquluzadənin "Ölülər"ində Səlim ağa, N.Hikmətin "Damokl qılıncı"nda Arxitektor, İ.Kərimovun "Xəyanətin Müsibəti"ndə Ömər, A.Qurbaninin "Türk sancağı"nda Məşədi Heydər və b. tamaşalarda maraqlı rollara imza atıb. R.İbrahimov eyni zamanda kinoda da bir aktyor kimi müxtəlif səpgili obrazlar yaradıb. “Ağ atlı oğlan”da polis işçisi (1995, tammetrajlı bədii film), “Hökmdarın taleyi”ndə (2008, tammetrajlı bədii film), “Sonuncu dərviş”də raykom nümayəndəsi(2009, tammetrajlı bədii film), “Dələduzlar”da şikayətçi (2014, tammetrajlı bədii film) və s. filmlərdə aktyorun oynadığı rollar tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Noyabr 1, 2025 19:47

“Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Azərbaycanın zəngin musiqi irsinin incisi olan muğam sənətini beynəlxalq miqyasda tanıtmaq məqsədilə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı bu il 17–22 iyun tarixlərində keçiriləcək. Mədəniyyət Nazirliyindən bildirilib ki, festivalda Türkiyə, Almaniya, İspaniya, Mərakeş, İraq, Cənubi Koreya, Özbəkistan, Tacikistan, Kanada, Hindistan, Norveç, Rusiya, Böyük Britaniya, ABŞ, Yaponiya, İsveçrə, ümumilikdə 25-dən çox ölkədən 50-dən çox ifaçı, tədqiqatçı və qonaq iştirak edəcək. Festivalın açılış mərasimi iyunun 17-də Bakıda – Heydər Əliyev Sarayında “Bayatı” adlı konsert-tamaşa ilə reallaşacaq. Festival çərçivəsində Azərbaycan, Türkiyə, Tacikistan, Özbəkistan, Səudiyyə Ərəbistanı və Çindən olan gənc istedadların beynəlxalq muğam müsabiqəsi keçiriləcək. Müsabiqədə ümumilikdə 30-dan çox gənc xanəndə və instrumental ifaçı iştirak edəcək. Festivalın proqramına İçərişəhərdə Azərbaycan radiosunun 1950-60-cı illərin “Muğam saatı” proqramı əsasında interaktiv səs performansının, XIII əsrin görkəmli musiqişünası Səfiyəddin Urməvinin nəzəri və praktik irsi ilə bağlı simpoziumun, “Muğam 12” musiqi marafonunun keçirilməsi daxildir. Festival boyunca Azərbaycanın tanınmış muğam ifaçılarının iştirakı ilə ustad konsertləri də olacaq. Müsabiqənin bağlanış mərasimi muğamın beşiyi olan azad Qarabağda – Ağdam Muğam Mərkəzində keçiriləcək.xeber100.com  

