Gimnastika Federasiyasının məlumatı

Gələn il aprelin 12-dən 15-dək Bakıda batut gimnastikası, tamblinq və ikili mini batut üzrə 26-cı Avropa çempionatı keçiriləcək.Azərbaycan Gimnastika Federasiyasından Azərtac-a bildiriblər ki, ötən həftə cari ilin sonuncu Avropa çempionatı başa çatdıqdan sonra diqqət 26-cı qitə birinciliyinə yönəlib.Bakıda keçiriləcək batut gimnastikası üzrə Avropa çempionatının yerli təşkilat komitəsinin təşəbbüsü ilə Avropa Gimnastika İttifaqının (UEG) baş direktoru Liza Uortman (Almaniya), batut gimnastikası üzrə texniki komitəsinin prezidenti Vladimir Zeman (Çexiya) və UEG-nin işçi heyəti Milli Gimnastika Arenasında olub.Milli Gimnastika Arenası proqramına tamblinq, ikili mini batut və batut gimnastikası üzrə fərdi və sinxron çıxışların daxil olduğu və iki ildən bir keçirilən Avropa çempionatı üçün ideal məkandır. Birinci Avropa Oyunlarının gimnastika yarışları məhz bu məkanda ən yüksək səviyyədə təşkil edilib. Əminliklə demək olar ki, hər il dünya kubokları seriyalarına uğurla ev sahibliyi edən Azərbaycan bu sahədə zəngin təcrübəyə malik peşəkar təşkilatçıdır.Federasiyanın baş katibi Fərid Qayıbovun rəhbərliyi ilə təşkilatçılar UEG heyətini yarış məkanı, avadanlıq, alətlərlə və onların təklif olunan yerləşdirilmə planı ilə tanış ediblər.Səfər çərçivəsində UEG-nin qlobal tərəfdaşı olan “SmartScoring” şirkətinin təmsilçiləri ilə xalların hesablanması sistemi və yarış cədvəli müzakirə edilib.xeber100.com

Noyabr 3, 2017 11:55

Avropa komanda çempionatı davam edir

Krit adasında (Yunanıstan) Avropa komanda çempionatı davam edir. Çərşənbə günü beşinci turun oyunları keçirilib. Azərtac xəbər verir ki, beşinci tur Azərbaycan şahmatçıları üçün çox uğurlu olub: ölkəmizin kişilərdən ibarət yığması Çexiya komandasına3:1 hesabı ilə, qadınlardan ibarət yığmamız isə israilli rəqiblərinə 2,5:1,5 hesabı ilə qalib gəlib.Kişilərin turnirində Şəhriyar Məmmədyarov və Rauf Məmmədov qalib gəlib, Teymur Rəcəbov və Arkadi Naydiç isə xalları rəqibləri ilə bölüşüblər.Çempionatın başa çatmasına 4 tur qalmış aktivində 9 xal olan Xorvatiya komandası turnir cədvəlində birinci yeri tutur. Dörd yığmanın hərəsinin aktivində 8 xal var. Azərbaycan komandasının topladığı 7 xal isə onun yeddinci yerdə qərarlaşmasına imkan verib.Beşinci turda Azərbaycanın qadınlardan ibarət komandasında Zeynəb Məmmədyarova rəqibinə qalib gəlib, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova və Xanım Balacayeva bu turda heç-heçə oynayıblar.Rusiyanın qadınlardan ibarət yığması yüz faiz nəticə göstərib – 10 xal. Növbəti yerləri hərəsi 8 xal toplamış Gürcüstan, Ukrayna, Polşa və Türkiyə komandaları tutur. Aktivində 6 xal olan Azərbaycan yığması 11-ci yerdədir.Bu gün turnirdə istirahət günüdür. Altıncı turun matçları cümə günü, noyabrın 3-də keçiriləcək. Həmin turda liderlər qrupunda kişilərin turnirində Macarıstan-Xorvatiya, Polşa-Rusiya, Ermənistan-Azərbaycan yığmaları, qadınların turnirində isə Polşa-Rusiya, Gürcüstan-Ukrayna, İtaliya-Türkiyə, Azərbaycan-Rumıniya komandaları qarşılaşacaq.Xatırladaq ki, Avropa komanda çempionatında kişilərdən ibarət 40 komanda və qadınlardan ibarət 32 komanda çıxış edir. İsveçrə sistemi üzrə təşkil olunmuş yarışlar doqquz turdan ibarət olacaq.xeber100.com

Noyabr 2, 2017 11:56