Azərbaycan Super Liqasının 2015/2016 mövsümünün simvolik yığması açıqlanıb

11 Aprel 2016 13:51

Xəbər 844 dəfə oxunub

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının 2015/2016 mövsümünün simvolik yığması açıqlanıb. Apasport.az saytının məlumatına görə, artıq tarixin yaddaşına qovuşan “Rabitə”nin 8 illik çempionluq seriyasını qıraraq, qızıl medallara yiyələnən “Azərreyl”in 5 oyunçusu bu komandada yer alıb.

Belə ki, yarışın ən dəyərli voleybolçusu (MVP) adını Madison Kinqdon qazanıb. O, bu titulu hazırda komanda yoldaşı, ötən il “Rabitə”də oynamış Nutsara Tomkomdan təhvil alıb. Tailandlı toppaylayıcı buna baxmayaraq, Super Liqada yenə ən güclü olduğunu ortaya qoyub və mövqeyində birinciliyi əldən verməyib.

Həmçinin, Azərbaycan çempionatının bombardiri və müdafiəçisi də dəyişməz qalıb. Super Liqada bu dəfə bürünc medal qazanan Aneta Havlikova yenə ən çox xal topladığı halda, Brenda Kastillo ən yaxşı müdafiəçi nominasiyasında liderliyini qoruyub.

Ümumilikdə “doqquzluğ”da “Azərreyl”in 5 oyunçusu ilə yanası, ikinci yeri tutan “Telekom”dan 1, “Lokomotiv”dən 2 oyunçu yer alıb. “Azəryol” isə 4-cü yerdə qərarlaşmasına baxmayaraq, simvolik komandada 2 oyunçu ilə təmsil olunub.

2015/2016 mövsümünün simvolik komandası

Ən dəyərli voleybolçu – Madison Kinqdon (Azərreyl)

Ən yaxşı bombardir – Anita Havlikova (Lokomotiv)

Ən yaxşı hücumçular – Yelizaveta Səmədova (Telekom), Stefani Niemer (Azəryol)

Ən yaxşı blokçu – Cessika Cons ((Susan), Azərreyl))

Ən yaxşı toppaylayıcı – Nutsara Tomkom (Azərreyl)

Ən yaxşı topqəbuledici – Odina Bayramova (Azərreyl)

Ən yaxşı müdafiəçi – Brenda Kastillo (Lokomotiv)

Ən yaxşı libero – Valeriya Məmmədova (Azərreyl)

Topu oyuna ən yaxşı daxil edən – Malika Kanzonq (Azəryol)

Qeyd edək ki, Super Liqanın ən yaxşı topqəbuledicisi olan “Azərreyl”in kapitanı Odina Bayramova həmçinin final mərhələsinin ən dəyərli oyunçusu seçilib.

 

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02