İyun 14, 2025 21:25

Görkəmli aktrisa Amaliya Pənahovanın 80 illik yubileyidir

Xurşidbanu Natəvan, Tomris, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza kimi obrazların əvəzsiz ifaçısı, Dövlət mükafatları laureatı, Bakı Bələdiyyə Teatrının yaradıcısı, Xalq artisti, "Şərəf" və "Şöhrət" ordenli Amaliya Pənahovanın doğulduğu gündür, 80 yaşı tamam olur. Müasir Azərbaycan mədəniyyətində özünəməxsus yer tutan Amaliya Pənahova 15 iyun 1945-ci ildə dünyaya göz açıb. Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyoru” fakültəsində təhsil alıb. Tələbə vaxtlarından Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına dəvət alan aktrisa bu sənət ocağında 28 il çalışıb. İlk dəfə Milli Dram Teatrının səhnəsində görkəmli yazıçı İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” tamaşasındakı Nargilə rolunda çıxış edən aktrisa burada çalışdığı illər ərzində onlarla maraqlı və rənfarəng obrazlara imza atıb, ömrünün 50 ilini Azərbaycan mədəniyyətinin, incəsənətinin təbliğinə, inkişafına həsr edib. O, 1964-cü ildən ömrünün sonunadək teatrda, kinoda, televiziya tamaşalarında 500-dən artıq müxtəlif səpkili, Azərbaycan teatr sənətinin silinməz tarixinə çevrilən parlaq obrazlar yaratdı. Zəngin yaradıcılıq axtarışları sayəsində milli teatr və kino sənətinə dəyərli töhfələr vermiş görkəmli aktrisa lirik-psixoloji üslublu aktyor məktəbinin yaradıcılarından biri idi. Və səhnəyə ilk gəlişində lirik-psixoloji üslubda fəaliyyət göstərməyə başlasa da, sonralar romantik faciə, dramatik-psixolojiv rolları ifa edərək də uğurlar qazanıb. Aktrisa Azərbaycan səhnəsində ilk dəfə Medeya oynadı. Onun Medeyasını görüb səhnəyə gələnlər çoxluq təşkil edirdi. Xalq yazıçısı Elçin 1982-ci ildə “Qobustan” jurnalında fransız dramaturqu J.Anuyun “Medeya” pyesi əsasında rejissor Mərahim Fərzəlibəyovun eyniadlı tamaşasına dair “Təzadların faciəsi” məqaləsində yazırdı ki, Amaliya Pənahova Medeyanın təbiəti və taleyindəki layları bir-bir qaldırır və göstərə bilir, həm də bu zaman əlvan, təzadlı, yağlı boyalardan da, güclə seziləcək akvareldən də istifadə etməyi bacarır… A.Pənahovanın rejissor kimi quruluş verdiyi Şıxəli Qurbanovun "Sənsiz"i ötən əsrin 80-ci illərinin sonunda başlanan Azərbaycan xalqının milli-azadlıq mücadiləsi ərəfəsində sanki dövrün tələbi üzərində qurulmuşdu, hadisələri bir qədər qabaqlayırdı. Tamaşada Sevincin (Amaliya Pənahova) və Tərlanın (Füzuli Hüseynov) timsalında dünyada repressiyaya məruz qalmış bütün ailələlərin faciəsi öz əksini tapıb. Amaliya xanımın həm rejissor kimi, həm də əsas obrazda olan ifası zərgər dəqiqiliyi tələb edirdi ki, aktrisa da bunun öhdəsindən məharətlə gələ bilmişdi. Əslində belə mövzular məharətlə yanaşı, cəsarət də tələb edirdi və aktrisa məhz bu məsuliyyəti öz üzərinə göptürməyi bacarırdı. O, eyni zamanda cəsarəti ilə, vətənpərvər ruhu ilə  seçilən incəsənət xadimi idi. Məhz bu xüsusiyyəti, özünü xalqımızın ən ağır vaxtlarında göstərdi. 90-cı illərdə ölkəmizin haqq səsini dünyaya çatdırmağa böyük səy göstərdi. A.Pənahova ictimai işlərlə fəal məşğul olmuş, 2000-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili, sosial-siyasət daimi komissiyasının üzvü, MDB Parlamentlərarası Mədəniyyət, İnformasiya, Turizm, İdman daimi Komissiyasının sədri, İtaliya-Azərbaycan Parlamentlərin işçi qrupunun sədri kimi fəaliyyət göstərib. Yaradıcı fəaliyyəti ilə daima diqqətdə dayanan aktrisa, xarakter baxımından da həmkarlarından seçilirdi, haqsızlığa biganə qala bilmirdi. Azərbaycanın çətin bir dövründə siyası və dövlət xadimi, Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Bakı Bələdiyyə Teatrını yaratması və teatrın sayəsində sənətdə yeni vətənpərvərlik modelini ortaya qoyması yaxın keçmişdə baş verdi. Teatrla bərabər, eyni vaxtda kinoda da müxtəlif xarakterləri canlandırıb, 30-a yaxın filmdə bir-birindən maraqlı rollar oynayıb. “Qərib cinlər diyarında”, “Babək”, “Həyat bizi sınayır”. “Xatirələr sahili”, “Səmt küləyi”. “Mezozoy əhvalatı”, “Gözlə məni, “Mən mahnı bəstələyirəm və s. lirik-psixoloji ekran personajları yaradıb. Bundan başqa, aktrisanın müxtəlif janrlı filmlərdə səsləndirdiyi Aişə (“Alma, almaya bənzər”), Lalə (“Ürək… Ürək…”), Ağbəniz (“Qızıl uçurum”), Selcan (“Dədə Qorqud”), Balış (“Qanun naminə”), Tanya (“Bizim Cəbiş müəllim”), Əsmər (“Gün keçdi”) və başqa obrazlar da məhz onun səsi ilə tamaşaçı auditoriyasında maraq yaradıb. Aktrisa olmaq üçün dünyaya gələn, sənət taleyi hələ dünyaya gəlməzdən əvvəl müəyyən olunan görkəmli aktrisamızı 80 illiyində böyük sevgi, hörmət və ehtiramla yad edirik!

