“Keşlə” futbol klubu “Qəbələ” komandasını qəbul edib

Oktyabrın 26-da futbol üzrə Azərbaycan Premyer Liqasının doqquzuncu turunun birinci görüşündə “Keşlə” doğma meydanda “Qəbələ”ni qəbul edib.Azərtac xəbər verir ki, “ASCO Arena”da keçirilən oyuna meydan sahibləri daha fəal başlayıblar. Görüşün 1-ci dəqiqəsində “Keşlə”nin hücumçusu Lorenzo Frutos hesabı açıb. Meydan sahibləri növbəti dəfə oyunun 42-ci dəqiqəsində fərqləniblər. “Keşlə”nin paraqvaylı yarımmüdafiəçisi Sezar Meza Kolli komandasının ikinci qolunu vurub. Birinci hissə elə bu hesabla bitib - 2:0.Matçın 58-ci dəqiqəsində qonaq komanda vurulan qollardan birinin əvəzini çıxıb. “Qəbələ”nin mərkəz hücumçusu Davit Volkov hesab arasındakı fərqi azaldıb. Lakin qonaqların bundan artığına gücləri çatmayıb.Beləliklə, “Keşlə” doğma meydanda “Qəbələ”ni 2:1 hesabı ilə məğlub edib.Günün digər matçı “Bank Respublika Arena”da baş tutacaq. Bu görüşdə “Sabah” və “Zirə” klubları üz-üzə gələcəklər.Oktyabrın 27-də “Kapital Bank Arena”da təşkil olunacaq “Sumqayıt”–“Neftçi” oyunu saat 17:30-da başlayacaq. Həmin gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ”-“Səbail” oyunu ilə tura yekun vurulacaq. Qarşılaşma saat 19:00-da start götürəcək.Turun bütün görüşləri "CBC Sport" kanalı ilə birbaşa yayımlanacaq.Səkkiz turdan sonra turnir cədvəlinə 22 xalla “Qarabağ” klubu başçılıq edir. Hesabında 15 xal olan “Keşlə” ikinci, 14 xal olan “Neftçi” isə üçüncü yerdə qərarlaşıblar. Digər pillələrdə müvafiq olaraq “Səbail” (10), “Sumqayıt” (10), “Zirə” (8), “Qəbələ” (6) və “Sabah” (6) yer alıblar.xeber100.com

Oktyabr 26, 2019 6:45

Azərbaycan Aykido Federasiyasının məlumatına görə…

Oktyabrın 26-da Azərbaycan Aykido Mərkəzində Avrasiya Aykido Təşkilatını yaradıcısı və texniki direktoru Nəbi Vuralın rəhbərliyi altında beynəlxalq seminar keçirilib.Azərtac xəbər verir ki, seminara Bakı, Gəncə, Oğuz, Şəki, Göyçay, Lənkəran və Astaradan idmançı və məşqçilər qatılıblar. Ümumilikdə seminarda 200 nəfər iştirak edib.Azərbaycan Aykido Federasiyasının prezidenti, 6-cı dan Sensey Fərhad Ələsgərov deyib: “Ənənəvi olaraq hər il keçirdiyimiz seminara Avrasiya Aykido Təşkilatının yaradıcısı və texniki direktoru Nəbi Vural dəvət edilir. Seminarda Ukrayna, Rusiya, İrandan idmançı və məşqçilər iştirak edirlər. Eyni zamanda, ölkəmizin bir çox regionlarından seminara qatılanlar var. Seminarı keçirməkdə məqsədimiz Azərbaycanda aykidonun və özünümüdafiə fəlsəfəsinin inkişafıdır. Seminarda uşaqlar, gənclər, böyüklər və yaşlılar iştirak edirlər. Növbəti seminarın dekabrda keçirilməsi planlaşdırılır”.N.Vural 40 ildən artıqdır aykido ilə məşğul olur. O, Fransada ustad N.Tamuranın rəhbərliyi altında idmanın bu növünün sirlərini öyrənməyə başlayıb. Ustad N.Tamura aykidonun banisi O-Sensey Morihey Ueşibanın tələbəsi olub. N.Vuralı ölkəmizə Azərbaycan Aykido Federasiyasının prezidenti 6-cı dan Sensey Fərhad Ələsgərov dəvət edib.xeber100.com

