“Meltvater” turnirinin ikinci yarış günündə beş turun oyunları keçirilib

15 Mart 2021 08:42

Xəbər 399 dəfə oxunub

Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi nüfuzlu “Champions Chess Tour” onlayn şahmat seriyasının dördüncü – “Meltvater” turnirinin ikinci yarış günündə beş turun oyunları keçirilib.Azərtac xəbər verir ki, yarışda mübarizə aparan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ardıcıl üç qarşılaşmada — FİDE təmsilçisi Alireza Firuzca, Maqnus Karlsen və ispaniyalı David Anton Quixarroya qarşı keçirdiyi oyunlarda məğlub olub. Şahmatçımız yeganə qələbəsini 9-cu turda isveçli Nils Qrandelius üzərində qazanıb. Ş.Məmmədyarov son turda niderlandlı Aniş Giri ilə mübarizədə də məğlub olub.Turnirin altıncı turundan mübarizəyə başlayan digər təmsilçimiz T.Rəcəbov əvvəlki iki turda amerikalı Hikaru Nakamura, niderlandlı Yorden Van Forestlə heç-heçə edib, növbəti oyunlarda fransalı Maksim Vaşye-Laqrav və FIDE təmsilçisi Alireza Firuzcaya məğlub olub. Şahmatçımız günün son oyununda Maqnus Karlsenlə üz-üzə gəlib və bu qarşılaşma heç-heçə ilə nəticələnib.On turdan 4,5 xal toplayan Teymur Rəcəbov turnir cədvəlində 11-cidir. Aktivində 4 xal olan Şəhriyar Məmmədyarov isə 12-ci sırada qərarlaşıb. Ötən turların nəticəsinə görə Aniş Giri (8 xal) liderdir.xeber100.com