İyun 14, 2025 21:03

Müstəqillik Gününə həsr olunmuş “Üçrəngli bayrağın kölgəsində” adlı konsert keçirilib

Şəhriyar adına Mədəniyyət Mərkəzində 28 May – Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş “Üçrəngli bayrağın kölgəsində” adlı konsert keçirilib. Tədbir “İrəli” ictimai birliyinin təşəbbüsü, Şəhriyar adına Mədəniyyət Mərkəzinin dəstəyi və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının iştirakı ilə təşkil olunub. Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin ifasında Azərbaycan Respublikasının Dövlət Himni, “Cəngi” rəqsi və “Koroğlu” operasından uvertüra səsləndirilib. Konsert proqramının davamında səhnədə Azərbaycanın Xalq artisti Ağadadaş Ağayev, Əməkdar artistlər Gülistan Əliyeva, Sevinc Sarıyeva, Almaz Orucova, Şölə Səfərəliyeva, Zakir Əliyev, eləcə də sevilən gənc ifaçılar Leyla Rəhimova, Cavidan Fatihi, Fərid Qaragöz, Mətləb Qurbanov, Aysel Əlizadə, tar və balaban ifaçıları Nurlan Cəfərlinski və Anar Vəlizadə, Məqsəd Əzizovun rəhbərlik etdiyi “Balabançı” ansamblı, caz pianoçuları Ülvi İsmayıl və Mehdi Allahverdiyev, Dövlət Uşaq Filarmoniyasının “Şəms” rəqs qrupu, “Pərilər” vokal ansamblı çıxış ediblər.xeber100.com

