“Formula-1” Avropa Qran-prisi ərəfəsində trek ətrafında maneəsiz hərəkət edə biləcəklər

28 May 2016 12:30

Xəbər 666 dəfə oxunub

İyunun 17-19-da Bakının mərkəzi küçələrində keçiriləcək “Formula-1” Avropa Qran-prisi ərəfəsində tamaşaçıların trekə, Dənizkənarı Milli Parkda yerləşən “F-1 şəhərciyi”nə və bilet aldıqları tribunalara rahatlıqla yaxınlaşmasını təmin edəcək ictimai nəqliyyat vasitələri müəyyənləşib. Azərtac xəbər verir ki, bu sözləri mayın 27-də təşkil olunan brifinqdə “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin marketinq və kommunikasiya şöbəsinin rəhbəri və “Formula-1” üzrə Avropa Qran-prisinin mətbuat katibi Nigar Arpadarai deyib. “Yarış zamanı Bakının mərkəzi küçələrində nəqliyyatın fasiləsiz hərəkətini təmin etmək məqsədilə hazırlanan Nəqliyyatın İdarə Olunması Planına əsasən trekin yaxınlığından keçən avtobuslar və metronun müəyyən stansiyaları səhər saat 06:00-dan gecə saat 02:00-dək gün ərzində, ümumilikdə 20 saat xidmət göstərəcək. Yarış həftəsində 65, 5 və 53 nömrəli avtobuslar müvafiq olaraq 5, 3 və 6 dəqiqəlik intervalla hərəkət edəcək”, – deyə Nigar Arpadarai bildirib. Qeyd edib ki, trekə gəlmək üçün 65 nömrəli avtobusun xidmətindən yararlanmaq istəyən tamaşaçılar Azərbaycan prospektində Mərkəzi Univermağın yaxınlığında yerləşən dayanacaqda enərək bilet aldığı tribunaya qədər piyada hərəkət etməlidirlər. Yarış ərəfəsində 65 nömrəli avtobus Füzuli Meydanı – M.Muxtrov küçəsi – Nizami küçəsi – S.Rüstəmov küçəsi – Ə.Cavad küçəsi – Azərbaycan prospekti – Füzuli meydanı – Z.Əhmədbəyov küçəsi – Tbilisi prospekti – 20 Yanvar küçəsi – H.Məhərrəmov küçəsi – Mir Cəlal küçəsi marşrutu üzrə hərəkət edəcək. Trekə 5 nömrəli avtobusla gəlmək istəyən tamaşaçılar Rəşid Behbudov və Nizami küçələrinin kəsişməsində yerləşən dayanacaqda enərək bilet aldıqları tribunaya piyada yaxınlaşmalıdırlar. Yarış ərəfəsində 5 nömrəli avtobus metronun “Nəriman Nərimanov” stansiyası – “28 May” stansiyası – Azadlıq prospekti – Nizami küçəsi – R.Behbudov küçəsi –Nəriman Nərimanov stansiyası dayanacaqlarından keçəcək. Qeyd olunub ki, trekə 53 nömrəli avtobus vasitəsilə gəlmək istəyən bilet sahibləri isə Bakı İdman Sarayının qarşısında yerləşən dayanacaqda düşərək bilet aldıqları tribunaya piyada getməlidirlər. Yarış günlərində 53 nömrəli avtobus aşağıdakı dayanacaqlardan keçəcək: Bayıl (20-ci sahə) – Bayraq Meydanı – Bakı İdman Sarayı. Bununla yanaşı, tamaşaçılar yarışın keçiriləcəyi məkana metro ilə də gələ bilərlər. Bunun üçün bilet sahibləri metronun “28 May”, “Sahil” və “İçərişəhər” stansiyalarında düşərək trekə yaxınlaşa bilərlər. Nigar Arpadarai bildirib ki, yarış həftəsi ərzində şəhər sakinlərinin maneəsiz hərəkətini təmin etmək üçün trek ərazisində yerləşən daimi yeraltı keçidlər gün boyu açıq