“Gəncə – 2016 Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində…

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və “ASAN Könüllüləri” Təşkilatının dəstəyi ilə Gəncədə “I Beynəlxalq Startup Akademiyası: Gəncə - 2016” layihəsi həyata keçiriləcək. Azərtac xəbər verir ki, “Gəncə - 2016 Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində keçiriləcək tədbir oktyabrın 27-dən 30-dək davam edəcək. Azərbaycanda ilk dəfə yerli və əcnəbi gənclərin iştirakı ilə təşkil olunacaq tədbirin keçirilməsində məqsəd gənclərin asudə vaxtını səmərəli keçirməsi, dünyagörüşlərinin və motivasiyalarının artırılması, xüsusən də dövlətçilik düşüncələrinin formalaşdırılması, iş bacarıqlarının və psixoloji durumlarının yüksəldilməsidir. Həmçinin gənclərin innovasiyalar sahəsinə marağını artırmaq, yeni texnoloji layihələrin yaradılmasına dəstək olmaq, onları bu sahədə ilkin bilik və bacarıqlara yiyələndirmək, yerli və xarici iştirakçılar arasında ideya mübadiləsini stimullaşdırmaq, “startup” mədəniyyətini təbliğ etmək, potensial ideyaların reallaşdırılması məqsədilə beynəlxalq və yerli donorlar tərəfindən təcrübə və texniki dəstək imkanları yaratmaq da layihənin əsas hədəfləri arasındadır. Layihə çərçivəsində iştirakçılar üçün bir sıra təlimlər keçiriləcək və gənclərin “startup” ideyaları dəyərləndiriləcək.xeber100.com

Avqust 14, 2016 9:58

Ölkə başçısının müvafiq sərəncamına əsasən…

Ölkə başçısı İlham Əliyevin müvafiq Sərəncamına əsasən Neftçalada həyata keçirilən infrastruktur layihələr sırasında Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmiri mühüm yer tutur. Azərtac xəbər verir ki, ayrı-ayrı binalarda fəaliyyət göstərən Neftçala Rayon Mərkəzi Xəstəxanası yeni tibb şəhərciyində yerləşəcək. Ötən əsrin 70-ci illərində istifadəyə verilən səhiyyə müəssisəsində əsaslı təmir işləri aparılmadığından tibb ocağında müasir tibb xidmətinin təşkili müəyyən çətinliklər yaradırdı. Bu zərurət nəzərə alınaraq dövlətimizin başçısının müvafiq Sərəncamı ilə ayrılan vəsait hesabına 2013-cü ilin axırlarında xəstəxanada əsaslı təmirə başlanılıb. Yeddi korpusdan ibarət tibb ocağında artıq tikinti-quraşdırma işlərinin 80 faizə yaxını görülüb. Korpuslarda fasad işləri artıq başa çatıb və hazırda binaların daxilində işlər gedir. Xəstəxana şəhərciyi müasir tələblər əsasında tikilir. Ən müasir avadanlıq və tibbi ləvazimatla təchiz olunacaq səhiyyə müəssisəsi kompleks şəkildə müayinə və müalicə üçün hər cür şəraitin yaradılması ilə yanaşı, ilk dəfə olaraq böyrək çatışmamazlığından əziyyət çəkən xəstələrə dialez xidmətinin göstərilməsi də nəzərdə tutulub. Əsaslı təmir işləri başa çatdıqdan sonra səhiyyə ocağında 90 mindən çox əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi yüksələcəkdir. Təmir işlərinin bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulub.xeber100.com

Avqust 14, 2016 7:52

“Mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında”…

Erməni silahlı qüvvələrinin aprel ayında artilleriya atəşi nəticəsində Tərtər rayonunda dağılmış mülki əhaliyə məxsus evlərin bərpası davam etdirilir. Bərpa və təmir işləri Prezident İlham Əliyevin “Erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” 2016-cı il 2 may tarixli Sərəncamına əsasən aparılır. Tərtər Rayon İcra Hakimiyyətindən Azərtac-a bildiriblər ki, zərər çəkmiş evlərdən 5-də bərpa, 15-də təmir işləri başa çatıb. Hazırda bir evin tikintisi, 3 evin bərpası, 3 evin təmiri davam etdirilir. Tərtər şəhərində daha çox dağıntıya məruz qalmış Fikrət Əmirov küçəsində infrastruktur yenidən qurulub, küçənin elektrik, qaz xətləri yenidən çəkilib, divarlar aqlay daşı ilə üzlənib, yola yeni asfalt örtüyü döşənib. Aprel ayında düşmənin atəşi nəticəsində Tərtər rayonunda məcburi köçkünlərin məskunlaşdıqları 51 ev də zərər çəkib. Bu evlərin təmiri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Qismən zərər çəkmiş 130 evə Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik tərəfindən mal-material paylanıb.xeber100.com

Avqust 14, 2016 7:44

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı

Bərdə Rayon İcra Hakimiyyətində 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə olunub. Azərtac xəbər verir ki, yığıncaqda rayon icra hakimiyyətinin başçısı Vidadi İsayevin hesabat məruzəsi dinlənilib, ötən altı ayda görülmüş işlər və qarşıda duran vəzifələr ətraflı təhlil edilib. Bildirilib ki, ilin birinci yarışında regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası istiqamətində işlər uğurla davam etdirilib. Bu dövrdə Əyricə kənd yolunda Tərtər çayı üzərindəki körpü və Qazaxlar kəndində süd emalı müəssisəsi istifadəyə verilib, Bərdə şəhərində və kəndlərdə geniş abadlıq işləri aparılıb, 16 mindən çox ağac və 28 mindən çox gül kolu əkilib. On kənd qazlaşdırılıb, Əmirli, Dəymədağıldı, Kərimbəyli kəndlərinin, eləcə də Güloğlular kəndinin yeni yaşayış məhəlləsinin elektrik şəbəkəsi yenidən qurulub, 4 kənddə içməli su, 7 kənddə suvarma üçün subartezian quyuları vurulub, Tərtər çayının Zümürxan kəndi ərazisindən keçən hissəsində sahilbərkitmə işləri aparılıb. Yığıncaqda rayonun təhsil, səhiyyə, mədəniyyət məsələləri də ətraflı müzakirə edilib, sahibkarlığın inkişafından, əhalinin qaz, elektrik enerjisi, su ilə təminatı sahəsində əldə olunan nailiyyətlərdən və qarşıda duran vəzifələrdən danışılıb, vətəndaşların sosial müdafiəsi, ərizə və şikayətlərə baxılması sahəsində görülən işlər təhlil olunub.xeber100.com

Avqust 9, 2016 2:48