Güləş Federasiyasının məlumatı əsasında…

16 İyun 2019 12:25

Xəbər 468 dəfə oxunub

Sərbəst və yunan-Roma güləşi üzrə yığmalarımız Minskdə keçiriləcək II Avropa Oyunlarına hazırlığı davam etdirir.Azərbaycan Güləş Federasiyasından Azərtac-a bildirilib ki, Olimpiya Güləş Mərkəzində təşkil olunan təlim-məşq toplanışı məsul yarış ərəfəsində son hazırlıq prosesidir. Yunan-Roma güləşi üzrə millimiz Estoniya və İsveçdən olan pəhləvanlarla birgə məşqləri davam etdirir. Qonaqlar federasiyanın rəsmi saytına verdikləri açıqlamada toplanışın gedişindən, onlara yaradılan şəraitdən, güləş bazasından razı qaldıqlarını bildiriblər.İsveç millisinin məşqçisi Cimmi Samuelsson deyib: “Azərbaycana ikinci dəfədir gəlirəm. İlk dəfə 2007-ci ildə Bakıda keçirilən dünya çempionatında idmançı kimi iştirak etmişəm. Təbii ki, İsveçlə Azərbaycanın iqlimi çox fərqlidir. Burada hava çox istidir. Ancaq problem deyil. Mən isti havanı sevirəm. Bakı gözəl şəhərdir. Xüsusən də “Alov qüllələri” və İçərişəhəri çox bəyəndim. Bakıya iki güləşçi ilə gəlmişik. Dünən onlardan biri zədələndiyi üçün bugünkü məşqdə iştirak etmir. Ümid edirəm ki, Aleks Kessidis Avropa Oyunlarına qədər zədəsini tam sağaldacaq. Həmçinin Bakıda sentyabrda keçiriləcək dünya çempionatına hazırlaşırıq. Olimpiya Güləş Mərkəzini çox bəyəndim. Bizim üçün bu zal çox böyükdür. İsveçdə bir zalda maksimum 2-3 güləş xalçası olur. Burada isə 14 xalçanın olması güləşçilərin eyni vaxtda məşq etməsinə imkan verir. Bu da güləşin Azərbaycanın milli idman növü olduğunu göstərir. Gələcəkdə də burada toplanış keçməyi planlaşdırırıq”.Estoniya yığma komandasının baş məşqçisi İvar Kotkas isə Bakı və idmançılar haqqında bunları söyləyib: “Estoniya ilə müqayisədə temperatur çox yüksəkdir. Lakin toplanışda hər şey qaydasındadır. Gətirdiyimiz üç güləşçi güclü sınaqçı-rəqiblərlə işləyir. Güləşçilərimizdən biri ən ağır çəkidə London Olimpiadasının gümüş medalçısı, ikiqat dünya çempionu Heyki Nabidir. Bu toplanış Avropa Oyunlarına hazırlıq xarakteri daşıyır. Ancaq Nabi Minskdə güləşməyəcək. Digər iki güləşçimiz Belarusda çıxış edəcək. Bakıda 3-4 dəfə olmuşam. İlk Avropa Oyunları zamanı da məşqçi kimi ölkənizə səfər etmişdim. Paytaxtınız haqqında ancaq xoş sözlər deyə bilərəm. Xüsusən də Bakının mərkəzi çox gözəldir. Bazar günü şəhərdə ekskursiya etməyi planlaşdırırıq”.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02