“Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarının 15-ci günündə

6 Avqust 2021 20:42

Xəbər 281 dəfə oxunub

Avqustun 6-da – “Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarının 15-ci günündə 89 ölkənin idmançıları medal qazanıblar.Azərtac xəbər verir ki, medal siyahısına Çin komandası liderlik edir. Bu ölkənin idmançıları 36 qızıl, 26 gümüş və 17 bürünc medal qazanıblar. İkinci pillədə 31 qızıl, 36 gümüş və 31 bürünc medalla ABŞ təmsilçiləri, üçüncü yerdə isə 24 qızıl, 11 gümüş və 16 bürünc medalla Yaponiya atletləri qərarlaşıblar.Böyük Britaniya 18 qızıl, 20 gümüş, 20 bürünc medalla dördüncü, Rusiya Olimpiya Komitəsi isə 17 qızıl, 23 gümüş və 22 bürünc medalla beşincidir. İlk onluğu Avstraliya (17-6-21), İtaliya (10-10-18), Almaniya (9-11-16), Niderland (9-10-12) və Fransa (7-11-9) tamamlayır.Azərbaycanın Olimpiya komandası “Tokio-2020”nin 15-ci günündə bir gümüş medal qazanıb. Karateçimiz kumite yarışlarının finalında uduzaraq gümüş medalla kifayətlənməli olub. Bundan başqa, millimizin üç idmançısı – qadın cüdoçu İrina Kindzerska, boksçu Alfonso Dominges və yunan-Roma güləşçisi Rafiq Hüseynov komandamızın aktivinə bürünc medallar yazdırıblar. Həmçinin sərbəst güləşçimiz Hacı Əliyev 65 kiloqram çəki dərəcəsində yarışın finalına yüksəlməklə ən azı gümüş medalı təmin edib.Avqustun 8-dək davam edəcək XXXII Yay Olimpiya Oyunlarında 204 Milli Olimpiya Komitəsindən 11 min atlet idmanın 33 növü üzrə 339 dəst medal uğrunda mübarizə aparır.Xatırladaq ki, Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur. Ölkəmiz yeddinci dəfədir Yay Olimpiya Oyunlarında iştirak edir. Olimpiya komandamız, həmçinin 6 Qış Olimpiya Oyunlarında gücünü sınayıb. Milli komandamızın Olimpiya Oyunlarında debütü “Atlanta-1996” Qış Olimpiya Oyunlarına təsadüf edib. Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu “Rio-2016”da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan komandamız 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02