Yığmalarımızın dünya çempionatı üçün heyəti açıqlanıb

Sentyabrın 6-da güləş üzrə Azərbaycan milli komandalarının mətbuat üçün açıq məşqi olub. Məşq başa çatdıqdan sonra yığmalarımızın dünya çempionatı üçün heyəti açıqlanıb.Azərtac xəbər verir ki, sentyabrın 14-dən 22-dək Qazaxıstanın paytaxtı Nur-Sultanda təşkil olunacaq Olimpiadaya lisenziya xarakteri daşıyan dünya çempionatının yunan-Roma güləşi yarışlarında ölkəmiziEldəniz Əzizli (55 kq), Elman Muxtarov (63 kq), Rəsul Çunayev (67 kq), Sənan Süleymanov (72 kq), Elvin Mürsəliyev (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev (97 kq) və Beka Kandelaki (130 kq) təmsil edəcəklər.Sərbəst güləşçilərin mübarizəsində isə Mahir Əmiraslanov (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Hacı Əliyev (65 kq), Ağahüseyn Mustafayev (70 kq), Hacımurad Hacıyev (74 kq), Cəbrayıl Həsənov (79 kq), Aleksandr Qostiyev (86 kq), Şamil Zubairov (92 kq), Şərif Şərifov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) xalça üzərinə çıxacaqlar.Qadın güləşçilərdən ibarət milli komandamızın heyətində isə Mariya Stadnik (50 kq), Türkan Nəsirova (53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (59 kq), Elmira Qəmbərova (62 kq), Elis Manolova (65 kq), İrina Netrova (68 kq) və Səbirə Əliyeva (76 kq) yer alıblar.Qeyd edək ki, qadın güləşçilərimiz artıq Qazaxıstandadır. Onlar yerli komanda ilə birlikdə təlim-məşq toplanışında iştirak edirlər.xeber100.com

Sentyabr 6, 2019 1:40

Voleybolçular arasında yarımfinalçılar müəyyənləşib

Sentyabrın 4-də Macarıstan, Polşa, Slovakiya və Türkiyənin birgə ev sahibliyi etdiyi qadın voleybolçular arasında Avropa çempionatının yarımfinalçıları müəyyənləşib.Azərtac xəbər verir ki, yarımfinala vəsiqə uğrunda görüşdə Serbiya millisi Bolqarıstanı 3:0, Türkiyə seçməsi Hollandiyanı 3:0, İtaliya yığması Rusiyanı 3:1, Polşa komandası isə Almaniyanı 3:2 hesabı ilə məğlub edib. Növbəti mərhələdə Serbiya millisi İtaliya, Türkiyə yığması isə Polşa ilə qarşılaşacaq.Çempionatın yarımfinal mərhələsinin oyunlarına Türkiyə ev sahibliyi edəcək. Qarşılaşmalar sentyabrın 7-də təşkil olunacaq.Qitə birinciliyinin C qrupunda mübarizə aparan millimiz Xorvatiya, Estoniyanı 3:2, Macarıstan və Rumıniyanı 3:0 hesabı ilə məğlub edib, Hollandiya seçməsinə isə uduzub - 0:3. Azərbaycan millisi 10 xalla qrup ikincisi kimi səkkizdəbir finala yüksəlib. Millimiz növbəti mərhələdə A qrupunda üçüncü olan Bolqarıstan komandası ilə qarşılaşıb. Rəqibinə 0:3 hesabı ilə məğlub olan millimiz Avropa çempionatını 10-cu pillədə başa vurub.Xatırladaq ki, iki il əvvəl Azərbaycan və Gürcüstanın birgə ev sahibliyi ilə keçirilən 30-cu Avropa çempionatında qızıl medalları Serbiya voleybolçuları qazanıblar. Sonrakı yerlərdə Hollandiya, Türkiyə və Azərbaycan komandaları qərarlaşıb.Çempionata sentyabrın 8-də yekun vurulacaq.xeber100.com

Sentyabr 5, 2019 12:17

Boksçular arasında dünya çempionatı start götürəcək

Sentyabrın 8-də Rusiyanın Yekaterinburq şəhərində kişi boksçular arasında dünya çempionatı start götürəcək. 14 gün davam edəcək mundialda Azərbaycan millisi də qüvvəsini sınayacaq.Azərtac Azərbaycan Boks Federasiyasına istinadla xəbər verir ki, ölkəmiz yarışda tam heyətlə təmsil olunacaq. Baş məşqçi Nəriman Abdullayev dünya çempionatında Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (57 kq), Bəxtiyar Qazıbəyov (63 kq), Lorenzo Sotomayor (69 kq), Amin Kuşkov (75 kq), Alfonso Dominqes (81 kq), İsmayıl Yaqubov (91 kq) və Məhəmməd Abdullayevə (91 kq-dan yuxarı) şans verəcək.Bu gün axşam saatlarında Rusiyaya yollanacaq komanda sentyabrın 22-də Vətənə dönəcək.Dünya çempionu Cavid Çələbiyev, Olimpiya mükafatçısı Kamran Şahsuvarlı zədə səbəbindən mundialı buraxacaqlar. Üçqat dünya çempionu Məhəmmədrəsul Məcidov isə peşəkar boksa keçdiyindən millidə yer almayacaq.Qeyd edək ki, dünya çempionatı yeni qaydalara əsasən 8 çəkidə təşkil olunacaq. Yekaterinburqda EXPO Arenada baş tutacaq yarışda 87 ölkədən 450 boksçu mübarizə aparacaq. Açılış mərasimi sentyabrın 8-də olacaq mundialda təsnifat mərhələsinin döyüşləri ayın 9-17-də keçiriləcək. Sentyabrın 18-də boksçular 1/4 final mərhələsinin qarşılaşmalarına çıxacaqlar. Ertəsi gün istirahət edəcək idmançılar sentyabrın 20-də yarımfinal görüşlərini keçirəcəklər. Qaliblərin adına isə ayın 21-də aydınlıq gələcək.xeber100.com

Sentyabr 5, 2019 11:17