Azərbaycan Premyer Liqasında 12-ci tura start verilib

24 Noyabr 2018 20:13

Xəbər 637 dəfə oxunub

Bu gün Azərbaycan Premyer Liqasında 12-ci tura start verilib.Milli.az bildirir ki, turun ilk görüşündə “Keşlə” ilə “Qəbələ” üz-üzə gəlib. Ötən turda doğma meydanda “Qarabağ”a uduzan “Qəbələ” Bakı səfərindən azı heç-heçəylə qayıtmağı hədəfləmişdi. Amma bölgə klubu daha inamlı çıxış edərək, bu oyundan qələbə ilə ayrılıb.Günün son matçında “Qarabağ” debütant “Sabah”ı sınağa çəkib. “Köhlən atlar”ı noyabrın 29-da “Sportinq”lə Avropa Liqasının matçı gözləyir. Bəlkə də, həmin oyuna görə Qurban Qurbanovun komandası özünü çox yormamağa çalışıb. Amma “Sabah”ın asan rəqib olmadığını da unutmaq olmaz. Qarşılaşma isə heç-heçə başa çatıb.Turun qalan iki oyunu bazar günü keçiriləcək.Lider “Neftçi” bu turda “qardaş”ı “Səbail”lə münasibətlərinə aydınlıq gətirəcək. Hazırda hər iki komandanın turnir cədvəlindəki mövqeyi yaxşıdır. “Neftçilər” zirvədə yer alıbsa, “Səbail” 3-cü pillədə qərarlaşıb. Amma bu oyunda “qardaşlar”dan biri, ya da ikisi də xal itirməyə məcburdur.Tura “Zirə” – “Sumqayıt” matçı ilə yekun vurulacaq. Nazim Süleymanovun qalmaqallı şəkildə “kimyaçılar”dan ayrılmasından sonra “sükan arxasına” Ayxan Abbasov keçib. Abbasov “Sumqayıt”ın baş məşqçi postunda ilk “imtahan”ını məhz keçmiş komandası “Zirə”yə qarşı matçda verəcək.xeber100.com