May 28, 2025 00:41

Bakı Bələdiyyə Teatrının səhnələşdirdiyi “Vəfa” tamaşasının premyerası keçirildi

Mayın 27-də Bakı Bələdiyyə Teatrının Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, ictimai xadim, şair, dramaturq Rəsul Rzanın “Vəfa” pyesi əsasında səhnələşdirdiyi eyniadlı tamaşasının premyerası keçirildi. Rəsul Rzanın Böyük Vətən Müharibəsi mövzusunda qələmə almış olduğu “Vəfa” pyesi pyesi inam, dostluq, sədaqət, dönüklük, ara qarışdırmaq kimi müsbət və mənfi keyfiyyətləri özündə əks etdirir. Pyesdə Böyük Vətən müharibəsində göstərilmiş şücaət ümumxalq hünəri kimi təqdim edilir. Vətəni sevmək, xalqına bağlı olmaq pyes boyu müəllif tərəfindən vurğulanır. Tamaşanın quruluşçu rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyovdur. Rejissor səhnə əsərində müəllifin şerlərindən, Krım cəbhəsində yazdığı məktublardan istifadə edib. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində baş tutan premyerada dövlət və hökumət rəsmiləri, tanınmış elm və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri - Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, filologiya elmləri doktoru,  akademik Rafael Hüseynov, Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının parlamentlərarası əməkdaşlıq komissiyasının sədri Ziyafət Əsgərov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, ictimai-siyasi xadim, Xalq şairi Sabir Rüstəmxanlı, General Akif Rəfiyev, AKİ-nin I katibi, Xalq artisti Şəfiqə Məmmədova, kinorejissor, Xalq artisti Oqtay Mirqasımov, rejissor, Xalq artisti Ramiz Həsənoğlu, Əməkdar incəsənət xadimi, professor İlham Rəhimli və b. iştirak edirdilər. Tamaşadan öncə ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycanın Dövlət himni səsləndirildi. Sonra söz Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini  Rafael Hüseynova verildi. R.Hüseynov tədbir iştirakçılarını salamlayaraq görkəmli şairin zəngin yaradıcılığı, ibrətamiz həyat yolu barədə fikirlərini bölüşdü. Qeyd etdi ki, böyük şairimiz, unudulmaz Rəsul Rzanın 115 yaşı münasibətilə illər sonra yenidən təqdim olunan, Bakı Bələdiyyə Teatrının səhnələşdirdiyi “Vəfa” tamaşasının nümayişinin bu günə təsadüf etməsi heç də təsadüfi deyil.  28 may müstəqillik günü ərəfəsində hazırlanan tamaşa əslində Rəsul Rza yaradıcılığının bütövlükdə Azərbaycanımızı azad görməsi və daima yaradıcılığında bunu xüsusilə qeyd etməsi şairin böyük arzusu, istəyi idi. Və bu gün bu premyera bayram əhval-ruhiyyəsi yaradır. R.Hüseynov onu da qeyd etdi ki, unudulmaz şairin Böyük Müharibəsi dövründə yazdığı pyesin onun yubileyində müstəqillik günü ərəfəsində tamaşaçılara təqdim olunması  Rəsul Rzanın ruhunu şad edir və bayram ovqatını daha da artırır. Fürsətdən istifadə edib diqqəti Bakı Bələdiyyə Teatrının fəaliyyətinə yönəldən R.Hüseynov qeyd etdi ki, 1992-ci ildə çətin bir dövrdə belə bir teatrın Xalq artisti Amaliya Pənahova tərəfindən yaradılması böyük cəsarət, əmək tələb edirdi və teatr kraliçamız bunun öhdəsindən böyük əzmkarlıqla gəlməyi bacardı. Rafael Hüseynov daha sonra səhnəyə Bakı Bələdiyyə Teatrının baş rejissoru, “Vəfa” tamaşasını səhnələşdirən Xalq