“Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqələrinin qalibi…

Bərdə şəhər akademik Zərifə Əliyeva adına məktəb-liseyin məzunları qəbul imtahanlarında yüksək nəticələr əldə ediblər. Məktəb-liseyin direktoru Vidadi Süleymanov Azərtac-a bildirib ki, bu il təhsil ocağını bitirən 97 məzundan 90 nəfəri ali məktəblərə keçirilən imtahanlarda iştirak edib. Qəbul imtahanlarında məzunlardan 85-ə yaxını keçid balını toplaya bilib. Onlardan 23 nəfəri 500-600 arası, 13 nəfəri isə 600-dən çox bal toplayıb. Vidadi Süleymanov qeyd edib ki, təhsil ocağı 2007/2008-ci və 2012/2013-cü tədris illərində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqələrinin qalibi olub: “Məktəb-liseyin müəllimlərindən müxtəlif illərdə 7 nəfər “Ən yaxşı müəllim” müsabiqələrinin qalibi adını qazanıb, 2 nəfər “Əməkdar müəllim” adına layiq görülüb, 2 nəfər “Tərəqqi” medalı ilə təltif edilib. Məktəbin şagirdləri hər il bilik yarışmalarında yüksək nəticələr göstərirlər. Məzunlarımız yüksək balla respublikanın müxtəlif ali məktəblərinə qəbul olunurlar. Hazırda məktəbimizin 6 yetirməsi Prezident təqaüdçüsüdür”. Qazanılan uğurları dövlətin təhsilin inkişafına göstərdiyi qayğının nəticəsi kimi qiymətləndirən Vidadi Süleymanov yeni tədris ilində nailiyyətləri daha da yüksəltməyə çalışacaqlarını bildirib. Qəbul imtahanlarında 679 bal toplayan məktəb-liseyin məzunu Günel İsmayılova bu uğura çox çalışmaqla nail olduğunu deyib: “Qəbul imtahanlarına çox ciddi hazırlaşırdım. Sınaq imtahanlarında yüksək bal yığdığım üçün qəbul imtahanında da uğur qazanacağıma əmin idim. İstəyim isə ingilis dili müəllimi olmaqdır”. Məktəb-liseyin digər məzunu İsmayıl Məmmədzadə qəbul imtahanlarında 640 bal toplayıb. “Arzum Azərbaycan Diplomatiya Akademiyasında kompyuter mühəndisliyi ixtisasına yiyələnməkdir. Çalışacam ki, müəllimlərimin, valideynlərimin etimadını doğruldum, ölkəmiz üçün lazımlı bir mütəxəssis kimi yetişim” – deyə, İ.Məmmədzadə bildirib. Məktəb-liseyin digər məzunu Gülzar Sadıqovanın arzusu isə Azərbaycan Dillər Universitetində təhsil almaqdır: “Sınaq imtahanlarında 500-600-dən yuxarı bal toplayırdım. Qəbul imtahanında gözlədiyim nəticəni əldə etdim, 634 bal yığdım. Arzum universiteti bitirdikdən sonra təhsilimi magistraturada davam etdirmək, ali məktəbdə müəllim işləməkdir”.xeber100.com

İyul 29, 2016 3:27

Sosial-iqtisadi inkişafının sürətləndirilməsi məsələləri müzakirə edilib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı və Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli Qərarının icrası ilə bağlı həmin rayonların icra hakimiyyəti başçısının müavinləri və baş memarları ilə növbəti görüş keçirilib. Komitənin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, sədr Abbas Ələsgərov Qərarın respublika ərazisində ilk dəfə olaraq reallaşdırılan “pilot layihə”yə aid hissədə icrası və bundan irəli gələn işlər barədə bu formatda müzakirələrin aparılması artıq ənənə halı aldığını deyib. O, növbəti iclasın keçirilməsində əsas məqsədin layihənin icrasına başlanılmasından ötən 4 ay ərzində görülən işlər, komitə və baş memarlar arasındakı birgə fəaliyyət, meydana çıxan çətinliklərin aradan qaldırılması yolları barədə fikir mübadiləsi aparmaqdan ibarət olduğunu vurğulayıb. A.Ələsgərov qeyd edib ki, Qərar tikinti işlərinin aparılması sahəsində rayon icra hakimiyyətlərinin bu günə qədər mövcud olan səlahiyyətlərini, eyni zamanda, məsuliyyətini artırıb. İndiyədək Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilən bir sıra işlər rayon icra hakimiyyətlərinə həvalə olunub. Bu məsuliyyəti düzgün dərk etmək və göstərilən etimadı doğrultmaq üçün fəal işləmək lazımdır. Bildirib ki, bu layihə çərçivəsində yararsız vəziyyətə düşmüş 1000-ə yaxın yaşayış binası sökülməli, 30 mindən artıq sakin köçürülməli, bir milyon kvadratmetrə yaxın yaşayış sahəsi tikilməlidir. Komitə tərəfindən tikintisi nəzərdə tutulmuş 32 obyekt üzrə planlaşdırma tövsiyələri razılaşdırılıb və bu iş gündəlik olaraq aparılır. Bu günə qədər təqdim edilmişlərdən yalnız 1-2 obyektlə bağlı məsələlər açıq qalıb. Komitənin müvafiq əməkdaşlarının müəyyən olunmuş ərazilərdə söküntü işləri ilə bağlı monitorinq apardığını bildirən A.Ələsgərov bu işin ləng getməsindən narahatlığını dilə gətirib. Bir daha şəhərsalmada əsas göstəricinin 1 hektara düşən tikinti sıxlığı və yaşayış evləri üçün ayrılmış ərazinin tikinti əmsalı olduğunu deyən A.Ələsgərov qeyd edib ki, bu göstəricilər hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2014-cü il tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”la tənzimlənir. Sənədə bir sıra düzəlişlərin edilməli olduğunu nəzərə çatdıran komitə sədri bu Qaydaların müvafiq tikinti norma və qaydalarından köçürüldüyünü və məhz sonuncu texniki-normativ sənəddəki bütün müddəaların toplu halında nəzərə alınmalı olduğunu vurğulayıb. Bu zaman hər bir obyekt üzrə ərazinin tikinti sıxlığı əmsalının 2,7 hesabı ilə götürülə bilməsini və bu barədə müvafiq qaydada müraciət olunduğunu iclas iştirakçılarının diqqətinə çatdırıb. Komitə sədri bildirib ki, məhəllələrin tikinti planlaşdırma layihələrinin (5 hektara qədər, lakin 1 hektardan az olmamaqla) əsas şəhərsalma normativləri əsasında hazırlanması tövsiyə olunur.xeber100.com  