olacaq. Bununla yanaşı, piyadalar trekin müəyyən yerlərində yeni qurulacaq müvəqqəti yerüstü keçidlərdən də istifadə edə biləcəklər. Müvəqqəti salınacaq yerüstü keçidlər Azərbaycan prospekti ilə İstiqlaliyyət küçəsinin və Xəqani ilə Rəşid Behbudov küçələrinin kəsişmələrində yerləşəcək. İyunun 16-da günorta saat 14:00-dən etibarən yalnız bilet sahiblərinin Dənizkənarı Milli Parka çıxışı olacaq. Şəhər sakinləri bu günlər ərzində sadəcə “Park Bulvar” alış-veriş mərkəzindən istifadə edə biləcəklər. “Bakı şəhər halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər iyunun 14-də gecə saat 01:00-dan etibarən nəqliyyatın hərəkəti üçün bağlı olacaq. Bu yerlərdə nəqliyyatın hərəkətinə qoyulmuş məhdudiyyət iyunun 21-də səhər saat 06:00-da aradan qaldırılacaq. “F-1 Şəhərciyi”nin yerləşdiyi Dənizkənarı Mili Park iyunun 15-də gecə saat 00:00-dan etibarən bağlı olacaq. Burada əhalinin girişinə qoyulmuş məhdudiyyət iyunun 20-də günorta saat 12:00-da aradan qaldırılacaq. Yarışa bileti olan azarkeşlər Dənizkənarı Milli Parka iyunun 16-da günorta saat 14:00-dan etibarən daxil ola biləcəklər”, – deyə “Formula-1” üzrə Avropa Qran-prisinin mətbuat katibi diqqətə çatdırıb. Nigar Arpadarai bildirib ki, nəqliyyatın hərəkətinin qadağan olunduğu ərazilər 3 zonaya ayrılır. Birinci zonaya trekin əhatə etdiyi İçərişəhər daxildir. İkinci zonaya trekin əhatə etdiyi Azadlıq meydanı və ona yaxınlığında yerləşən digər ərazilər aiddir. Üçüncü zona isə BMT-nin 50 illiyi küçəsidir. Bu ərazilərdə yaşayan sakinlərə və işgüzar fəaliyyətlə məşğul olanlara həmin zonalara müvafiq rəqəmlərlə ifadə olunan və yaşayış yerinə giriş icazəsini göstərən nişanlar əlaqədar qurumlar tərəfindən mayın 30-dan iyunun 13-dək təqdim olunacaq. Verilən nişanlar avtomobillərin ön şüşələrinə yapışdırılmalıdır. Nişan sahibləri ancaq nişanın aid olduğu zonaya daxil ola biləcəklər. Birinci zonaya aid nişanlar İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən, 2-ci və 3-cü zonalara aid nişanlar isə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təqdim olunacaq. Birinci zonaya dair ətraflı məlumat almaq üçün 497-52-46, 2-cü və 3-cü zonalara aid ətraflı məlumatı isə 492-98-14 və 492-09-02 telefon nömrələri ilə əlaqə saxlamaqla Bakı Şəhər İcra Hakimiyyətindən almaq mümkünüdür. Diqqətə çatdırılıb ki, 1-ci və 2-ci zonalarda nəqliyyatın hərəkətinə ancaq gecə – saat 00:00-dan 06:00-dək icazə veriləcək. Üçüncü zonada isə nəqliyyatın hərəkətinə gün ərzində icazə veriləcək və müvafiq nişana sahib olan avtomobillər istənilən saatda bu zonaya daxil ola biləcəklər. Birinci zonaya giriş Azneft dairəsi, ikinci zonaya giriş Azadlıq prospekti, üçüncü zonaya giriş isə Lermontov küçəsi (Şəlalələr parkı) tərəfdən olacaq.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02