artisti Mərahim Fərzəlibəyovu dəvət edərək tamaşaçılara rejissorun 50 ili əhatə edən yaradıcılığı haqqında qısa məlumat verdi və onu da qeyd etdi ki, o, xoşbəxt rejissordur ki, uzun illər səhnədən uzaq qalan pyesə yenidən can verərək onu səhnələşdirib. Və hər il görkəmli şairin doğum günü ərəfəsində təqdim edilən Rəsul Rza Mükafatını tamaşaçıların alqış sədaları altında ona təqdim etdi. M.Fərzəlibəyov mükafatı teatr adına alaraq bu mükafatla BBT-nin yaradıcıları, Xalq artistləri Amaliya Pənahova və Yusif Muxtarovun ruhunun şad olduğunu qeyd etdi. Çıxışdan sonra tamaşa başladı. Tamaşaçı səhnədə Böyük Vətən Müharibəsi dövrüylə üz-üz qaldı, dövrün haqsızlıqları, müharibə, göz yaşı, həsrət hamısı gözlərimiz önündə canlandı. Sanki illər keçməsinə baxmayaraq tarix yenidən təkrar olunur, müharibələr, əsgərlərin ölümlə üzbəüz qalması, yarımçıq qalan xoşbəxtliklər tamaşanın ana xəttini təşkil edirdi. Qeyd edək ki, tamaşa üçün seçilən musiqi, mahnı parçaları hadisələrlə həmahəng  seçilmişdi, tamaşaçıları bilavasitə baş verən hadisənin iştirakçısına çevirirdi. Aktyorların dövrə uyğun geyimləri, qrimləri, obrazların daxili aləminə siyarət etməsi geniş tamaşaçı auditoriyası tərəfindən böyük alqışlarla qarşılanırdı. Tamaşa anşlaqla keçdi, rejissor, aktyor heyəti tamaşaçılar tərəfindən gül çələnginə büründü... Ənənəyə sadiq qalaraq daima tarixi pyeslərə müraciət edən Bakı Bələdiyyə Teatrı bu dəfə də yaddaqalan bir premyeraya imza atdı. Tamaşaçı alqışı bunun bariz nümunəsidir. Tamaşanın yaradıcı heyəti: Quruluşçu rejissor, Mərahim Fərzəlibəyov, quruluşçu rəssam İlham Əsgərov(Əməkdar mədəniyyət işçisi), musiqi hissə müdiri Nazim Əbidov( Əməkdar mədəniyyət işçisi), işıqçı rəssam Tərlan Ələsgərli, kostyum sexinin müdiri Leyla Əkbərova, dizayn işləri üzrə tərtibatçı Elnur Ehtiramoğlu. Səhnə əsərinin bədii rəhbəri Aynur Muxtarovadır. Tamaşada iştirak edirlər: Ülviyyə Rza(Vəfa), Elməddin Zakirli(Bahadır), Günel Həmidova(İntizar), Toğrul Rza(Bəxtiyar), Səmayə Sadıqova(Ülkər ana)-Əməkdar artist, Məmmədağa Əlilicanzadə(İlyas), Rəşad Kəsəmənli(Muğan), İsmayıl Atakişiyev(Minnətov), Zülfiyyə Qurbanova(Vəsviyyə), Namiq Cavadov(Əli), Elçin Muradov(Cəfərqulu), Asif Rəhimov(Mirzəpomoşnik), Aydın Əliyev(Alman mayoru-Əməkdar artist, Rəşid Soltanov(Alman zabiti), Arzu Ağayeva(Firuzə), Əhməd Salahov(Vəzir-Əməkdar artist, Gülsabah Quliyeva(Qumru-Əməkdar artist, Şaxzadə Babayeva(I qadın-Əməkdar artist, Təzəgül Məmmədova(II qadın), Əzizə Həşimova(III qadın). Qeyd edək ki, Bakı Bələdiyyə Teatrı 1992-ci ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə görkəmli teatr və kino xadimləri, Xalq artistləri Amaliya Pənahova və Yusif Muxtarov tərəfindən yaradılıb. Teatr bu illər ərzində saysız-hesabsız səhnə əsərləri ilə milli teatr mədəniyyətini Azərbaycanda, eyni zamanda dünya ölkələrində təbliğ edib. Teatrın repertuarında Cəlil Məmmədquluzadənin, Nəriman Nərimanovun, Mirzə Fətəli Axundovun, Nazim Hikmətin, Əziz Nesinin, Cəfər Cabbarlının, İlyas Əfəndiyevin, Anarın, Elçin Əfəndiyevin, eləcə də dünya klassiklərinin pyesləri uğurla səhnələşdirilmişdir.xeber100.com

