Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası statistik göstəriciləri açıqlayıb

18 Oktyabr 2023 13:53

Xəbər 322 dəfə oxunub

AVRO-2024-ün seçmə mərhələsində VIII tura yekun vurulub.

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 12-17 oktyabr tarixləri arasında keçirilmiş seçmə oyunlarından sonra statistik göstəriciləri açıqlayıb.

Lixtenşteynlə oyunda dubl edən Gilfi Siqurdsson 27 qolla İslandiya millisinin heyətində bütün zamanların ən sərrast oyunçusu olub. O, bu göstərici ilə daha əvvəl 26 qolla reytinqə başçılıq edən Eydur Qudyonsen və Kolbeynn Siqtorssonu qabaqlayıb.

İtaliya yığması 2006-cı ilin sentyabrından sonra seçmə mərhələdə ilk dəfə səfər oyununda məğlub olub. Bu, komandanın İngiltərəyə 1-3 hesabı ilə uduzduğu matça təsadüf edib. “Uembli” stadionundakı qarşılaşmada dubl edən Harri Keyn isə İngiltərə millisində bütün zamanların bombardiri ünvanını ələ keçirib – 24 qol. Ulduz futbolçu bu göstərici ilə Bobbi Çarltonu (23 qol) geridə qoyub.

Finlandiya ilə qarşılaşmada (2:1) rəqib qapısından 2 top keçirən Baxtiyar Zaynutdinov isə Qazaxıstan yığmasındakı qollarının sayını 14-ə çatdıraraq vahid lider olub. O, bunadək 13 qolla zirvədə yer alan Ruslan Baltiyevin nəticəsini yaxşılaşdırıb.

İslandiya ilə oyunda (1:1) fərqlənən Jerson Rodriges 17 qolla Lüksemburq seçməsinin ən sərrast futbolçularının siyahısında zirvəyə yüksəlib. 28 yaşlı hücumçu daha əvvəl Leon Marta (16 qol) məxsus olan rekordu təqribən 80 ildən sonra yeniləyib.

Slovakiya (3-2) və Bosniya və Herseqovina (5-0) ilə qarşılaşmalarda iki qol vuran Kriştianu Ronaldu Portuqaliya yığmasında 153 və 154-cü dublunu rəsmiləşdirib. Amma 38 yaşlı forvard hələ də aktivində 156 dubl olan argentinalı Lionel Messidən geri qalır.

Ronaldu həmçinin 2023-cü ildə 40 qol həddinə çatan ilk oyunçu olub və bu göstəricidə norveçli Erlinq Holannla macarıstanlı Barnabas Varqanı (hər ikisi 39 qol vurub) qabaqlayıb.

Bosniya və Herseqovina ilə matçın (5:0) ilk hissəsində 5 cavabsız qol vuran Portuqaliya millisi 102 illik tarixində fasiləyədək ən böyük hesablı nəticəsini qazanıb.

Doğma meydanda Türkiyə yığmasına 0:1 hesabı ilə uduzan Xorvatiya millisi Avropa çempionatının seçmə mərhələlərində ilk məğlubiyyətini alıb. Komanda bunadək keçirdiyi 37 ev matçında 28 qələbə qazanıb, 9 dəfə heç-heçə edib.

Norveçlə səfər görüşündə (1:0) İspaniya millisinin heyətində 5-ci qolunu vuran Qavi bu göstəriciyə çatan ən gənc oyunçu (19 yaş 71 gün) olub. O, 1926-cı il dekabrın 19-da (20 yaş 180 gün) yığmanın heyətində 5-ci qolunu vuran Xuan Erraskinin rekordunu yeniləyib. Bununla da Qavi 20 yaşını tamamlamadan İspaniya millisində 5 qol vuran ilk futbolçu kimi tarixə düşüb.

Danimarka yığmasında 130-cu matçına çıxan Simon Kyaer Peter Şmeyxeli (129 matç) geridə qoyaraq milli komandanın tarixində ən çox oyun keçirən futbolçu olub.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02