Velosiped İdmanı Federasiyası yeni yarış mövsümünə start verib

12 Fevral 2022 19:28

Xəbər 406 dəfə oxunub

Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) yeni yarış mövsümünə start verib.İştirakçılar şose velosipedi üzrə Azərbaycan kuboku yarışının birinci mərhələsində mübarizə aparırlar.Yarışda müxtəlif klub və cəmiyyətlərin üç yaş kateqoriyası üzrə 50 idmançısı iştirak edir.Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyev mətbuat nümayəndələrinə müsahibəsində bildirib ki, təməli xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan gənclərə qayğı siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. “Mən dünyada elə bir ölkə tanımıram ki, orada gənclərə bizdə olduğu kimi diqqət və qayğı göstərilsin. Bugünkü tədbirimiz sadəcə yarış deyil. Bizim gənclərimiz yeni qələbələrə imza atmağa hazırlaşırlar”, – deyən federasiya prezidenti gənclərimizin sağlam olması və idmanda böyük nailiyyətlər qazanması üçün çalışdıqlarını vurğulayıb.Yarışın birinci günündə velosipedçilər 14 kilometr məsafəyə fərdi ötüşmə növündə mübarizə aparıblar. 17 yaşadək idmançılar arasında keçirilən yarışda Respublika Olimpiya Velosiped Məktəbinin üzvləri Radha Şabanova və Tamerlan Vitovski ən yaxşı göstərici ilə bütün rəqiblərini qabaqlayıblar. Bu məktəbin digər təmsilçiləri Diana Sidorenko və Kamran Mirzəxanov gənclər arasında birinci yerə layiq görülüb. U23 və elit yaş kateqoriyasında isə 7 saylı Olimpiya Velosiped Məktəbinin üzvü Lalə Əbdürrəhmanova və Müdafiə Sənayesi Nazirliyinin velosiped idman klubunun nümayəndəsi Musa Mikayılzadə hamıdan yaxşı nəticə göstərib.Azərbaycan kubokunun birinci mərhələsinin ikinci yarış günündə velosipedçilər qrup ötüşməsində mübarizə aparacaqlar.xeber100.com

 

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02