Oktyabr 26, 2019 6:38

Oktyabrın 26-na gözlənilən hava proqnozu açıqlanıb

Ölkə ərazisində oktyabrın 26-na gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15°, gündüz 19-22° isti, Bakıda gecə 12-14°, gündüz 19-21° isti olacaq. Atmosfer təzyiqi 765 millimetr civə sütunundan 760 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin gecə və axşam bəzi şimal və şərq rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 20-24° isti, dağlarda gecə 4-9°, gündüz 12-16° isti olacağı ehtimal edilir.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, oktyabrın 26-27-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10°, gündüz 19-24° isti olacaq.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-9°, gündüz 12-16° isti olacağı ehtimal edilir.Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 8-13°, gündüz 19-24° isti olacağı proqnozlaşdırılır.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərində gün ərzində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-11°, gündüz 16-21° isti, dağlarda gecə 0-4°, gündüz 8-13° isti olacağı bildirilir.Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 20-24° isti olacağı gözlənilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarının bəzi yerlərində gün ərzində şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 12-15°, gündüz 18-23° isti, dağlarda gecə 6-9°, gündüz 10-15° isti olacağı ehtimalı var.xeber100.com

Oktyabr 25, 2019 3:32

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının iclası keçiriləcək

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) növbəti iclası bu gün Şanxayda keçiriləcək. İclasda 2021-ci ildə çimərlik futbolu üzrə dünya çempionatının harada keçiriləcəyi müəyyən edilməlidir. Turnirə Çili, Rusiya və Salvador ev sahibliyi etmək iddiasındadır.Azərtac xəbər verir ki, iclasın Şanxayda keçirilməsi səbəbsiz deyil: 2021-ci ildən etibarən yeni formatda keçiriləcək klublararası dünya çempionatını ilk dəfə məhz Çində keçirmək planlaşdırılır. Əsas dəyişiklik ondan ibarətdir ki, iştirakçı komandaların sayı artırılaraq, 7-dən 24-ə çatdırılıb.FIFA Şanxayda həm də 17 yaşa qədər və 17-20 yaşlı oyunçular arasında dünya çempionatlarının keçiriləcəyi yerləri də müəyyən edəcək. Çimərlik futbolu üzrə dünya çempionatının harada keçirilməsi məsələsinə gəldikdə, Rusiya Futbol İttifaqı (RFİ) bu turnirə ev sahibliyi etmək üçün öz sifarişini hələ iyun ayında təsdiq edib. RFİ-nin baş katibi Aleksandr Alayev deyib: “RFİ İcraiyyə Komitəsi bu idman növü üzrə ən prestijli və yüksəkstatuslu turnir olan 2021-ci il dünya çempionatının keçirilməsi üçün Moskvanın sifarişini bəyənib. Biz əminik ki, iddiaçı kimi gəlmək üçün hər cür şansımız var”.Çimərlik futbolu üzrə ilk dünya çempionatı 1995-ci ildə keçirilib. 2005-ci ilə qədər hər il keçirilən çempionat sonradan iki ildə bir dəfə keçirilməyə başlandı. İndiyə qədər Braziliya bu turnirə 13 dəfə, Fransa, BƏƏ, İtaliya, Taiti, Portuqaliya və Baham adaları hərəsi bir dəfə ev sahibliyi edib. 2019-cu ilin dünya çempionatı noyabrın 21-dən dekabrın 1-dək Paraqvayda keçiriləcək. Rusiya yığması bu çempionatların tarixində iki dəfə (2011, 2013-cü illərdə) qalib gəlib.FIFA-nın iclasında 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatı matçlarının təqvimi də təsdiq ediləcək. Yay vaxtı Qətərdə havanın temperaturunun çox yüksək olması nəzərə alınaraq, turnirin keçirilmə müddəti ilin son aylarına dəyişdirilib. Beləliklə, 2022-ci ildə dünyanın ən yaxşı yığmaları bu turnirdə mükafatlar uğrunda noyabrın 21-dən dekabrın 18-dək mübarizə aparacaqlar.Bugünkü iclasda 2030-cu il dünya çempionatının sifariş kampaniyasının müddəti də müəyyən ediləcək. Bir qədər əvvəl Argentina, Çili, Paraqvay və Uruqvay həmin çempionatın keçirilməsi üçün birgə sifariş vermək arzusunda olduqlarını bildiriblər.

Oktyabr 24, 2019 2:46