Beynəlxalq Şahmat Festivalının ilk iki turu yekunlaşıb

12 May 2016 13:57

Xəbər 1076 dəfə oxunub

“Naxçıvan-2016” Beynəlxalq Şahmat Festivalının ilk iki turu artıq yekunlaşıb və nəticələr məlum olub. Azərtac xəbər verir ki, “A” turnirində 10 ölkənin 48 zəka sahibinin gərgin mübarizəsi elə ilk turdan özünü büruzə verib. Belə ki, yarışın ən yüksək reytinqli şahmatçısı, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov (2748) Naxçıvan şahmatçısı, FİDE ustası Toğrul Həsənzadə (2326) ilə üz-üzə gəlib. Görüşdə üstün olan Şəhriyar Məmmədyarov ilk turu qələbə ilə başa vurub. O, ikinci turda FİDE ustası Nail Bəşirli ilə (2384) qarşılaşmada növbəti xalını əldə edib. Digər azərbaycanlı qrossmeyster, turnirin ötənilki qalibi Eltac Səfərli (2664) də ilk iki turda maksimum nəticə göstərib. O, müvafiq olaraq qrossmeyster Gülnar Məmmədovanı (2319 və FİDE ustası Məhəmməd Muradlını (2352) məğlub edib. Digər maraqlı oyun isə turnirin ən reytinqli 3 şahmatçısından biri olan, rusiyalı qrossmeyster Yevgeni Alekseyevlə (2633) azərbaycanlı qrossmeyster Günay Məmmədzadə (2318) arasında olub. Gərgin keçən oyun heç-heçə nəticələnib. İkinci turda rusiyalı qrossmeyster azərbaycanlı FİDE ustası Aydan Höcətova ilə (2300), qrossmeyster Günay Məmmədzadə isə qrossmeyster Nicat Abasovla (2571) heç-heçə edib. Beynəlxalq qrossmeyster Zeynəb Məmmədyarova (2236) ilk turda gürcü rəqibi İrakli Beradze (2424) ilə xalları yarı bölüb, ikinci turda isə belaruslu beynəlxalq qrossmeyster Vadim Malaxatkonu (2501) məğlub etməyi bacarıb. Naxçıvan şahmatçısı FİDE ustası Pərviz Qasımov (2375) ilk görüşündə beynəlxalq usta Nərmin Xəlifovaya (2193) məğlub olub, ikinci görüşündə isə beynəlxalq qrossmeyster Xəyalə Abdulla (2209) ilə xalları yarı bölüb. Ağ-qara taxtada mübarizə aparan digər həmyerlimiz beynəlxalq qrossmeyster Ürfan Sevdimalıyev (2400) türkiyəli FİDE ustası Sevgi Volkanla (2210) heç-heçə etdikdən sonra monqolustanlı beynəlxalq qrossmeyster Enxtuul Altan Ulziyə (2208) uduzub. Toğrul Həsənzadə isə ilk turda məğlub olsa da, ikinci turda Əhməd Əhmədzadəyə (2207) qalib gəlib. İlk iki turdan sonra “A” turnirinə hər birinin hesabında 2 xal olan Şəhriyar Məmmədyarov, Eltac Səfərli, Azər Mirzəyev və Vüqar Əsədli başçılıq edirlər. Əmsalı 2200-dən aşağı olan şahmatçıların mübarizə apardığı “B” turnirində isə iki turdan sonra 21 şahmatçı maksimum xal toplayıb. Bu turnirdə 100 şahmatçı mübarizə aparır. “Naxçıvan-2016” Beynəlxalq Şahmat Festivalının “C” turnirində 164 zəka sahibi qüvvəsini sınayır. İlk iki turdan sonra 37 şahmatçı maksimum xal toplamağa nail olub.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02