Azərbaycan Premyer Liqasında XXX tura start verilib

14 Aprel 2023 18:21

Xəbər 378 dəfə oxunub

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXX tura start verilib. İlk oyun günündə iki qarşılaşma keçirilib.

Turun açılış matçında “Zirə” komandası “Səbail”i qəbul edib. Görüş “Zirə”nin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda meydan sahiblərinin heyətində Vladislav Kulaç, Rüstəm Əhmədzadə və Eldar Quliyev fərqləniblər. Rəqibin heyətində isə Qoba Zakpa adını tabloya yazdırıb.

Hesabında 41 xal olan “Zirə” turnir cədvəlində beşinci, “Səbail” isə 21 xalla sonuncu pillədə yer alıb.

Günün digər görüşü “Neftçi” və “Qəbələ” komandaları arasında olub. Qarşılıqlı hücumlar şəraitində keçən matçda “Qəbələ” 2:1 hesablı qələbəyə sevinib.

“Neftçi”nin yeganə qolunu penaltidən kapitan Emin Mahmudov vurub. “Qəbələ”nin heyətində isə Ramon Maçado və İsnik Alimi rəqibi meydanın mərkəzinə dəvət ediblər.

Bakı təmsilçisi 60 xalla üçüncü, “Qəbələ” isə 42 xalla dördüncü sırada qərarlaşıb.

Qeyd edək ki, turun “Kəpəz” – “Turan Tovuz” oyunu aprelin 15-də, “Şamaxı” – “Sumqayıt” və “Sabah” – “Qarabağ” matçları isə ertəsi gün keçiriləcək.xeber100.com