Hüseyn Cavid – 134

Bu gün yazıçı-dramaturq Hüseyn Cavidin anadan olmasından 134 il ötür. Milli poeziyamızda fəlsəfi lirikanın təkrarsız nümunələrini yaratmış Hüseyn Cavid mənzum faciələri və tarixi dramları ilə Azərbaycan dramaturgiyasında yeni mərhələ açıb. Onun yaradıcılığı Şərqin estetik fikir tarixi və dünya romantizm ənənələri ilə sıx bağlı olub. Dahi sənətkarın zəngin irsinə “Keçmiş günlər”, “Bahar şəbnəmləri” şeirlər silsiləsi, “Azər”, “Kor neyzən” poemaları, “Ana”, “Maral”, “Şeyx Sənan”, “İblis”, “Şeyda”, “Uçurum”, “Afət”, “Peyğəmbər, “Topal Teymur”, “Knyaz”, “Səyavuş”, “Xəyyam”, “İblisin intiqamı” dramları, ədəbi, elmi, ictimai baxışlarını əks etdirən məqalələri, məktubları daxildir. “Atilla” (Gözəl Eyida), “Çingiz”, “İblisin ilhamı”, “Telli saz”, “Şəhla”, “Koroğlu” adlı əsərləri isə müsadirə olunub. “Mənim Tanrım gözəllikdir, sevgidir”, - deyən Hüseyn Cavid dramaturq olmazdan öncə romantik şair, sevgi və gözəllik aşiqi kimi tanınıb. Onun poeziyasında dərin həyat fəlsəfəsi, sağlam məntiq, insan kamalına möhkəm inam öz əksini tapıb. Azərbaycan ədəbiyyatına ümumtürk məfkurəsi gətirən böyük sənətkar “Dəniz tamaşası” (1912) şeirində qoca türkün dili ilə millətin döyüş ruhunun qorunmasının vacibliyindən söz açıb. Dil və din birliyinin qorunub saxlanması problemini “Hərb və fəlakət” şeirində qələmə alaraq “İttihad! İştə ən böyük ideal” yazıb.xeber100.com

Oktyabr 24, 2016 10:23