XXI dünya çempionatının ikinci yarımfinal oyunu keçiriləcək

11 İyul 2018 11:25

Xəbər 529 dəfə oxunub

İyulun 11-də Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının ikinci yarımfinal oyunu keçiriləcək.Azərtac xəbər verir ki, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq görüşdə İngiltərə və Xorvatiya yığma komandaları üz-üzə gələcəklər. Moskvadakı “Lujniki” stadionunda keçiriləcək matçın baş hakimi türkiyəli Cüneyt Çakır olacaq.“Dumanlı albion” təmsilçisi Belçika, Tunis və Panama ilə eyni qrupda mübarizə aparıb. İngilislər qrupda üç oyunun ikisində qələbə qazanıb və bir qarşılaşmada uduzublar. Komanda ilk turda Tunisi 2:1, ikinci turda isə Panamanı 6:1 hesabı ilə məğlub edib. 1966-cı ildəki dünya çempionatının qalibləri sonuncu turda Belçikaya 0:1 hesabı ilə məğlub olublar. İngiltərə millisi səkkizdəbir finalda Kolumbiyanı 11 metrlik cərimə zərbələri seriyasında, İsveçi 2:0 hesabı ilə məğlubiyyətə uğradaraq yarımfinala yüksəlib. Aktivində 6 qol olan İngiltərə millisinin hücumçusu Harri Keyn çempionatın ən məhsuldar futbolçusudur.“D” qrupunda Nigeriya (2:0), Argentina (3:0) və İslandiyaya (2:1) qalib gələn xorvatiyalılar 9 xalla qrupu ilk sırada başa vurublar. Xorvatiya yığması səkkizdəbir finalda Danimarkanı, dörddəbir finalda isə Rusiya yığmasını 11 metrlik cərimə zərbələri seriyasında məğlub edərək mübarizədən kənarlaşdırıb.Hər iki komanda dünya çempionatlarında ilk dəfə qarşılaşacaq. Xorvatiya millisi mundiallar tarixində ikinci dəfə yarımfinal matçına çıxacaq. Komanda ilk dəfə mundialda iştirak etdiyi 1998-ci ildə yarımfinalda Fransaya 1:2 hesabı ilə məğlub olub.İngiltərə yığması isə dünya çempionatları ərzində üçüncü dəfə yarımfinal matçına çıxacaq. Britaniyalılar çempion olduqları 1966-cı il dünya çempionatının yarımfinalında Portuqaliyanı 2:1 hesabı ilə məğlub ediblər. İngilislər 1990-cı ildə isə əsas vaxtı 1:1 hesabı ilə başa çatan oyunda 11 metrlik cərimə zərbələri seriyasında Almaniyaya uduzublar.İngiltərə yığması mundialda yeganə komandadır ki, heyətindəki futbolçuların hamısı ölkə çempionatında – Premyer Liqada çıxış edir.İngiltərə-Xorvatiya oyunu İdman Azərbaycan Televiziyası ilə canlı yayımlanacaq.Qeyd edək ki, mundialın birinci yarımfinal oyununda Fransa millisi Belçika yığmasını məğlub edərək son 20 il ərzində üçüncü dəfə final mərhələsinə vəsiqə qazanıb.Dünya çempionatında üçüncü yer uğrunda görüş iyulun 14-də, final qarşılaşması isə iyulun 15-də keçiriləcək.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02