Azərbaycan Premyer Liqasında 10-cu turun daha bir oyunu keçirilib

7 Noyabr 2021 17:45

Xəbər 308 dəfə oxunub

Noyabrın 7-də futbol üzrə Azərbaycan Premyer Liqasında 10-cu turun daha bir oyunu keçirilib. “Zəfər turu”nda günün ilk qarşılaşması “Səbail” və “Qəbələ” komandaları arasında olub. Matç əyalət təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. İlk qolu 88-ci dəqiqədə Emil Səfərov vurub. Matçın 90+5-ci dəqiqəsində Məqsəd İsayev fərqi iki topa çatdırıb. Oyunun 56-cı dəqiqəsində paytaxt klubunda Yurgen Qoca ikinci sarı vərəqəni alaraq meydandan qovulub.Bu nəticədən sonra xallarının sayını 18-ə çatdıran “qırmızı-qaralar” ikinci pilləyə yüksəlib. Doqquz xala malik “dənizçilər” isə yeddinci sıradadır.Xatırladaq ki, bu gün oynanılacaq “Sumqayıt” – “Qarabağ” matçı ilə tura yekun vurulacaq. “Zəfər turu”nun digər qarşılaşmalarında “Keşlə” evdə “Neftçi”ni 3:2 hesabı ilə məğlub edib. “Sabah” – “Zirə” görüşündə isə heç-heçə qeydə alınıb – 3:3.Qeyd edək ki, Peşəkar Futbol Liqası (PFL) bu turu Zəfər turu elan edib. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşməni darmadağın edərək əzəli torpaqlarımızı işğaldan azad edib. Prezident İlham Əliyevin ötən il dekabrın 3-də imzaladığı Sərəncama əsasən noyabrın 8-i Azərbaycanda Zəfər Günü elan olunub.xeber100.com