Voleybolçular arasında Avropa çempionatının yarımfinalçıları müəyyənləşib

16 Sentyabr 2021 14:13

Xəbər 386 dəfə oxunub

Kişi voleybolçular arasında Avropa çempionatında mübarizə sona yaxınlaşır. Artıq yarışda yarımfinalçılar müəyyənləşib.Dörddəbir finalın ilk oyunu Niderland və Serbiya millisi arasında olub. Gözlənildiyi kimi serblər sürprizə imkan verməyiblər. Gərgin keçən ilk hissədə 25:23 hesabı qeydə alınıb. İkinci setdə Serbiya yığması daha asan qələbə qazanıb 25:20. Üçüncü hissədə Niderland voleybolçuları çox çalışsalar da, oyunda dönüş yaratmaq mümkün olmayıb. Bu dəfə 27:25 hesabı qeydə alınıb. Beləliklə, hər 3 setdə qalib gələn Serbiya yığması yarımfinala adlayıb.Polşa millisi də azarkeşlərini sevindirib. Komanda Rusiya kollektivini mübarizədən kənarlaşdırıb. İlk setdə rusiyalılar yalnız 14 xal qazana biliblər. İkinci hissədə polşalılar rəqibin müqaviməti ilə üzləşsələr də, qalib gəliblər – 26:24. Üçüncü setdə də görüşün ssenarisi dəyişməyib. Bu dəfə 25:19 hesablı qələbə qazanan Polşa millisi yarımfinala yüksəlib.Digər oyunlarda İtaliya millisi Almaniyanı, Sloveniya yığması isə Çexiyanı 3:0 hesabı ilə məğlub edib.Yarımfinalda Polşa millisi Sloveniya, İtaliya seçməsi isə Serbiya ilə qarşılaşacaq. Görüşlər sentyabrın 18-də Polşada təşkil olunacaq.xeber100.com