Futbol üzrə dünya çempionatının qrup mərhələsinə yekun vurulur

28 İyun 2018 11:27

Xəbər 618 dəfə oxunub

İyunun 28-də Rusiyada keçirilən futbol üzrə dünya çempionatının qrup mərhələsinə yekun vurulur. Mundialın on beşinci günündə “G” və “H” qruplarında qərarlaşan komandalar mübarizə aparacaqlar.Azərtac xəbər verir ki, günün ilk iki oyununda “H” qrupunda yer alan Yaponiya ilə Polşa və Seneqal ilə Kolumbiya milliləri üz-üzə gələcəklər. “G” qrupunda isə Belçika–İngiltərə və Panama–Tunis görüşləri keçiriləcək. “H” qrupunun görüşləri Bakı vaxtı ilə saat 18:00-da, “G” qrupunun oyunları isə saat 22:00-da başlayacaq.Günə “H” qrupunda yer alan komandaların oyunu ilə start veriləcək. Bu qrupda Polşanın səkkizdəbir finala vəsiqə qazanmaq şansı qalmayıb. Hazırda 4 xala malik Yaponiya və Seneqal yığmalarını növbəti mərhələyə adlamaq üçün bir xal qane edir. Qrupda üç xalı olan Kolumbiya isə qələbə barədə düşünəcək.Yaponiya-Polşa görüşü “Volqoqrad Arena”da, Seneqal-Kolumbiya matçı isə “Samara Arena”da baş tutacaq.“H” qrupu ilə müqayisədə “G” qrupunda növbəti mərhələyə vəsiqə qazanan komandalar bəllidir. Hesabında 6 xal olan İngiltərə və Belçika komandaları qrup birinciliyi uğrunda üz-üzə gələcəklər. Hər iki oyunda məğlub olan Panama və Tunis isə ilk xallarını qazanmağa çalışacaqlar.İngiltərə-Belçika oyunu “Kalininqrad” stadionunda, Panama-Tunis qarşılaşması isə “Mordoviya Arena”da keçiriləcək.FIFA-nın qaydalarına görə, əgər qrupda iki komandanın xalları və top fərqi eyni olarsa, bu zaman rəqib qapılarına daha çox qol vuran komandaya üstünlük verilir. Əgər bu göstərici də eyni olarsa, o zaman həmin komandalar arasındakı oyunun nəticəsi əsas götürülür. Komandaların qarşılaşması da heç-heçə başa çatıbsa, onda üstünlük “fair play” göstəricilərinə əsasən, daha yaxşı vəziyyətdə olan komandaya verilir.Yaponiya – Polşa və İngiltərə – Belçika görüşləri Azərbaycan Televiziyasında təqdim olunacaq. Seneqal – Kolumbiya və Panama – Tunis görüşləri isə İdman Azərbaycan və İctimai Televiziyada yayımlanacaq.Xatırladaq ki, indiyədək səkkizdəbir final mərhələsinin 12 iştirakçısı müəyyənləşib. Bu mərhələdə Uruqvay ilə Portuqaliya, Fransa ilə Argentina, İspaniya ilə Rusiya, Xorvatiya ilə Danimarka, İsveç ilə İsveçrə, Meksika ilə Braziliya milliləri qarşılaşacaqlar.Futbol üzrə XXI dünya çempionatının səkkizdəbir final mərhələsinin görüşləri iyunun 30-dan iyulun 3-dək keçiriləcək.xeber100.com

 

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02