VI Beynəlxalq İpək Yolu Sərgisi işə başlayıb

Dunhuanda 6-cı Beynəlxalq İpək Yolu Sərgisi işə başlayıb. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, Mədəniyyət Nazirliyinin rəsmi nümayəndə heyətinin Çinə səfəri davam edir. Mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi rəsmi nümayəndə heyəti Qansu vilayətinin Dunhuan şəhərində 6-cı Beynəlxalq İpək Yolu Sərgisinin açılış mərasimində iştirak edib. Nümayəndə heyəti əvvəlcə mədəni turizm sərgisi ilə tanış olub. Burada Çinin İpək yolu boyunca yerləşən bölgələrinin tarixinə, mədəni irsinə, İpək yolunun tarixən mədəni əlaqələrdəki roluna, “Bir kəmər, bir yol” ölkələrinin mədəni əməkdaşlığına dair eksponatlar, mədəniyyət abidələrləri, fotolar, kitablar, təsviri incəsənət nümunələri numayiş olunur. Beynəlxalq İpək Yolu Sərgisininin açılış mərasimində çıxış edən Çin Kommunist Partiyasi (ÇKP) mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü Li Şuley, partiyanın Qansu vilayəti komitəsinin katibi Hu Çanşen, Çin Milli Mədəni İrs Administrasiyasının rəhbəri Li Çun və digərləri çıxış edərək, tədbirin tarixi İpək yolu üzərində yerləşən ölkələr və xalqlar arasında mədəni mübadilənin və əməkdaşlığın dərinləşməsinə verdiyi töhfələrdən söz açıblar. Qeyd edək ki, İpək Yolu Beynəlxalq Mədəniyyət Sərgisi Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin və Dövlət Şurasının (Nazirlər Kabineti) ortaq qərarı ilə 2016-cı ildən hər il ənənəvi olaraq tarixi Dunhuan şəhərində keçirilir. Sərginin təşkilatçıları Qansu vilayətinin Xalq Hökuməti, Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Mətbuat, Nəşr, Radio, Film və Televiziya İdarəsi, Milli Turizm Administrasiyası və Çin Beynəlxalq Ticarətin Təşviqi Şurasıdır. Builki sərgidə dövlət rəsmiləri, ictimai xadimlər, incəsənət adamları da daxil olmaqla 1200-dən çox yerli və əcnəbi nümayəndə iştirak edir. İki gün davam edəcək sərgi çərçivəsində müxəlif forum, konfrans, seminar, simpozium, konsert proqramları təşkil olunacaq. Çin hökuməti tərəfindən “Bir kəmər, bir yol” ölkələri arasında mədəni mübadiləni təşviq etmək üçün yaradılan Beynəlxalq İpək Yolu Sərgisi müvafiq sahələrdə insanlar arasında əlaqələr, qarşılıqlı etimad və ticarət əməkdaşlığı üçün möhkəm zəmin yaradır. Beynəlxalq platformaya çevrilən bu sərgi həm ölkə daxilində, həm də xaricdə böyük rəğbətlə qarşılanır, mühüm nailiyyətlər əldə edir. Nazir Adil Kərimli Çin Kommunist Partiyasi Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü Li Şuley və Milli Mədəni İrs Adminstrasiyasının rəhbəri Li Çun ilə görüşüb.xeber100.com

