Azərbaycan Cüdo Federasiyası: Yeni cüdo mərkəzi fəaliyyətə başlayıb

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yenidənqurmadan sonra yeni cüdo mərkəzi fəaliyyətə başlayıb. Bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib. Bildirilib ki, ölkəmizdə 1972-ci ildən inkişaf etdirilməyə başlayan və ötən il 50 illik yubileyini qeyd edən cüdo idman növünün ilk bölmələrindən biri elə həmin il Sumqayıt şəhərində fəaliyyətə başlayıb. Sumqayıt cüdo bölməsinin əsas mərkəzi uzun illər Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun binasında fəaliyyət göstərib. Sevindirici haldır ki, yenidən qurulan stadionun binasında ən müasir standartlara uyğun olan cüdo təlim mərkəzi də yaradılıb. Artıq oktyabrın 23-dən etibarən cüdo mərkəzi fəaliyyətə başlayıb və Sumqayıt cüdoçuları üçün ilk məşqlər keçirilib. Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə qurulan cüdo mərkəzinin ümumi sahəsi 1900 kvadratmetrdir. Mərkəzdə üç “dojo” (cüdo məşq zalı) mövcuddur. Cüdo məşq zalları Beynəlxalq Cüdo Federasiyasının standartlarına uyğun olan tatamilər ilə təchiz olunub. Mərkəzin fiziki hazırlıq zalı da cüdo idman növü üzrə fiziki hazırlıq məşğələləri üçün hər bir şəraitə uyğundur. Təlim mərkəzində gözləmə zalı, hər zala görə paltardəyişmə otağı, həkim otağı, masaj otağı və sauna mövcuddur. Burada məşqçilərin və digər inzibati işçilərin fəaliyyəti üçün iclas otağı və ofis otaqları təmin edilib. Sumqayıt cüdo təlim mərkəzinin baş məşqçisi İlham Məmmədov bildirib ki, Sumqayıtda uşaqlar, yeniyetmələr və gənclər arasında cüdoya maraq böyükdür: “İlk növbədə, yaradılan yüksək şəraitə görə Prezident İlham Əliyevə Sumqayıt cüdo ictimaiyyəti adından dərin minnətdarlığımızı bildiririk. Cüdo idmançıların yüksək fiziki hazırlığa malik olmaqları ilə yanaşı, həmçinin onların intellektual və mənəvi inkişafına da mühüm töhfə verir. Biz də məşqçilər olaraq ölkə və beynəlxalq səviyyədə regionumuzu təmsil edə biləcək istedadlı cüdoçular və ən əsası layiqli vətəndaşlar yetişdirmək üçün əlimizdən gələni edəcəyik”. Qeyd edək ki, təlim mərkəzində 1500-ə qədər yeniyetmə və gəncin daimi məşq etməsi üçün şərait mövcuddur və onlar müəssisədə işləyən 10-dan yuxarı peşəkar cüdo məşqçilərinin təcrübəsindən faydalanacaqlar.xeber100.com

Oktyabr 25, 2023 3:39

“Formula-1” mövsümünün üç ABŞ mərhələsindən ikincisi başlayır

“Formula-1” üzrə dünya çempionatının 18-ci mərhələsi olan ABŞ Qran-prisinə bu gün Texasın Ostin şəhərindəki "Trass Amerik" avtodromunda start veriləcək. Bu, cari mövsümdə sprint yarışının keçiriləcəyi beşinci ralli olacaq. Dünya çempionatında sprint yarışı üzrə format yenidən dəyişdirilib. Əvvəllər cümə günləri şənbə gününün sprint yarışına vəsiqə verilir və 100 kilometrlik yarışın nəticəsi əsas bazar yarışı üçün başlanğıc mərhələsini təyin edirdisə, indi cümə günü əsas yarışa vəsiqə verilir və şənbə günü ikinci sərbəst yürüş əvəzinə sprint yarışı keçiriləcək. Bazar günü sərbəst yürüş isə qısaldılmış formatda keçiriləcək: birinci 12, ikinci 10, üçüncüsü isə 8 dəqiqə davam edəcək. Sprint üzrə xal sistemi əvvəlki kimi saxlanılıb. Bu xalları ilk 8 pilot alacaq: qalib səkkiz xal, finişə səkkizinci çatan isə bir xal əldə edəcək. Mövsümün əsas suallarının cavabları artıq məlumdur - "Red Bull"un niderlandlı pilotu Maks Ferstappen vaxtından əvvəl üçqat dünya çempionu adını qazanıb, onun komandası isə altıncı dəfə "Konstruktorlar" kubokunu əldə edib. Meksikalı Serxio Peres ("Red Bull") yeddiqat dünya çempionu britaniyalı Lüis Hemiltondan ("Mercedes") 30 xal irəlidədir. "Formula-1"in ikiqat çempionu olan ispaniyalı Fernando Alonso ("Aston Martin") Hemiltondan 11 xal geridədir. Konstruktorlar kubokunda da "Mercedes" (326 xal) və "Ferrari" (298 xal) arasında ikinci yer uğrunda mübarizə davam edir.xeber100.com

Oktyabr 20, 2023 2:46

AVRO-2024-ün seçmə mərhələsində VIII tura yekun vurulub

AVRO-2024-ün seçmə mərhələsində VIII tura yekun vurulub. Son oyun günündə yeddi qarşılaşma keçirilib. A qrupunda Ukrayna millisi Maltanı, İngiltərə yığması İtaliyanı məğlub edib. Qələbə britaniyalıları final mərhələsinə daşıyıb. G qrupunda Macarıstan Avropa çempionatına vəsiqəni vaxtından əvvəl təmin edə bilərdi. Lakin səfərdə Litva ilə heç-heçə edən komanda bunun öhdəsindən gələ bilməyib. Qrupun digər matçında isə Serbiya doğma meydanda Monteneqroya qalib gəlib. H qrupunda Qazaxıstan Finlandiyanı, Sloveniya Şimali İrlandiyanı, Danimarka isə San Marinonu üstələyib. Bu qrupda da bütün suallara son iki turda aydınlıq gələcək. AVRO-2024, seçmə mərhələ VIII tur 17 oktyabr C qrupu 22:45. Malta – Ukrayna - 1:3 22:45. İngiltərə - İtaliya - 3:1 Xal durumu: İngiltərə - 16 (6 oyun), Ukrayna - 13 (7), İtaliya – 10 (6), Şimali Makedoniya – 7 (6), Malta – 0 (7) G qrupu 22:45. Litva – Macarıstan - 2:2 22:45. Serbiya – Monteneqro - 3:1 Xal durumu: Macarıstan – 14 (6), Serbiya – 13 (7), Monteneqro – 8 (6), Litva - 6 (7), Bolqarıstan – 2 (6) H qrupu 20:00. Finlandiya – Qazaxıstan - 1:2 22:45. Şimali İrlandiya – Sloveniya - 0:1 22:45. San Marino – Danimarka - 1:2 Xal durumu: Sloveniya – 19 (8), Danimarka – 19 (8), Qazaxıstan - 15 (8), Finlandiya – 12 (8), Şimali İrlandiya – 6 (8), San Marino – 0 (8) Qeyd edək ki, daha əvvəl ev sahibi Almaniya ilə yanaşı, Belçika, Fransa, Portuqaliya, İspaniya, Şotlandiya, Türkiyə və Avstriya yığmaları Avropa çempionatına vəsiqəni təmin ediblər.xeber100.com

Oktyabr 18, 2023 2:33