Bu gün Dünya Kitab və Müəlliflik Hüququ Günüdür

Aprelin 23-ü Dünya Kitab və Müəlliflik Hüququ Günüdür. Bu barədə qərar 1995-ci ildə Parisdə UNESCO-nun Baş Konfransında qəbul edilib. 1996-cı ildən etibarən isə kitaba və müəlliflərə hörmət əlaməti olaraq bu əlamətdar gün bütün dünyada qeyd olunur.Azərtac xəbər verir ki, UNESCO-nun baş direktoru Odre Azule Dünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə ictimaiyyətə müraciət edib.Müraciətdə kitabların bizim mənəvi dünyamıza boylanmağa imkan verdiyi, heç bir sərhəd və fərqə baxmayaraq, insanlar arasında qarşılıqlı hörmətə və anlaşmaya yol açdığı bildirilir. Qeyd edilir ki, yaşadığımız qeyri-sabit dövrdə kitablar cəmiyyəti irəli getməyə yönəldən, insan zəkasının müxtəlifliyini təcəssüm etdirən və bəşəriyyətin zəngin təcrübəsini özündə ehtiva edən xəzinədir. Müraciətdə Dünya Kitab və Müəlliflik Hüququ Gününün insanlara yazılı söz mədəniyyətinin genişləndirilməsinin daha səmərəli yolları və bu mədəniyyətin hər kəs üçün əlçatan olması barədə düşünməyə imkan yaratdığı bildirilir. UNESCO-nun baş direktorunun müraciətinin tam mətnini bu təşkilatın saytından oxumaq mümkündür.Azərbaycanda Dünya Kitab və Müəlliflik Hüququ Günü 1997-ci ildən qeyd edilir.Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin “İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 20 aprel tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi yaradılıb.Agentliyin qarşısında duran əsas vəzifələr müəllif və oxşar hüquqların qorunması və təmin edilməsi, rəqəmli hüquqların idarə edilməsi, kontrafaksiya və piratçılığa qarşı mübarizə ilə yanaşı, sənaye mülkiyyəti obyektlərinin idarə edilməsi və bu idarəçiliyin zamanın tələblərinə uyğun təşkili, patent və əmtəə nişanlarına dair müraciət edən şəxslər üçün dürüstlüyün, açıqlığın və şəffaflığın təmin edilməsidir.xeber100.com

Aprel 23, 2019 11:43

“Aprel döyüşləri və ya dördgünlük müharibə” adlı kitab sərgisi açılıb

2016-cı il aprelin 1-dən 2-nə keçən gecə erməni təcavüzkarları tərəfindən atəşkəs rejimi pozularaq Azərbaycanın cəbhəboyu mövqeləri və yaşayış məntəqələri güclü artilleriya atəşinə məruz qalmışdır. Dörd gün davam edən döyüşlər nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, Seysulan məntəqəsi və Füzuli rayonu istiqamətində yerləşən “Lələtəpə” adlandırılan yüksəklik düşməndən azad edilmişdir.Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu 2016-cı il aprelin 19-da Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri ada layiq görülmüş orden və medallarla təltif olunublar.Tarixə “Dördgünlük müharibə” adı ilə düşən Aprel döyüşləri gənclərin hərbi vətənpərvərlik ruhunu daha da yüksəltdi. Aprel döyüşlərində qazanılan qələbə xalqımızın orduya olan inamını artırdı.Bu məqsədlə aprel ayının 2-də Milli Kitabxanada “Aprel döyüşləri və ya dördgünlük müharibə” adlı geniş kitab sərgisi açılıb.Kitabxanadan Azərtac-a bildirilib ki, sərgidə hərbi vətənpərvərlik mövzusunda, Milli qəhrəmanlarımız haqqında və onların keçdiyi döyüş yolundan bəhs edən 200-dən çox ədəbiyyat nümayiş olunur.Sərgi bir həftə davam edəcək.xeber100.com

Aprel 2, 2019 1:44