Azərbaycan çempionatlarında 2022/2023-cü il mövsümünün açılış mərasimi olub

15 Dekabr 2022 10:41

Xəbər 321 dəfə oxunub

Dekabrın 15-də voleybol üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatlarında 2022/2023-cü il mövsümünün açılış mərasimi olub. Voleybol Mərkəzində təşkil edilən tədbirə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, Heydər Əliyev adına Hərbi İnstitutun rektor müavini, Vətən Müharibəsi Qəhrəmanı polkovnik Nizami Mövlanov, Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Cavid Qurbanov, birinci vitse-prezident Faiq Qarayev və digər rəsmi qonaqlar qatılıblar. AVF rəhbəri komandalara uğurlar arzuladıqdan sonra bildirib ki, Azərbaycan voleybolçuları həmişə Avropada və dünyada öz sözlərini deyiblər: “Bu idman növü ölkəmizdə çox sevilib və bu gün də sevilir”.

O, voleybolun ölkəmizdə daha da kütləviləşəcəyinə, həmçinin yeni inkişaf yoluna qədəm qoyacağına və yenidən beynəlxalq arenalarda yığmalarımızın öz sözünü deyəcəklərinə inam ifadə edib. C.Qurbanov vurğulayıb ki, Azərbaycan voleybolu əvvəlki səviyyəsini tezliklə bərpa edəcək.

Ardınca Ç.Hüseynzadə MOK adından voleybol bayramının başlaması münasibətilə hamını təbrik edib, iştirakçılara uğurlar arzulayıb: “Əminəm ki, Azərbaycan voleybolu çox qısa vaxtda öz əvvəlki nüfuzuna qayıdacaq”.

N.Mövlanov isə Azərbaycan xalqının, qalib ordumuzun hər şeyə nail ola biləcəyini deyib. O, çempionluq uğrunda əzmkar mübarizənin gedəcəyinə inandığını söyləyib.

Ardınca Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin ifasında Dövlət Himni səslənib.

Ötən illərdən fərqli olaraq, bu il həm qadınların, həm də kişilərin çempionatı Yüksək Liqa adlanacaq. Qadınların yarışında “Azərreyl”, “Abşeron”, “Murov” və UNEC klubları çempion adı uğrunda mübarizə aparacaqlar. Kişilərin mübarizəsində isə MOİK, “Neftçi”, “Murov” və mədəniyyət paytaxtı Şuşanı təmsil edəcək “Xarıbülbül” qüvvəsini sınayacaq.

Qadın və kişi voleybolçuların yarışı 6 dövrədən ibarət olacaq. Əgər yekunda xallar bərabər olarsa, çempion qələbə sayına əsasən elan ediləcək. Dekabrda, həmçinin qadın və kişi voleybolçular arasında I liqa yarışlarına start veriləcək.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02