Boksçular arasında dünya çempionatı start götürəcək

Sentyabrın 8-də Rusiyanın Yekaterinburq şəhərində kişi boksçular arasında dünya çempionatı start götürəcək. 14 gün davam edəcək mundialda Azərbaycan millisi də qüvvəsini sınayacaq.Azərtac Azərbaycan Boks Federasiyasına istinadla xəbər verir ki, ölkəmiz yarışda tam heyətlə təmsil olunacaq. Baş məşqçi Nəriman Abdullayev dünya çempionatında Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (57 kq), Bəxtiyar Qazıbəyov (63 kq), Lorenzo Sotomayor (69 kq), Amin Kuşkov (75 kq), Alfonso Dominqes (81 kq), İsmayıl Yaqubov (91 kq) və Məhəmməd Abdullayevə (91 kq-dan yuxarı) şans verəcək.Bu gün axşam saatlarında Rusiyaya yollanacaq komanda sentyabrın 22-də Vətənə dönəcək.Dünya çempionu Cavid Çələbiyev, Olimpiya mükafatçısı Kamran Şahsuvarlı zədə səbəbindən mundialı buraxacaqlar. Üçqat dünya çempionu Məhəmmədrəsul Məcidov isə peşəkar boksa keçdiyindən millidə yer almayacaq.Qeyd edək ki, dünya çempionatı yeni qaydalara əsasən 8 çəkidə təşkil olunacaq. Yekaterinburqda EXPO Arenada baş tutacaq yarışda 87 ölkədən 450 boksçu mübarizə aparacaq. Açılış mərasimi sentyabrın 8-də olacaq mundialda təsnifat mərhələsinin döyüşləri ayın 9-17-də keçiriləcək. Sentyabrın 18-də boksçular 1/4 final mərhələsinin qarşılaşmalarına çıxacaqlar. Ertəsi gün istirahət edəcək idmançılar sentyabrın 20-də yarımfinal görüşlərini keçirəcəklər. Qaliblərin adına isə ayın 21-də aydınlıq gələcək.xeber100.com

Sentyabr 5, 2019 11:17

Avropa çempionatının dörddəbir finalçıları müəyyənləşib

Macarıstan, Polşa, Slovakiya və Türkiyənin birgə ev sahibliyi etdiyi qadın voleybolçular arasında Avropa çempionatının dörddəbir finalçıları müəyyənləşib.Azərtac xəbər verir ki, yarımfinala vəsiqə uğrunda görüşdə Serbiya millisi Bolqarıstan, Türkiyə seçməsi Hollandiya, İtaliya yığması Rusiya, Polşa komandası isə Almaniya ilə qarşılaşacaq.Dörddəbir final mərhələsinin bütün görüşləri sentyabrın 4-də keçiriləcək. Bu mərhələnin oyunlarına Türkiyə və Polşa ev sahibliyi edəcək.Çempionatın C qrupunda mübarizə aparan millimiz Xorvatiya, Estoniyanı 3:2, Macarıstan və Rumıniyanı 3:0 hesabı ilə məğlub edib, Hollandiya seçməsinə isə uduzub - 0:3. Azərbaycan millisi 10 xalla qrup ikincisi kimi səkkizdəbir finala yüksəlib. Millimiz növbəti mərhələdə A qrupunda üçüncü olan Bolqarıstan komandası ilə qarşılaşıb. Rəqibinə 0:3 hesabı ilə məğlub olan millimiz Avropa çempionatını 10-cu pillədə başa vurub.Qadınların yarışında final matçı Türkiyədə, kişilərin mübarizəsində isə həlledici qarşılaşma Fransada təşkil olunacaq.Xatırladaq ki, iki il əvvəl Azərbaycan və Gürcüstanın birgə ev sahibliyi ilə keçirilən 30-cu Avropa çempionatında qızıl medalları Serbiya voleybolçuları qazanıblar. Sonrakı yerlərdə Hollandiya, Türkiyə və Azərbaycan komandaları qərarlaşıb.Çempionata sentyabrın 8-də yekun vurulacaq.xeber100.com  

Sentyabr 3, 2019 2:14