Sentyabr 6, 2023 10:37

Sentyabrın 18-dən 28-dək XV Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Sentyabrın 18-dən 28-dək Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Festival çərçivəsində Bakı, Gəncə, Şəmkir və Şuşada açıq havada və müxtəlif məkanlarda konsertlər, tamaşalar, sərgilər, elmi konfrans, ustad dərsləri və digər tədbirlər nəzərdə tutulur. 2009-cu ildən etibarən keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının Milli Musiqi Gününə təsadüf edən ilk günü - sentyabrın 18-də Şuşa şəhərində açıq havada Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında “Leyli və Məcnun” operası nümayiş olunacaq. Eləcə də Bakıda Fəvvarələr Meydanında Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestri bayram konserti təqdim edəcək. Həmin gün axşam isə Heydər Əliyev Sarayında Xalq artisti Arif Məlikovun dünyanın bir sıra teatrlarının repertuarını bəzəyən “Məhəbbət əfsanəsi” baleti uzun fasilədən sonra yenidən öz vətənində nümayiş olunacaq. Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı bu il yeniyetmə və gənclər üçün xüsusi layihələrlə də yadda qalacaq. Belə ki, Azərbaycan Dövlət Uşaq Filarmoniyası və Bakı şəhərində fəaliyyət göstərən uşaq musiqi məktəblərinin şagirdlərindən ibarət 200 nəfərlik birləşmiş Xalq Çalğı Alətləri Orkestri Heydər Əliyev Mərkəzinin parkında çıxış edəcək, gənc istedadların iştirakı ilə bədii proqramlar təşkil olunacaq. Festival günlərində Bakı şəhərindəki iri ticarət mərkəzlərində xüsusi ayrılmış yerlərdə məşhur müğənnilərin ifasında Üzeyir Hacıbəylinin vokal əsərləri karaoke formatında səslənəcək və arzu edən hər kəs bu karaokeyə qoşula biləcək. ABŞ, Fransa, Gürcüstan, Xorvatiya, Rusiya, Sinqapur və digər ölkələrdən tanınmış musiqiçi və kollektivlərin də iştirak etdiyi festival günlərində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Azərbaycan Milli İncəsənət Muzeyi, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Opera Studiyasında və digər məkanlarda müxtəlif proqramlar təqdim olunacaq.xeber100.com

Sentyabr 6, 2023 10:32

“Heydər Əliyev İli” çərçivəsində yeni layihəyə – xalçaçılıq sənətinin tədrisinə start verilib

Misirin paytaxtı Qahirədə fəaliyyət göstərən Misir-Azərbaycan Dostluq Cəmiyyətində “Heydər Əliyev İli” çərçivəsində yeni layihəyə – xalçaçılıq sənətinin tədrisinə start verilib. Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri tədqiqatçı-alim Seymur Nəsirov bildirib ki, Azərbaycan xalçaçılıq sənətinin təbliğ olunması məqsədilə yaradılan kursda xalça ustası 57 yaşlı Camal Məhəmmədin rəhbərliyi ilə müxtəlif ölkələrdən 52 tələbə bu qədim sənətin sirlərinə yiyələnəcək. Misirdə xalçaçılıq sənətinə böyük marağı nəzərə alaraq, gələcəkdə kursun fəaliyyətinin daha da genişləndirilməsi nəzərdə tutulur. Hazırda 120-dən çox tələbə gələcək kurslarda iştirak etmək üçün öz növbəsini gözləyir. Cəmiyyətin sədri, tədqiqatçı-alim S.Nəsirov xalçaçılıq kursunun iştirakçıları ilə görüşdə bildirib ki, təmsil etdiyi təşkilat xalqlar arasında əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verir və uzun illərdir müxtəlif millətlərdən olan tələbələrə xidmət edən fəaliyyətləri həyata keçirir. Bu baxımdan, qədim xalçaçılıq sənətini öyrənmək istəyən gənclərin çoxsaylı müraciətlərini nəzərə alan cəmiyyətin rəhbərliyi yeni layihəyə başlamaq qərarına gəlib.xeber100.com  