İyul 26, 2016 2:50

Milli Mətbuat Günü qeyd olunub

Qubada 22 İyul - Milli Mətbuat Günü və rayonda nəşr olunan “Şəfəq” qəzetinin 95 illik yubileyi qeyd olunub. Azərtac xəbər verir ki, Yeni Azərbaycan Partiyasının Quba rayon təşkilatının inzibati binasında keçirilən mərasimdə yerli icra hakimiyyətinin rəhbər şəxsləri, “Şəfəq” qəzetinin kollektivi, regiondakı mətbuat və media qurumlarının əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən Milli Məclisin deputatı Yevda Abramov Azərbaycan Prezidentinin qayğısı sayəsində milli mətbuatımızın sürətlə inkişaf etdiyini bildirib. Qeyd olunub ki, dövrün nəbzini tutmağı bacaran, əsil həqiqətləri dünya ictimaiyyətinə dolğun şəkildə çatdıran jurnalist kadrlar yetişib. Azərbaycan mətbuatının bir parçası olan “Şəfəq” qəzeti də rayonun sosial-iqtisadi və mədəni həyatında baş verən bütün yenilikləri, aparılan islahatları, görülən quruculuq işlərini oxuculara çatdırır. Mərasimdə bildirilib ki, 141 il əvvəl əsası Həsən bəy Zərdabi tərəfindən qoyulan Azərbaycan mətbuatı ötən hər ildə yeni-yeni keyfiyyət göstəriciləri əldə edib. Bu isə özünü bölgə nəşrlərinin timsalında da göstərir. Diqqətə çatdırılıb ki, 1921-ci ilin aprel ayından müxtəlif adlarla nəşr olunan “Şəfəq” qəzeti özünəməxsus dəst-xətti ilə seçilib. Yaradıcı kollektiv hadisə və proseslərə daim peşəkar yanaşma tərzi nümayiş etdirib. Fərəhləndirici haldır ki, bu illər ərzində qəzetin 8300-ə yaxın nömrəsi çapdan çıxıb. Qəzetin belə şərəfli yol keçməsində müxtəlif illərdə onun redaktorları olan Hüseynağa Məmmədbəyli, Qafar Rəcəbli, Nağı Cəfərov, Hüseynqulu Kazımlı, Mövlud Qonaqov, Əlihadı Kərimov, Camal Balayev, Mahmud Ağalarov, Məmmədpaşa Mirzəyev, Nadir Xəlilov və Elmira Aşurovanın xidmətləri əvəzsizdir. Tədbir çərçivəsində regionda çalışan bir sıra jurnalistlər Milli Mətbuat Günü münasibətilə Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının fəxri fərmanları ilə təltif olunublar.xeber100.com

İyul 22, 2016 3:05

III Beynəlxalq şirniyyat festivalının açılış mərasimi olacaq

Festivallar şəhəri kimi tanınan qədim Şəki bu gün, iyulun 20-də yenidən öz qapılarını beynəlxalq festival iştirakçılarının üzünə açır. Azərtac xəbər verir ki, axşam saatlarında XVIII əsrə aid qədim tarixi-memarlıq abidəsi “Yuxarı Karvansaray” mehmanxana kompleksinin həyətində III Beynəlxalq ənənəvi şirniyyat festivalının təntənəli açılış mərasimi olacaq. Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən festivalda respublikamızın 20 şəhər və rayonunun, həmçinin 10 ölkənin, o cümlədən Türkiyə, İndoneziya, Fransa, Hindistan, Yunanıstan, Rusiya Federasiyasının Çuvaşıya Respublikası, Özbəkistan, İran, Ukrayna və Qananın şirniyyatçıları iştirak edirlər. TÜRKSOY tərəfindən Şəki şəhərinin 2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar builki festivalın iştirakçıları arasında türkdilli ölkələrdən gəlmiş qənnadıçılar da var. “Yuxarı Karvansaray” kompleksinin həyətində təşkil edilən sərgilərdə şirniyyatçılar əvvəlcədən hazırladıqları qənnadı məhsullarını nümayiş etdirəcəklər. Festival iştirakçılarının təqdim etdikləri şirniyyat nümunələri münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və fərqlənən şirniyyatçılar mükafatlandırılacaq.xeber100.com

İyul 20, 2016 12:02