“Avro-2020”nin səkkizdəbir final mərhələsinə start veriləcək

İyunun 26-da keçiriləcək iki oyunla “Avro-2020”nin səkkizdəbir final mərhələsinə start veriləcək.Azərtac xəbər verir ki, günün Bakı vaxtı ilə saat 20:00-da başlayacaq birinci oyunu Uels və Danimarka yığmaları arasında olacaq. Amsterdamdakı “Yohan Kroyf Arena”da keçiriləcək görüşü almaniyalı FIFA referisi Daniel Zibert idarə edəcək. Bu qarşılaşmanın qalibi dörddəbir final matçını Bakıda oynayacaq. Rəqib isə Niderland - Çexiya duelinin qalibi olacaq.A qrupunu ikinci pillədə tamamlayaraq, pley-off-a yüksələn Uels yığması artıq Bakıda iki oyun keçirib. Bakı Olimpiya Stadionunda birinci oyunda İsveçrə ilə 1:1 hesablı heç-heçə edən uelslilər ikinci görüşdə Türkiyə millisinə qalib gəlib - 2:0.İkinci oyunda isə İtaliya və Avstriya yığmaları üz-üzə gələcəklər. İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçın baş hakimi ingiltərəli Entoni Teylor olacaq. Mərhələni keçən kollektiv dörddəbir finalda Belçika - Portuqaliya cütünün qalibi ilə qarşılaşacaq.Xatırladaq ki, İtaliya A qrupunda keçirdiyi görüşlərin üçünü də qələbə ilə başa vurub. Apennin təmsilçisi qrupda Türkiyə (3:0), İsveçrə (3:0) və Uels (1:0) millilərinə qalib gəlib.C qrupunda mübarizə aparan Avstriya millisi Şimali Makedoniya (3:1) və Ukrayna (1:0) seçmələrinə qalib gəlsə də, Niderlanda 0:2 hesabı ilə uduzaraq qrupu ikinci sırada başa vurub.xeber100.com

İyun 26, 2021 10:15

Beynəlxalq Şahmat Federasiyası seçim sistemlərini eyniləşdirməyə çalışır

Beynəlxalq Şahmat Federasiyası (FIDE) kişilər və qadınlar arasında keçirilən dünya tacı matçı üçün seçim sistemlərini eyniləşdirməyə çalışır.Azərtac xəbər verir ki, bu barədə FIDE prezidenti Arkadi Dvorkoviç TASS informasiya agentliyinə açıqlamasında bildirib.O, qeyd edib ki, qadınlar arasında Qran-Pri seriyasının təşkili ideyası əsasən, şahmat tacı matçı üçün sistemin həm kişilər, həm də qadınlar arasında eyniləşdirmək istəklərindən irəli gəlib. Belə ki, qadınlar arasında, ümumilikdə turnir az keçirildiyinə görə Qran-Prinin təşkili qərara alınıb. Bu yarış qabaqcıl şahmatçılara həmişə yarışlarda mübarizə aparmaq imkanı yaradıb.Qadınlar arasında Qran-Pri seriyasında Azərbaycan şahmatçısı Günay Məmmədzadə iştirak etsə də, mükafatçılar sırasına düşə bilməyib.Seriyanın 2020-ci ildə müxtəlif ölkələrdə baş tutan dörd mərhələsinin qalibləri, müvafiq olaraq hindistanlı Humpi Koneru (Moskva), rusiyalı Aleksanra Kostenyuk (Monako), gürcüstanlı Nana Dzaqnidze (Lozanna), qazaxıstanlı Jansaya Abdumalik (Cəbəllütariq) olublar.FIDE prezidenti onu da qeyd edib ki, ümumilikdə Qran-Prinin keçirildiyi dörd şəhərin hamısı çox yaxşıdır. Amma seriyanın mərhələ yarışları üçün müraciət edənlər olacaqsa, keyfiyyətinə görə məkanlar seçiləcək.xeber100.com    

İyun 25, 2021 2:39