Ümumi məhsul buraxılışının həcmi 86,3 milyon manat olub

Beyləqan rayonunda cari ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib. Azərtac xəbər verir ki, məruzə və çıxışlarda ilin altı ayında ümumi məhsul buraxılışının 86,3 milyon manata bərabər olduğu, əsas kapitala 12 milyon manat investisiya yönəldildiyi, 11,2 milyon manatlıq tikinti-quraşdırma işlərinin aparıldığı diqqətə çatdırılıb. Bildirilib ki, hesabat dövründə abadlıq-quruculuq işləri davam etdirilib, Beyləqan şəhərinin küçələrinə asfalt örtük salınıb. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 54 mənzilli yaşayış binası, Xaçınabad kənd tam orta məktəbi, kənd təsərrüfatı idarəsi, Toxum Müfəttişliyi və aqrokimya laboratoriyası üçün binalar tikilib istifadəyə verilib. Beyləqan şəhərində 240 yerlik məktəb binasının və 120 yerlik uşaq bağçasının tikintisi davam etdirilib. İmamverdililər kəndində 180 yerlik tam orta məktəb binasının tikintisi başa çatmaq üzrədir. Cari ildə rayonun Türklər, Qaradağlı, Gödəklər, Bünyadlı, Sarı Su kəndləri qazlaşdırılıb. Hazırda Aşıqalılar, Əhmədli, Birinci Şahsevən, Yuxarı Çəmənli, İmamverdili kəndlərində daşıyıcı qaz xətlərinin çəkilişi davam etdirilir. Diqqətə çatdırılıb ki, hesabat dövründə 9191 hektar yazlıq bitkilər, o cümlədən 133 hektar şəkər çuğunduru, 384 hektar kartof, 430 hektar bostan bitkiləri, 365 hektar qarğıdalı, 405 hektar soya, 4035 hektar pambıq əkilib, 56 min 864 ton taxıl istehsal edilib. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 89 sahibkara 593 min manatdan çox güzəştli kredit verilib, nəticədə 97 yeni iş yeri açılıb. Yığıncaqda təhsil, səhiyyə, mədəniyyət, idman və aqrar sahədə həyata keçirilən tədbirlərdən, əhalinin elektrik enerjisi, təbii qaz, içməli və təsərrüfat suyu ilə təminatı istiqamətində görülən işlərdən də ətraflı bəhs edilib. Məruzə və çıxışlarda uğurlarla yanaşı, problemlər də sadalanıb, onların həlli üçün təkliflər irəli sürülüb.xeber100.com

İyul 31, 2016 4:33

Ümumdünya Arxeologiya Günü qeyd olunub

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə iyulun 29-da Orta əsr Ağsu şəhər Arxeoloji Turizm Kompleksində Ümumdünya Arxeologiya Günü təntənəli surətdə qeyd olunub. Azərtac xəbər verir ki, tədbirdə arxeoloqlar, etnoqraflar, epiqraflar, sənətşünaslar, Bakı, Ağsu, Şamaxı, İsmayıllıdan olan mədəni irs könüllüləri, habelə yerli sakinlər iştirak ediblər. Tədbirdə əvvəlcə Orta əsr Ağsu şəhər Arxeoloji Turizm Kompleksindəki Cümə məscidində 2013-2015-ci illərdə Mehrəvan qalasında aparılan arxeoloji qazıntıların nəticələrini əks etdirən “İlk orta əsrlərdə şəhər mədəniyyəti - Mehrəvan qalası” sərgisinin açılış mərasimi olub. Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli sərgidə nümayiş etdirilən zəngin maddi-mədəniyyət nümunələri - tunc bəzək əşyaları, dəmir alətlər, əqiq möhürlər, Roma, Bizans və Sasani sikkələri, nərd daşları və zərləri, sümük, daş, şüşə əşyalar, saxsı təknə və sair barədə ətraflı məlumat verib. Vurğulanıb ki, sərgi bir il ərzində Orta əsr şəhər qalıqlarında aşkar edilən Cümə məscidində nümayiş olunacaq. Sonra Ağsu məktəblilərinin ifasında yazıçı Arzu Soltanın ssenarisi əsasında yazılan “Sən də bizə qoşul” birpərdəli tamaşa nümayiş etdirilib. Tamaşa uşaqları arxeoloji tədqiqatlara və axtarışlara həvəsləndirmək baxımından çox maraqla qarşılanıb. Səhnəcik Orta əsr Ağsu şəhərinin baş meydanında nümayiş olunub. Meydanda İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tələbələrinin ifasında milli rəqslər oynanılıb, MİRAS musiqi qrupunun muğam dəstgahı səsləndirilib. Tədbir çərçivəsində Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksinin konfrans zalında professor Kübra Əliyeva, epiqraf Həbibə Əliyeva və arxeoloq Elmira Abbasovanın iştirakı ilə “Saxsıdan tətbiqi sənətə: naxışlar nədən danışır?” mövzusunda seminar keçirilib. Seminarda Azərbaycanın zəngin sənət tarixi, naxışlar aləminin müxtəlifliyi və varislik yolu ilə bu günə çatması ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb. Sonra Ağsu Tarix-Diyarşünaslıq Muzeyinin, Ağsu Mərkəzi Kitabxanasının tətbiqi sənət nümunələri və yeni nəşrlərdən ibarət sərgiləri nümayiş etdirilib. MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Kənd həyat tərzinin inkişafında qadınların rolu” layihəsi çərçivəsində Gəgəli, Bico və Qəşəd qadınlarının əl işləri də sərgiyə çıxarılıb, bəzi əl işlərinin hərracı keçirilib. Rəssam Vüqar Qurbanov tədbir boyunca çəkdiyi etüdləri iştirakçılara hədiyyə edib.xeber100.com

İyul 29, 2016 3:31