AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

29 Aprel 2022 15:15

Xəbər 459 dəfə oxunub

Aprelin 29-da Bakı Olimpiya Stadionunda (BOS) AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.Gündəlikdə olan məsələlərin müzakirəsindən əvvəl AFFA-nın prezidenti Rövnəq Abdullayev BOS-da yaradılan VAR Mərkəzi ilə tanış olub. AFFA prezidentinə VAR Mərkəzinin iş prinsipi ilə bağlı məlumat verilib.Daha sonra R.Abdullayev FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru vəzifəsinə təyin olunmuş icraçı vitse-prezident Elxan Məmmədova İcraiyyə Komitəsi adından uğurlar arzulayıb.Aparılmış müzakirələrdən sonra 2022/2023-cü il mövsümündən etibarən “İmişli”, “Mingəçevir” və “Araz-Naxçıvan” komandalarının Birinci Divizionda çıxış etməsinə icazə verilib. Azərbaycan çempionatında legioner limitinin 6+5 sistemi ilə tətbiqinin davam etdirilməsi, Premyer Liqada gənc futbolçular üçün yaş limitinin ləğv olunması, çempionatda əvəzetmə sayının dəyişdirilməməsi (3 əvəzetmə sayı saxlanılsın) barədə qərar qəbul edilib.2022/2023-cü il mövsümündən etibarən klublar sifariş ərizəsinə 14 legioner futbolçu daxil edə biləcək. On dörd legionerdən əlavə hər legioner üçün sifariş ödənişi 50 min manat müəyyənləşdirilib. 2023/2024-cü il mövsümündən isə klublar sifariş ərizəsinə 12 legioner futbolçu daxil edəcək. On iki legionerdən əlavə hər legioner üçün sifariş ödənişi 50 min manat müəyyən olunub.AFFA-nın Yoxlama və Təftiş Komitəsinin Əsasnaməsinin hazırlanması baş katibliyə tapşırılıb. Əsasnamə 1 ay ərzində İcraiyyə Komitəsinə təqdim olunmalıdır.xeber100.com