“Qarabağ”-1000

31 Mart 2016 11:29

Xəbər 982 dəfə oxunub

“Qarabağ” Azərbaycan çempionatları tarixində 1000-ci qoluna imza atıb. Apasport.az saytının məlumatına görə, 1992-ci ildən keçirilən milli çempionatların daimi iştirakçısı olan Ağdamtəmsilçisi yubiley qolunu Topaz Premyer Liqasının XXVII turunun “Rəvan”la oyununda vurub.

Bu topun müəllifi makedoniyalı yarımmüdafiəçi Murem Muaremdi. 2 il əvvəl 900-cü qolun müəllifi kimi tarixə düşən 28 yaşlı legioner iki əlamətdar qolu 703 gün intervalla vurub.

“Rəvan”ı 5:1 hesabı ilə məğlub edən “Qarabağ” 1000-ə oyundakı 2-ci qolla çatmaqla kifayətlənməyib, bu göstəricidə 1003-ə qədər irəliləyib.Ağdam təmsilçisi ölkə çempionatlarında “Neftçi”dən sonra 1000-i keçən 2-ci komandadı. “Qarabağ” mininci qolu 684-cü oyununda vurub.  Bu matçların 21-də texniki nəticə qeydə alınıb. Texniki nəticə və ləğv olunan matçlar nəzərə alınmamaqla, 1003 dəfə fərqlənən “Qarabağ” ilk qolunu 1992-ci ildə vurub. Mayın 3-də Sabirabad “İnşaatçı”sı ilə görüşdə hesabı açan Mehman Alışanov nəinki klubun, ümumiyyətlə ölkə çempionatlarının ilk qoluna imza atıb.