Milli Basketbol Liqasında play-off oyunları bərpa ediləcək

İki günlük fasilədən sonra basketbol həvəskarları Milli Basketbol Liqasında (MBA) yenidən play-off oyunlarını izləyəcəklər. ABŞ-da baş qaldıran növbəti irqçilik qalmaqalına görə oyunları boykot edən basketbolçuları nəhayət ki, meydana çıxmağa razı salan tapılıb. Eyni sözləri Milli Hokkey Liqasına da aid etmək olar.Azərtac xəbər verir ki, MBA-da play-off oyunları yenidən bərpa ediləcək. Bu barədə liqa rəhbərliyi məlumat yayıb. Bir neçə gün əvvəl Amerika polisinin qaradərili vətəndaşa atəş açmasından sonra ölkəni bürüyən etiraz dalğası MBA oyunlarına da mənfi təsir göstərib. İki gün əvvəl “Miluoki” basketbolçuları “Orlando” ilə seriyanın 5-ci oyununa çıxmaqdan imtina etmişdi. Bir neçə saat sonra “Oklahoma Siti” ilə “Hyuston” basketbolçuları analoji addım atmışdı. Vəziyyətin nəzarətdən çıxdığını görən MBA rəhbərliyi play-offu qeyri-müəyyən müddətə təxirə salmaq qərarına gəlib. Təbii ki, bu proses çox uzun sürə bilməzdi. Onsuz da koronavirus pandemiyası liqanı yetərincə geriyə salmışdı. Belə bir məqamda basketbolçularla liqa rəhbərliyi arasında vasitəçi rolu oynamağa hazır olan kimsə önə çıxmalı idi. Amerika mətbuatının məlumatına görə, bu mənada “Şarlott”un sahibi, assosiasiyada yeganə qaradərili funksioner - Maykl Cordan xüsusi rol oynayıb.Elə basketbolçular arasında “Oklahoma Siti”nin oyun qurucusu Kris Polla “Mayami”nin forvardı Andre İqudala da liqanın bərpası üçün həmkarları ilə danışıq aparıb. Yeri gəlmişkən, oxşar vəziyyət MHL-də yaranmışdı. Ölkənin bütün peşəkar liqalarında oyunların dayandırılmasını görən MHL rəhbərliyi analoji qərar vermək qərarına gəlib. Vəziyyət qaydasına düşəndən sonra onlar da avqustun 29-da play-off oyunlarını bərpa etməyə razılaşıblar.xeber100.com

Avqust 29, 2020 7:03