İtaliya A Seriyasının XXXVII tur matçında “İnter” “Yuventus”un qonağı olub

Mayın 15-də futbol üzrə İtaliya A Seriyasının XXXVII tur matçında çempion "İnter" "Yuventus"un qonağı olub.Azərtac xəbər verir ki, Turindəki "Alyants Stadium"da keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:2. Baş hakim Canpaolo Kalvareze ümumilikdə üç dəfə penalti nöqtəsini, 2 dəfə isə qırmızı vərəqə göstərib.Hesabı 24-cü dəqiqədə Kriştiano Ronaldo açıb. "Yuventus"un hücumçusunun yerinə yetirdiyi penaltini "İnter"in qapıçısı Samir Handanoviç qaytarsa da, təkrar zərbə dəqiq olub. Bu, portuqaliyalı forvardın karyerasında 777-ci qolu olub.Oyunun 35-ci dəqiqəsində Romelu Lukaku penalti ilə bərabərlik qolunu vurub. Lakin 45+4-cü dəqiqədə Xuan Kuadrado meydan sahiblərini yenidən hesabda irəli çıxarıb.Matçın 56-cı dəqiqəsində Rodriqo Bentankur ikinci sarı vərəqəni alaraq, "Yuventus"u azlıqda qoyub. Qarşılaşmanın 84-cü dəqiqəsində Corco Kyellini topu öz qapısına göndərib. Bununla belə, Kuadrado 88-ci dəqiqədə qələbə topunu vurmağa müvəffəq olub. Oyunun 90-cı dəqiqəsində isə Martselo Brozoviç qırmızı vərəqə alaraq, "İnter"i oyunu 10 futbolçu ilə bitirməyə məcbur edib.Bu qələbədən sonra "Yuventus" 75 xalla UEFA Çempionlar Liqasına vəsiqə verən 4-cü pilləyə ən azı bir günlük yüksəlib. "İnter" isə 88 xalla 1-ci pillədədir və çempionluğu daha erkən təmin edib.Bu nəticə həm də 67 xalla 6-cı pillədə gedən "Latsio"nun UEFAÇempionlar Liqasına yüksəlmə şanslarının üstündən xətt çəkib. "Latsio" bu gün "Roma" ilə səfər oyununda ən yaxşı halda 5-ci yer uğrunda mübarizə aparacaq. Bu pillənin hazırkı sahibi, 73 xala malik "Napoli" isə mayın 16-da "Fiorentina" ilə səfər matçında qalib gələrək, yenidən "Yuventus"u keçməyə çalışacaq. “Yuventus”la eyni xala malik “Milan” isə şəxsi oyunlarda daha üstün olduğundan üçüncü pillədə qərarlaşıb. Milanlılar sabah öz meydanında “Kalyar”nı qəbul edəcək. “Rossoneri”lər bu oyunda qalib gələrsə UEFA Çempionlar Liqasına vəsiqəsini sona bir tur qalmış təmin edir.xeber100.com

May 15, 2021 2:11

Azərbaycan Premyer Liqasında XXVII tura yekun vurulub

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII tura yekun vurulub.Azərtac xəbər verir ki, eyni saatda start götürən son 3 matçın ikisində meydan sahibləri, birində qonaqlar qələbə qazanıblar.Lider "Qarabağ" klubu "Azərsun Arena"da "Keşlə"ni 2 cavabsız qolla məğlub edib. Qolları 47-ci dəqiqədə Mahir Emreli, 74-cü dəqiqədə Kvabena Ovusu vurublar. Emreli 80-ci dəqiqədə penaltidən yararlana bilməyib.İkinci pillədə qərarlaşan "Neftçi" Sumqayıtda eyniadlı komandaya minimal hesabla qalib gəlib. Yeganə qola ilk hissənin əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə Voyislav Stankoviç imza atıb."Zirə" isə evdə "Səbail" üzərində 2:0 hesablı qələbə qazanıb. 58-ci dəqiqədə Ağabala Ramazanov komandasını önə çıxarıb. 6 dəqiqə sonra isə Nemanya Ancelkoviç 2-ci topu rəqibin qapısından keçirib.Bu nəticələrdən sonra "Qarabağ" (57 xal) və "Neftçi" (56 xal) mövqelərində qalıb. "Zirə" 38 xalla 3-cü pilləyə yüksəlib. 36 xalı olan "Sumqayıt" isə 4-cü sıraya geriləyib. Beləliklə, çempion, vitse-çempion və bürünc medalçı son turda məlum olacaq. Axırıncı turda "Neftçi" - "Qarabağ", "Sabah" - "Zirə", "Səbail" - "Sumqayıt" və "Keşlə" - "Qəbələ" matçları keçiriləcək. Bütün oyunlar mayın 19-da olacaq.Qeyd edək ki, günün ilk oyununda "Qəbələ" evdə "Sabah"la məhsuldar heç-heçə edib - 2:2.xeber100.com

May 14, 2021 2:16

Futbol üzrə UEFA Çempionlar Liqası final oyunu ilə bağlı qərarını açıqlayıb

Mayın 13-də futbol üzrə UEFA Çempionlar Liqasının final oyunu ilə bağlı yekun qərarı açıqlanıb.Azərtac Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, həlledici matç koronavirus pandemiyası səbəbindən Türkiyənin İstanbul şəhərindən alınaraq Portuqaliyaya verilib.Final qarşılaşması mayın 29-da Portu şəhərindəki “Draqau” stadionunda olacaq. Hər klubun 6 min azarkeşi oyunu tribunadan izləyə biləcək. UEFA-nın azarkeş sayı ilə bağlı yekun qərarı daha sonra bəlli olacaq.Görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. Finalda İngiltərənin “Mançester Siti” və “Çelsi” komandaları üz-üzə gələcək.Matçın daha əvvəl Atatürk Olimpiya Stadionunda keçirilməsi planlaşdırılıb. UEFA görüşün İngiltərədə təşkilinin də nəzərdə tutulduğunu, lakin karantin tədbirləri üzündən danışıqların nəticəsiz qaldığını bildirib.Avropa futbol qurumu anlayışa görə Türkiyə tərəfinə təşəkkür edib və İstanbul şəhəri üçün gələcək imkanların nəzərdən keçiriləcəyini vurğulayıb.Qeyd edək ki, Türkiyə hökuməti mayın 3-də 16 ölkədən, o cümlədən Böyük Britaniyadan gələnlər üçün mənfi nəticəli PCR testləri təqdim etmələrinə dair tələbi ləğv edib. Bu qərar mayın 15-dən qüvvəyə minəcək. Bununla yanaşı, Türkiyə koronavirus infeksiyası üzündən “qırmızı zona”ya düşüb. Bu ölkədən Böyük Britaniyaya gedənlər mehmanxanada 10 gün öz hesablarına qalmalıdırlar.xeber100.com

May 13, 2021 4:37