Avqust 28, 2023 6:03

“Film heç bitməsin” kino festivalı keçiriləcək

2024-cü il mayın 3-dən 12-dək İstanbul Nişantaşı Universitetinin təşkilatçılığı ilə “Film heç bitməsin” kino festivalı keçiriləcək. Beynəlxalq kino festivalına tammetrajlı, qısametrajlı və sənədli filmlər qəbul edilir. Festivalın əsas mövzusu “Bu, realdırmı?” (Is This The Real?) olaraq müəyyən edilib. Festivala Azərbaycan, ABŞ, Almaniya, Argentina, Braziliya, Danimarka, Gürcüstan, Fransa, İtaliya, İspaniya, Böyük Britaniya, İran, İsrail, Livan, Meksika, Norveç, Polşa, Türkiyə, Yunanıstan və başqa ölkələrdən filmlər qəbul ediləcək. Festival çərçivəsində film nümayişləri ilə yanaşı, elmi-praktik konfranslar və seminarlar da təşkil olunacaq. Azərbaycan kino tarixinin, çağdaş kino sənətinin və mədəniyyətinin qardaş ölkə kinosevərlərinə tanıdılması festivalın ən ümdə amallarındandır. İstanbul Nişantaşı Universiteti “Film heç bitməsin” festivalı çərçivəsində fəxri qonaq ölkə olaraq Azərbaycanı seçib. Bu barədə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən (ADMİU) məlumat verilib. Bildirilib ki, İstanbul Nişantaşı Universiteti və ADMİU-nun birgə təşkilatçılığı ilə keçiriləcək festivalın əsas məqsədi müsabiqə çərçivəsində müəyyən edilmiş kateqoriyalar üzrə filmləri seçməklə yanaşı, həm də tamaşaçıların diqqətini Azərbaycan kino sənətinin qiymətli nümunələrinə yönəltməkdir. “Film heç bitməsin” festivalının direktoru İstanbul Nişantaşı Universitetinin Sənət və dizayn fakültəsi, Radio, televiziya və kino kafedrasının müdiri Burcu Kurtişdir. Festivalın beynəlxalq əlaqələr üzrə koordinatoru İstanbul Nişantaşı Universitetinin Sənət və dizayn fakültəsi, Radio, televiziya və kino kafedrasının müəllimləri Ziyad Quliyev və Tuna Yıldırımdır. Festival çərçivəsində müxtəlif kateqoriyalar üzrə ən yaxşı filmlər seçiləcək, seminarlar və ustad dərsləri təşkil ediləcək. Eyni zamanda, festivalın koordinatorluğunda yazıçı, aparıcı və aktrisa Yeliz Bozkurt və yazıçı, aparıcı, pedaqoq Funda Karayel fəaliyyət göstərməkdədir. “Film heç bitməsin” festivalında iştirak etmək istəyənlər tammetrajlı, qısametrajlı (animasiya, ədəbi və eksperimental) və sənədli film kateqoriyasında yarışmaq üçün filmlərini göndərə bilərlər. Festivalın şərtləri və filmləri göndərmək üçün ətraflı məlumatla ADMİU-nun saytındakı link vasitəsilə tanış olmaq mümkündür.xeber100.com

Avqust 24, 2023 11:39

Xalq artisti Şahmar Ələkbərovun anadan olmasından 80 il ötür

Avqustun 23-də Xalq artisti Şahmar Ələkbərovun anadan olmasından 80 il ötür. Bu münasibətlə tanınmış Mədəniyyət Nazirliyinin nümayəndələri, sənət dostları İkinci Fəxri xiyabana gələrək Şahmar Ələkbərovun məzarını ziyarət edib, önünə gül dəstələri düzüblər. Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov bildirib ki, Şahmar Ələkbərov böyük aktyor, rejissor olmaqla yanaşı, həm də xoşbəxt insan idi. Onun sənəti bizim qəlbimizdə, kinomuzda, incəsənətimizin tarixində əbədi yaşayacaq. Aktyorun ömür yolundan və yaradıcılığından danışan tanınmış rejissor Cəmil Quliyev deyib: "Bu gün Şahmar Ələkbərovun əziz xatirəsini hörmətlə anırıq. O, böyük sənətkar, çox işıqlı insan idi. Hətta bu tədbirdə də biz onun işığını hiss edirik. Azərbaycan kinosunun salnaməsinin yaranmasında, Azərbaycan kinosunun ötən əsrin 70-80-ci illərdəki inkişafında Şahmar müəllimin müstəsna xidmətləri olub. Onun yaratdığı surətlər, çəkdiyi filmlər, xüsusilə "Qəzəlxan" filmi daim tamaşaçıların qəlbində yaşayır və yaşayacaq. O, həmçinin gözəl dublyaj ustası idi, onun səsləndirdiyi filmlər bu gün də qorunub saxlanılır”. Xalq artisti Həmidə Ömərova Şahmar Ələkbərovla bağlı ürək sözlərini belə ifadə edib: “Biz tez-tez qastrollara gedirdik. Şahmar müəllim çox təmkinli, az danışan insan idi. Səfərlər zamanı oxuduğu mahnılar zövqümüzü oxşayırdı. Çox gülərüz siması var idi. Xəstə olanda belə pozitivliyini saxlayırdı. “Qəzəlxan” filmini çəkən zaman da ruhdan düşmürdü. Kiminsə kefi olmayanda da çalışırdı ki, onun könlünü açsın. Şahmar müəllim bizim ürəyimizdə böyük iz qoydu”.xeber100.com

Avqust 23, 2023 2:49