May 28, 2025 00:23

“Ötən günlər” tamaşasının premyerası keçirildi

Aprelin 29-da Bakı Bələdiyyə Teatrının Özbəkistan yazıçısı, dramaturq Abdulla Qədirinin “Ötən günlər” romanı əsasında səhnələşdirdiyi eyniadlı tamaşasının premyerası keçirildi. Özbəkistanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Bahrom Bahodiroviç  Aşrafxanovun təklifi əsasında hazırlanan “Ötən günlər” tamaşası Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunub. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində baş tutan premyerada Mədəniyyət nazirinin müavini, Xalq artisti Murad Hüseynov, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədr müavini Günay Əfəndiyeva, Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov, Xalq artisti, professor Firəngiz Qurbanova, Xalq artistləri-Rafiq Əzimov, Həmidə Ömərova, Özbəkistanın Xalq şairi, Yazıçılar İttifaqının Dram üzrə Yaradıcılıq Şurasının sədri Usmon Əzim, Özbəkistanın Xalq artisti, Əlişir Nəvai adına Dövlət Akademik Teatrının direktoru Ramiz Usmanov, Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı Səfirinin Mədəni-humanitar məsələlər üzrə müşaviri Otabek Ramazanov, eləcə də tanınmış mədəniyyət xadim­ləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər. Tamaşa başlamadan öncə Vətən uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi, daha sonra Azərbaycanın və Özbəkistanın dövlət himnləri səsləndirildi.Daha sonra söz Milli Məclisinin Mədəniyyət Komitəsinin sədr müavini Günay Əfəndiyeva verildi. G.Əfəndiyeva öz çıxışında  Azərbaycan və Özbəkistanın diplomatik əlaqələrindən, Bakı Bələdiyyə Teatrının yaradıcıları Xalq artistləri Amaliya Pənahova ilə Yusif Muxtarovun daima tarixi mövzulara müraciət etməsini və bu ənənənin hazırda da qorunmasını diqqətə çatdırdı. Özbəkistanın Xalq şairi, Yazıçılar İttifaqının Dram üzrə Yaradıcılıq Şurasının sədri Usmon Əzim, Özbəkistanın Xalq artisti, Əlişir Nəvai adına Dövlət Akademik Teatrının direktoru Ramiz Usmanov, Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı Səfirinin Mədəni-humanitar məsələlər üzrə müşaviri Otabek Ramazanov öz çıxışlarında iki ölkə arasında olan münasibətlərdən, Bakı Bələdiyyə Teatrının müraciət etdiyi əsərin, əsərdə baş verən hadisələrin öz aktuallığını hələ də qoruyub saxlamasını xüsusilə vurğuladılar. Nəhayət tamaşaçıların alqış sədaları altında pərdə açılır və səhnəyə tamaşaçı auditoriyasını XIX əsrin ortalarında Özbəkistanda hökm sürən feodal cəmiyyətin, ədalətsiz ictimai quruluşun insanların həyatını cəhənnəmə çevirməsi təsvirini yaradan aktyorlar gəlir. Tamaşada bir əsr öncə baş verən hadisələrin öz aktuallığını qoruması  insanı düşünməyə vadar edir. Qeyd edək ki, Azərbaycan-Özbəkistan mədəni əlaqələri hər il yeni müstəvidə inkişaf etdirilir. Belə mədəni hadisələrdən biri də Özbəkistan yazıçısı, dramaturq Abdulla Qədirinin “Ötən günlər” romanı əsasında Bakı Bələdiyyə Teatrının hazırladığı eyni adlı tamaşadır. Abdulla Qədirinin bu əsəri ilk dəfə XX əsr Azərbaycan dilçiliyinin görkəmli simalarından olan Xalid Səid Xocayev tərəfindən 1928-ci ildə tərcümə olunub. Yazıçı həmin dövrü "tarixin ən çirkin və qara günləri" adlandırır, mənəvi ehkamları ifşa edir, feodalizmin iyrənc üzünü açıb göstərir. Eyni adlı romanın motivləri əsasında hazırlanan pyesin müəllifi yazıçı, tərcüməçi Kənan Hacı, tamaşanın quruluşçu rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyovdur. Tamaşanın yaradıcı heyəti: Musiqi hissə müdiri Əməkdar mədəniyyət işçisi Nazim Əbidov, işıqçı rəssam Tərlan Ələsgərli, rəqslərin quruluşu Əməkldar artist Bəhruz Vaqifoğlu, kostyum sexinin müdiri Leyla Əkbərova, dizayn işləri üzrə tərtibatçı Elnur Ehtiramoğlu, kamança və neydə ifa sənətşünaslıq doktoru Abbasqulu Nəcəfzadədir. Tamaşada iştirak edirlər: Tural Əhməd (Atabəy), Rəşad Kəsəmənli (Hacı Yusif bəy), Hüsniyyə Mürvətova (Əməkdar artist-Özbək xanım), Sabirə Rüstəmzadə (Gümüş), Əfqan Soltanov (Əməkdar artist- Mirzəkərim), Səmayə Sadıqova (Əməkdar artist- Aftab xanım), Toğrul Rza (Divanə), İsmayıl Atakişiyev (Həsənalı lələ), Mehman Abdulla (Xudayar xan), Elməddin Zakirli (Həmid), Zülfiyyə Məmmədova (Zeynəb), Firəngiz Babayeva (Cənnət), Aydın Əliyev (Əməkdar artist- Çar polkovniki, Çar məmuru), Rəşid Soltanov (Naməlum adam). HAŞİYƏ: Bakı Bələdiyyə Teatrının rəhbərliyi “Ötən günlər” səhnə əsərinin yaranmasında göstərdiyi dəstəyə görə Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədr müavini Günay xanım Əfəndiyevaya, Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Bahrom Bahodiroviç  Aşrafxanova, Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı Səfirinin Mədəni-humanitar məsələlər üzrə müşaviri Otabek Sadullayeviç Ramazanova, Azərbaycan Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyasının İdarə Heyətinin sədri Emin Axundova və “Azermash” CP baş direktoru Otabek Uluqbekoviç Saliyevə dərin təşəkkürünü bildirir.xeber100.com  

