Bədən Tərbiyəsi və İdman Akademiyasının 86-cı ildönümü münasibətilə…

Noyabrın 8-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının fəaliyyətə başlamasının 86-cı ildönümü tamam olur. Akademiya bu əlamətdar günü sosialyönümlü xeyriyyə layihəsinə həsr edib. Belə ki, əlamətdar gün münasibətilə bu ali təhsil ocağında qanvermə aksiyası keçirilib. Azərtac xəbər verir ki, irsi qan xəstəliklərindən, o cümlədən talassemiya və hemofiliyadan əziyyət çəkən insanlara dəstək olmaq və cəmiyyətin diqqətini bu məsələyə yönəltmək məqsədilə keçirilən aksiyada Akademiyanın əməkdaşları və tələbə heyəti iştirak edib. Aksiya çərçivəsində donorlar həkim-hematoloqlar tərəfindən yoxlanışdan keçirildikdən sonra isə qan veriblər. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya və hemofiliya xəstəliklərindən əziyyət çəkən insanlara yardım etmək məqsədilə xüsusi tibb briqadasına təhvil verilib. Könüllü qanvermə aksiyası Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının ardıcıl həyata keçirdiyi sosialyönümlü layihələrdən biridir. Belə layihələrin əsas məqsədi tələbələrin sosial məsuliyyətini artırmaq, onları könüllülüyə və vətənə xidmətə ruhlandırmaqdır. Bu gün 86-cı ildönümünü qeyd edən Akademiya sosialyönümlü layihələrin icrasını bundan sonra da davam etdirəcək.xeber100.com

Noyabr 9, 2016 10:59

Alrosa Kuboku beynəlxalq turniri keçiriləcək

Noyabrın 12-13-də Moskvada güləş üzrə Qitələrarası Kubok - Alrosa Kuboku beynəlxalq turniri keçiriləcək. Komanda yarışı xarakterli turnirdə 23 yaşadək idmançılar 6 çəki dərəcəsində mübarizə aparacaqlar. Bu barədə Azərtac-a Azərbaycan Güləş Federasiyasından məlumat verilib. Artıq qonşu ölkəyə yollanacaq güləşçilərin siyahısı müəyyənləşib. Rusiyanın paytaxtında ümumilikdə Azərbaycan yığmasının idman şərəfini 17 güləşçi qoruyacaq. Qadın güləşçilərin yarışında Azərbaycan, Rusiya, Türkiyə və Özbəkistan komandaları mübarizə aparacaqlar. Baş məşqçi Semyon Çterev və böyük məşqçi Aslan Ağayevin rəhbərliyi altında yığmamızın heyətində Patimat Baqomedova (48 kq), Leyla Qurbanova (53 kq), Tatyana Omelçenko (58 kq), Elmira Qəmbərova (63 kq) və Elis Manolova (69 kq) yer alıblar. Sərbəst güləş yığmamız Moskvada məşqçilər Əsgərxan Novruzov və Arif Abdullayevin rəhbərliyi altında çıxış edəcək. Yığmamızın heyətində Mahir Əmiraslanov (57 kq), Teymur Məmmədov (65 kq), İsmayıl Abdullayev (74 kq), Murad Süleymanov (86 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (97 kq) və Alimaqomed Alixmoyev (125 kq) birincilik uğrunda mübarizə aparacaqlar. Sərbəst güləşçilərin yarışında Azərbaycan, Rusiya, İran, Türkiyə, Özbəkistan və MOİK komandaları yarışacaq. Məşqçilər Zöhrab Abbasov və Turac Hüseynlinin rəhbərliyi altında mübarizə aparacaq yunan-Roma güləşi yığmasının heyətinə Mikayıl Rəhmanov (59 kq), Namaz Rüstəmov (66 kq), Mehrac Kərimov (75 kq), Arif Niftullayev (85 kq), Soslan Fanziyev (98 kq) və Oyan Nəzəriani (130 kq) daxil edilib. Yarışda Azərbaycan, Rusiya, İran, Belarus, Özbəkistan və Moskva komandaları mübarizə aparacaq. Proqrama əsasən, noyabrın 12-də ilkin, bir gün sonra isə final görüşləri keçiriləcək. Yarış Lujniki Olimpiya Kompleksində və “Drujba” Universal İdman Zalında baş tutacaq. Görüşlərin idarə edilməsində Azərbaycanı beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edəcək.xeber100.com

Noyabr 8, 2016 11:39

“Neftçi” “Bakcell Arena”da “İnter”lə üz-üzə gəlib

Noyabrın 5-də Topaz Premyer Liqasının XI turu çərçivəsində günün ikinci qarşılaşması keçirilib. Azərtac xəbər verir ki, Bakı derbisində “Neftçi” “Bakcell Arena”da “İnter”lə üz-üzə gəlib. Üç oyundur xal qazana bilməyən “Neftçi” cari mövsümdə uduzmayan Zaur Svanadzenin yetirmələrinə 2:1 hesabı ilə qalib gəlib. “Neftçi” ilk mövsümdə “İnter”dən aldığı 1:2 hesablı məğlubiyyətin revanşını almağı bacarıb-2:1. Matçın ilk hissəsi komandaların qarşılıqlı hücumları ilə yadda qalsa da, qapılara qol vurulmayıb. İkinci 45 dəqiqəyə meydan sahibləri daha fəal başlayıblar. “Neftçi”nin yeni transferi Yohan Pessali komandasına qol sevinci yaşadıb. O, 53-cü dəqiqədə qonaqların qolkiperi Səlahət Ağayevi məyus etməyi bacarıb-1:0. Meydan sahibləri ikinci qolu 61-ci dəqiqədə penaltidən vurub. Cərimə meydançasından kənarda Zürab Xizanişvilinin əllə oyununu baş hakim Rəvan Həmzəzadə penalti kimi dəyərləndirib. Araz Abdullayev dəqiq zərbə ilə adını tabloya yazdırıb-2:0. Lakin oyunun sonlarına yaxın penaltiyə səbəb olan gürcüstanlı legioner qollardan birinin əvəzini çıxa bilib. O, 90-cı dəqiqədə fərqi birə endirib. Bundan sonra qapılara qol vurulmayıb və oyun meydan sahiblərinin 2:1 xeyrinə başa çatıb. Bu nəticədən sonra “Neftçi” xal ehtiyatını doqquza çatdırıb və ən yaxın qonşusu “Sumqayıt”la fərqi birə endirib. “İnter” isə 20 xalla üçüncüdür.xeber100.com

Noyabr 6, 2016 11:29