Cüdo üzrə yığma komandamızın təlim-məşq toplanışında

31 Dekabr 2021 19:12

Xəbər 423 dəfə oxunub

Böyüklər və gənclərdən ibarət cüdo üzrə yığma komandamızın Göygöl Olimpiya Kompleksindəki təlim-məşq toplanışı başa çatıb.İlin son təlim-məşq toplanışında əsasən, Bakı, Sumqayıt, Gəncə və Qəbələdən yaşı 18-dən 31-dək olan 58 cüdoçu iştirak edib. Hazırlığa dekabrın 7-9-da keçirilmiş Azərbaycan kuboku yarışının qalib və mükafatçıları, həmçinin milli komandanın aparıcı heyətinin üzvləri də qatılıblar. Təlim-məşq toplanışının təşkilində əsas məqsəd gələn ilin yanvarın sonlarından başlayacaq beynəlxalq yarışlara cüdoçuların hazırlığını artırmaqdır.Böyüklərdən ibarət yığma komandanın kapitanı Rüstəm Orucov əsas hədəfin “Paris-2024” olduğunu bildirib: “Təlim-məşqlərdə, həm böyüklər, həm də gənclər arasında ən güclü cüdoçular hazırlıq keçirlər. Yığma üzvləri gələn il keçiriləcək turnirlərə hazırlaşırlar. Şübhəsiz, əsas hədəf Paris Yay Olimpiya Oyunlarıdır. Lakin bu nüfuzlu yarışdan əvvəl bizi Avropa və dünya çempionatları, İslam Həmrəyliyi Oyunları kimi güclü yarışlar gözləyir”.Millinin məşqçisi Elçin İsmayılov cüdoçuların hazırlıq prosesində əsasən, güc və dözümlülük məşqlərinin keçirildiyini bildirib. O, toplanışa titullu cüdoçularla yanaşı, gənc və perspektivli idmançıların da iştirak etdiklərini bildirib.xeber100.com