Aprel 29, 2025 22:21

Rəssam Ayfer Akbaşoğlunun “İnsan hekayələri” adlı sərgisi açılıb

Aprelin 18-də Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “QGallery” qalereyasında türkiyəli rəssam Ayfer Akbaşoğlunun “İnsan hekayələri” adlı sərgisi açılıb. Tədbirdə çıxış edən rəssam Ayfer Akbaşoğlu sərginin onun yaradıcılığında maraqlı iz qoyacağını bildirib. Onun sözlərinə görə, rəsmlərin hər biri həyat hekayəsidir. Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, bu sərgi Qərbi Azərbaycan həqiqətlərinin təbliği baxımından çox önəmlidir: “Sərgi, digər ölkələrdə yaşayan icma üzvlərinin və Türkiyə sənət adamları arasında əlaqələrin qurulması məqsədilə təşkil olunub. Sərginin “İnsan hekayələri” adlandırılması da təsadüfi deyil. Bu, Qərbi Azərbaycandan zorla çıxarılan həmvətənlərimizə həsr olunub. Burada əsas mesaj – hər birinin öz taleyi, öz yolu olan insanların ümumi arzusu olan qayıdış hüququdur. Sərgidəki əsərlər məhz onların məcburi köçkünlüyü və doğma torpaqlara qayıdış arzusuna həsr olunub"Xalq rəssamı Natiq Əliyev bu mövzunun çox vacib olduğunu söyləyib. “Mən çox şadam ki, Türkiyədən olan həmkarımız Qərbi Azərbaycan məsələsinə toxunub və bu həqiqətləri sənət dili ilə çatdırıb”.Sonra iştirakçılar sərgi ilə tanış olublar. Sərgi aprelin 24-dək davam edəcək.xeber100.com

Aprel 19, 2025 16:32