Azərbaycan kuboku uğrunda yarışın dörddəbir final mərhələsində

Dekabrın 20-də futbol üzrə Azərbaycan kuboku uğrunda yarışın dörddəbir final mərhələsinin son iki cavab oyunu keçiriləcək.Azərtac xəbər verir ki, “Kapital Bank Arena”da keçirilən birinci oyunda “Sumqayıt” klubu “Neftçi” komandasını qəbul edəcək. Saat 17:00-da start götürəcək qarşılaşmanın baş hakim funksiyasını Rəvan Həmzəzadə yerinə yetirəcək.Komandalar arasında birinci oyunda sumqayıtlılar minimal hesabla qalib gəliblər – 1:0.Günün sonuncu qarşılaşmasında isə “Keşlə” komandası “ASCO Arena”da “Qarabağ” ilə görüşəcək. Rauf Cabbarovun idarə edəcəyi oyun saat 20:00-da başlayacaq.Bu komandaların birinci görüşündə “Qarabağ” rəqibini 1:0 hesabı ilə məğlub etmişdi.Qeyd edək ki, Azərbaycan kuboku uğrunda yarışın digər yarımfinalçıları “Qəbələ” və “Zirə” komandalarıdır. “Qəbələ” dörddəbir finalda “Sabah”ı (3:0, 3:2), “Zirə” isə “Səbail”i (0:0, 1:0) mübarizədən kənarlaşdırıb.Yarışın birinci yarımfinal qarşılaşmasında “Qəbələ” və “Zirə” komandaları üz-üzə gələcəklər. Digər yarımfinal matçında isə bugünkü oyunların qalibləri qarşılaşacaqlar. Yarımfinal mərhələsinin oyunları aprelin 22-də, cavab görüşləri isə bir həftə sonra təşkil ediləcək.Xatırladaq ki, Azərbaycan kuboku uğrunda turnirin sonuncu qalibi finalda “Sumqayıt” klubuna 1:0 hesabı ilə məğlub edən “Qəbələ” komandası olub.xeber100.com

Dekabr 20, 2019 2:34

“Judo Club 2012” idman klubunun məlumatı əsasında…

Gürcüstanın Zuqdidi şəhərində cüdo üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçirilib. Yarışda Azərbaycanla yanaşı, Gürcüstan, Dağıstan, İnquşetiya və Ermənistandan 150-yə yaxın idmançı qüvvəsini sınayıb.“Judo Club 2012” idman klubundan Azərtac-a verilən məlumata görə, turnirdə ölkəmizi klubun 2003-2010-cu il təvəllüdlü yetirmələri təmsil ediblər.Əməkdar idman ustası, usta cüdoçular arasında dəfələrlə dünya və Avropa çempionu Zaur Paşayevin rəhbərliyi ilə Gürcüstana yollanan komandanın heyətində klubun həkimi Məhəmməd Hüseynzadə və 28 idmançı yer alıb. Klubun yetirmələri beynəlxalq turnirdə müxtəlif yaş qrupları üzrə yarışlarda 3 qızıl və 8 bürünc medal qazanıblar. Qızıl medallara Nicat Eyvazov (34 kq), Ruslan Quliyev (42 kq) və Abduləziz Məmmədov (66 kq) layiq görülüblər. Klubun aktivinə bürünc medalları Mirmehdi Aslanlı (24 kq), Cavanşir Comərdov (38 kq), Amil Həsənov (42 kq), Riad Mustafazadə (42 kq), Mehdi Cəfərov (55 kq), Nurlan Abdullayev (60 kq), Polad Əhmədov (81 kq) və Orxan Ağayev (+87 kq) yazdırıblar.Klubun idmançılarının uğuru bununla da yekunlaşmayıb. Belə ki, “Judo Club 2012”nin üzvü Əli Arzumanlı (38 kq) turnirin ən texnikalı və nizam-intizamlı cüdoçusu adına layiq görülüb.Qeyd edək ki, Əli Arzumanlı bu il Türkiyədə keçirilən “Qara dəniz” beynəlxalq turnirində çempion olub.xeber100.com

Dekabr 19, 2019 1:59

Azərbaycan Voleybol Federasiyasının məlumatı

Lüksemburqda Avropa Voleybol Konfederasiyasının (CEV) baş qərargahında Qızıl və Gümüş Avropa liqalarının yeni mövsümü ilə bağlı iclas keçirilib.Azərbaycan Voleybol Federasiyasından (AVF) Azərtac-a bildiriblər ki, görüşdə CEV prezidenti Aleksandr Boriçiç, qurumun təmsilçiləri, bu yarışlarda mübarizə aparacaq 36 komanda və 23 federasiyanın rəsmiləri iştirak ediblər.İclasda ölkəmiz AVF-nin baş katibi Cəlil Cəfərov və idman şöbəsinin rəhbəri Elnur Məmmədovla təmsil olunub.Toplantıda bildirilib ki, “Dördlər finalı”nın mükafat fondu 305 min avro təşkil edəcək və bu vəsaitin 125 mini qalibə çatacaq. Gələn il baş tutacaq Qızıl Avropa Liqasında 12 qadın və 12 kişi, Gümüş Avropa Liqasında isə 6 qadın və 6 kişi komandası mübarizə aparacaq. Bu liqalar müvafiq olaraq, 3 və 2 qrupa bölünüblər. Qrup mərhələsində oyunlar ev-səfər prinsipi ilə keçiriləcək.Qızıl Avropa Liqasında mübarizə aparacaq qadınlardan ibarət milli komandamız C qrupunda qüvvəsini sınayacaq. Yığmamızın rəqibləri Ukrayna, İspaniya və Rumıniya voleybolçuları olacaqlar. Kişilərdən ibarət Azərbaycan yığması isə Gümüş Avropa Liqasına yarışacaq. A qrupunda yer alan millimiz Finlandiya və Xorvatiya ilə bir qrupda çıxış edəcək.İclasdan sonra CEV rəhbəri A.Boriçiç Azərbaycan nümayəndə heyəti ilə görüşüb. Görüş zamanı ölkəmizdə voleybolun inkişafı üçün görülən işlər, AVF-nin 2020-2024-cü illər üçün hazırladığı inkişaf planı haqqında ətraflı danışıqlar aparılıb. Həmçinin gələn il avrokuboklarda ölkəmizin 2 klubla iştirak etməsi də müzakirə mövzusu olub.xeber100.com

Dekabr 18, 2019 9:48