“Telekom” Türkiyədə beynəlxalq “Boğaziçi” turnirinə qatılacaq

15 Avqust 2016 10:49

Xəbər 946 dəfə oxunub

Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Telekom” Türkiyədə beynəlxalq “Boğaziçi” turnirinə qatılacaq. Apasport.az saytının məlumatına görə, yarışda heyəti gənc və perspektivli voleybolçulardan qurulan Bakı təmsilçisi ilə yanaşı, daha 5 klub yeni mövsüm üçün oyunçularını sınaqdan keçirəcək. Belə ki, qonşu ölkədə yerli komandalardan “Əczaçıbaşı”, “Beşiktaş”, “Çanakkale Bələdiyyəsi”, “Halkbank” və “Sarıyer Bələdiyyəsi” Super Liqanın gümüş medalçısının rəqibləri olacaq. Bu klublardan birincisini xüsusi vurğulamaq yerinə düşər. Çünki Türkiyədə daima tarix yazmaqla, uğurlarını sıralayırlar. “Əczaçıbaşı” 11 dəfə ölkə çempionu olmaqla yanaşı, 8 dəfə Türkiyə kubokunu, 2 dəfə Superkubokunu qazanıb. Həmçinin klublararası dünya çempionatının, Çempionlar Liqasının, CEV kubokun qalibidi. Artıq yarışın püşkü atılıb və təqvimi də məlumdu. A qrupunda yer alan “Telekom” “Sarıyer Bələdiyyəsi” və “Beşiktaş”la münasibətinə aydınlıq gətirəcək. Sentyabrın 28-də başlayacaq yarışda ilk 2 yerin sahibləri yarımfinala yüksələcək. Qalibin adına oktyabrın 2-də aydınlıq gələcək. Klubdan saytımıza verilən məlumata görə, İstanbula yollanmaqda məqsəd hər bir gənc voleybolçunun son durumunu diqqətdən keçirmək və onların oyun təcrübəsini artırmağa hesablanıb.xeber100.com