Bu gün Xalq artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” , “Şərəf” və “İstiqlal” ordenli aktyor Rasim Balayevin 75 yaşı tamam olur.
1948-ci il avqustun 8-də Ağsu rayonunda anadan olan sənətkar 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. O, ilk dəfə Bakı kinostudiyasında “Ulduzlar sönmür” əsərində kiçik bir rolda çəkilib. Oynadığı “Nəsimi”, “Babək” və “Dədə Qorqud” filmlərindəki rollarda əsl tamaşaçı sevgisini qazanıb. “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında da çalışıb. Böyük və çətin rollardan əlavə Rasim Balayev kiçik rollarda da oynayıb. “Bu şirin söz, azadlıq”, “Sənin birinci saatın”, “Xoşbəxtlik səhnəsi”, “Mən hələ qayıdacağam”, “Birisigün gecəyarısı” kimi filmlərdə o, epizodik rollarda çəkilib. Xalq artisti “Özbəkfilm”, “Mosfilm” və digər kinostudiyalarda filmlərə çəkilib.
1990-cı ildən 2013-cü ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, 2022-ci il mayın 31-dən Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri kimi fəaliyyətə başlayıb.
Rasim Balayevin kino sənətinə həsr etdiyi mənalı yaradıcılıq yolu neçə-neçə gənc aktyor nəsli üçün də əsl sənət məktəbidir. “Ən yaxşı kişi rolu”na görə nominasiyanın qalibi olaraq, ömür boyu bir aktyorun ala biləcəklərini Rasim Balayev yalnız Nəsimi roluna görə alıb. Həmin ərəfədə onun 25-26 yaşı vardı. Aktyor 31 yaşında isə Babək rolunu oynayıb.
Görkəmli sənətkar ardıcıl olaraq Almaniyada, Türkiyədə, İranda, Tacikistanda, Osetiyada, çeçenlərin ilk kinosunda, Özbəkistanda, Moskvada, Gürcüstanda ekranlaşdırılan 70 filmdə sanballı rolları ifa edib. O, yalnız müsbət qəhrəman kimi sevilməyib, həm də cəmiyyətdəki mənfi tipləri tamaşaçının gözü qarşısında bütün çılpaqlığı ilə canlandırıb.
Rasim Balayev 34 yaşında artıq Azərbaycanın Xalq artisti idi. Çünki Nəsiminin dərisi soyulanda o əzabı simasında verə bilsin deyə ovcunun içində saxladığı mismarı var gücü ilə sıxıb ətinə pərçimləyəcək qədər sənətini sevirdi. Mismar onun ovcunu parçaladıqca Nəsimi dərisi soyularkən yaşadığı cismani əzabı yaşayır və bu, onda təbii alınır. Yaxud “Qatır Məmməd” filmində Göyüş onu vurarkən çəmənliyə yıxılır və çabalamaq istəyir ki, bu vaxta qədərki filmlərdə güllə dəyən kimi yıxılıb ölmək olmasın. Axı insan yerə yıxılır, çabalayır və canını tapşırır. Rasim özünü çəmənliyə çırpanda bilməyib ki, otların arasındakı çapıq daş onu necə yaralayacaqsa çabalamağa taqəti qalmayacaq ağrıdan.
Ömür boyu qəhrəmanları oynayıb, amma bu o demək deyil ki, biz ondan qəhrəmanlıq gözləyək, umaq. Bu barədə özü də deyib: “Mən qəhrəman deyiləm, yalnız qəhrəmanları oynamışam”.
Rasim Balayev onlarla əcnəbi filmin dublyajında da müxtəlif xarakterli obrazları səsləndirib. Aktyor həmin ekran əsərlərində səsin psixoloji çalarlarını xarakter səviyyəsində səsləndirməkdə çox səriştəlidir. Bunun üçün “Həmişə təmizlikdə” filmində Andrey Myakkovun heyrətamiz sənətkarlıqla ifa etdiyi Jenya obrazını Azərbaycanca səsləndirməsini xatırlamaq kifayətdir.
Onun kino mədəniyyətimizin inkişafında göstərdiyi xidmətlər və bu yöndə qazandığı uğurlar onu deməyə əsas verir ki, o, 75 illik ömrünün əsas hissəsini sənətə həsr edib.
Rasim Balayevin əməyi dövlət tərəfindən daim yüksək qiymətləndirilib, ali dövlət orden və mükafatları ilə təltif olunub. Rasim Balayev 1998-ci il avqustun 7-də “Şöhrət”, 2018-ci il avqustun 1-də “Şərəf”, 2023-cü il avqustun 7-də isə “İstiqlal” ordenləri ilə təltif edilib.
Rasim müəllimi 75 illiyi münasibətilə təbrik edir, ona cansağlığı arzulayırıq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…