Kurikulum kursları təşkil olunub

“Təhsildə İnnovativ Texnologiyalar” (İTE) Təhsil Mərkəzi Masallı şəhər 4 nömrəli tam orta məktəbində yeni fənn kurikulumlarının tətbiqi ilə bağlı müəllimlər üçün təlim kursları keçirir. Azərtac xəbər verir ki, təlimçi Namik Aslanov tərəfindən kurslar yerli və beynəlxalq qurumlarla əməkdaşlıq çərçivəsində yenilənən təlim proqramları əsasında aparılır. Yeni təhsil proqramının məqsəd və vəziflərindən danışan N.Aslanov bildirib ki, kurikulum təhsilin hər bir pilləsi üzrə təlimin nəticələrinin və məzmun standartlarının, tədris fənlərinin, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarının, pedaqоji prоsesin təşkili, təlim nəticələrinin qiymətləndirilməsi və mоnitоrinqinin aparılması sistemini özündə əks etdirir. Bu təhsil proqramı müasir dərs modelinin əsas çərçivələri üzrə fənlər kursunun hər bir bölməsinin məqsədini, məzmununu, tədris-təlim fəaliyyətini, nailiyyətlərini, onların qiymətləndirilməsini özündə birləşdirir. Qeyd olunub ki, 2006-cı ildə "Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)" hazırlanaraq Nazirlər Kabineti tərəfindən təsdiq edilib, 2010-cu ildə “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)” adı ilə təkmilləşdirilib. Ümumi təhsilin fənn kurikulumları təhsil nazirinin əmri ilə təsdiqlənərək pedaqoji ictimaiyyətin istifadəsinə verilib. Təlim məşğələlərində yeni təhsil proqramı üzrə bilik əldə edən müəllimlər fəal təlim xüsusiyyətlərini mənimsəməklə müasir qiymətləndirmənin əsaslarını, onun ənənəvi qiymətləndirmədən fərqini öyrənəcək, seçdikləri mövzu üzrə kurikulumun tələblərinə uyğun dərs nümunəsi hazırlayacaqlar. On günlük təlim kursunu başa vurmuş müəllimlərə test imtahanının nəticələrinə əsasən sertifikatlar veriləcək.

Avqust 23, 2016 4:14

Beynəlxalq əhəmiyyətli kurort turizm mərkəzi – NAFTALAN

Naftalan sakit və kiçik şəhər olmasına baxmayaraq, Azərbaycanın beynəlxalq əhəmiyyətli məşhur müalicəvi kurort turizm mərkəzidir. Burada dünyada analoqu olmayan, xüsusi iyə malik qara-qəhvəyi və qonur rəngli qatı maye - Naftalan nefti hasil edilir. Naftalan neftinin nadir xüsusiyyətləri və yüksək təbii tibbi təsirə malik olması 100 ildən artıq müddətdə bir çox elmi tədqiqat və xəstəliklərin müalicəsində istifadə edilməklə qazanılmış təcrübə nəticəsində təsdiqlənib. Müalicəvi Naftalan kurort terapiyasının digər metodları və təbii amillər (əlverişli ekoloji şərait və təmiz şam ağacı havası) birgə oynaq xəstəliklərinin, eləcə də nevroloji, uroloji, ginekoloji, dəri və digər xəstəliklərin müalicəsində böyük rol oynayır. Hazırda bu imkanlardan məharətlə yararlanan Naftalan şəhərində müasir turizm infrastrukturunun geniş şəbəkəsi qurulub. Hələ keçmiş SSRİ dövründən ümumittifaq miqyasında böyük şöhrət tapan Naftalan bu gün özündə təbii amilləri, tibbi kurort nailiyyətlərini, Avropa komfortunu, Azərbaycanın qonaqpərvərliyini və əlverişli qiymətlərə malik göndərişləri ehtiva edən müasir istirahət və müalicə mərkəzi kimi həm keçmiş ənənəni qoruyub saxlayır, həm də Avropadan və Uzaq Şərqdən olan xarici turistləri özünə cəlb edir.xeber100.com  

Avqust 20, 2016 8:43